Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 09:54

“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi - qardaşlığın təlimi - qardaşlığın uğuru

Qardaş Azərbaycan və Türkiyə arasında əlaqələr artıq dövrünün ən yüksək mərhələsinə gəlib çatıb. Təməli xoş mərama söykənən qardaşlıq, tərəfdaşlıq münasibətləri yüksək etimadı özündə ehtiva etməklə bütün dünya ölkələri üçün bir nümunədir.
Qlobal münaqişələrin baş verdiyi və hegemon dövlətlərin maraqlarının qanlı formada toqquşduğu günümüzdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin bölgədə və dünyada sülh və sabitliyin təmin olunmasında rolu, göstərdiyi səyləri danılmazdır. Region ölkələri ilə münasibətlərin normallaşması və bununla da siyasi, iqtisadi və digər kontekstlərdə uğurların əldə edilməsində qardaş dövlətlər əllərindən gələni əsirgəmirlər. Azərbaycan və Türkiyə beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, faydalı və məntiqli təkliflərlə çıxış edir, birgə layihələrə imza atırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin 15 iyun tarixində imzaladığı Şuşa Bəyannaməsi əlaqələrin dərinləşməsində və möhkəmlənməsində vacib sənəd olmaqla dosta güvən, düşmənə gözdağı oldu. Bu Bəyannamənin imzalanması perspektivdə hər iki ölkənin qarşılıqlı maraqlarının qorunması və beynəlxalq əhəmiyyətli məsələlərdə müştərək addımların atılmasında mühüm rola malik mötəbər bir hadisə idi. Qardaşlığın bəyannaməsi olan Şuşa Bəyannaməsinin diqqətəlayiq və vacib məqamlarından biri də hərbi əlaqələrin daha da inkişaf etdirilməsi və perspektivdə hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri oldu. Bu gün fundamenti sülhə töhfə olan Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, hərb sahəsində də əlaqələri günü-gündən daha da möhkəmlənir. Belə ki, qardaş ölkə ilə tarixi uzun illərə dayanan hərbi əməkdaşlıq sahəsində görülən müntəzəm işlərdən danışsaq, mütləq qeyd etməliyik ki, Azərbaycan Ordusu üçün savadlı zabit kadrlarının yetişdirilməsi, ordunun döyüş hazırlığının artırılması və təkmilləşdirilməsi, hərbi qulluqçular üçün maddi-texniki təminatın daha da yüksəldilməsi, hərbi təhsilin dövrün tələblərinə cavab verməsi və s. mövzularda Türkiyə öz dəstəyini Azərbaycana nümayiş etdirib. Hər kəsə bəllidir ki, Türkiyə bu gün dünyada ən güclü və müasir ordulardan birinə sahibdir. Bu gün dövlət rəhbərliyinin silahlı qüvvələrin müasir tələblər çərçivəsində qurulması və modernləşdirilməsi istiqamətində qarşıya qoyduğu konkret tapşırıqlara əsasən hərbi qulluqçularımız həm öz ölkəmizdə, həm də qardaş Türkiyədə keçirilən müxtəlif tədbir və təlimlərdə iştirak edir, öz bilik və bacarıqlarını artırırlar.
Belə ki, müasir dövrün döyüşaparma və özünümüdafiə qabiliyyətlərini özündə birləşdirən Türkiyə ordusunda təşkil olunan təlim, məşq, məşğələ və kurslar sayəsində Azərbaycan Ordusunun şəxsi heyəti tətbiq olunan proqram və mexanizmlərin incəliklərinə bələd olur. Bu cür kurs və təlimlərdə əldə edilən praktiki və nəzəri biliklərin ordumuzun qüdrətlənməsində mühüm vasitə olduğu hamıya məlumdur. Hər iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, döyüş uzlaşmasının təmin olunmasına yönəlik təşkil edilən müxtəlifmiqyaslı təlimlər hər iki ölkənin ərazisində böyük təntənə və istəklə keçirilir. Keçirilən təlimlər qardaşlığın təlimi, qazanılan uğur isə qardaşlığın uğuru olur.
Son illərdə qardaş Azərbaycan və Türkiyə respublikalarının iştirakı və ev sahibliyi ilə keçirilən təlimlərdə iştirak edən hərbi qulluqçular yüksək nəticələr göstərir və onlara olan etimadı layiqincə doğruldurlar. Belə ki, Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının və digər hərbi bölmələrimizin iştirakı ilə təlimlər keçirilib.
"EFES", "Anadolu Qartalı", "TurAz Qartalı", "Anadolu Ankası", "Erciyes" və adı çəkilməyən digər müxtəlif təyinatlı və miqyaslı təlimlərdə iştirak edən qardaş dövlətlərin hərbi qulluqçuları qarşılıqlı fəaliyyətin təşkili, döyüş uzlaşmasının düzgün təmin edilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin, idarəetmənin təkmilləşdirilməsi, o cümlədən qarşıya qoyulan digər məqsədlərə nail olmaqla öz hərbi potensialını daha da yüksəltməklə döyüş hazırlığını müasir dövrün tələblərinə uyğun təkmilləşdirir.  Bu uğurlu təlimlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qardaş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan və ölkəmizin ev sahibliyi etdiyi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi oldu. "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş tarixi ərazilərimiz daxil olmaqla bir neçə istiqamətdə keçirildi. Təlimə hər iki ölkənin müxtəlif qoşun növləri cəlb olunmuşdu. Təlimin ssenarisinə əsasən hər iki ölkənin komando, Xüsusi Təyinatlı Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları günün işıqlı və məhdudgörmə vaxtlarında qarşıya qoyulan müxtəlif tapşırıqları uğurla icra etdilər. Tapşırığa əsasən, əməliyyat rayonunun dərinliyinə sızan Azərbaycan-Türkiyə komando bölmələri şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarını müəyyən etməli və onları mühasirəyə almaqla zərərsizləşdirməli idi ki, hərbi qulluqçular bu tapşırığı yüksək peşəkarlıq nümayiş etdirərək yerinə yetirdilər. Digər tapşırığa əsasən gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edən qruplar basqınla şərti düşmən qrupunu zərərsizləşdirmək fəaliyyətini uğurla icra etdilər. Birgə taktiki təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri havayaqalxma, yerəenmə, şərti düşmən hədəflərinin təyin edilməsi, hava kəşfiyyatı və digər fəaliyyətlərin düzgün aparılması tapşırıqlarını yerinə yetirdilər. Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri şərti düşmənin cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirdilər. Təlimdə müasir döyüş üsullarını tətbiq etməklə artilleriya, aviasiya (həmçinin Bayraktar TB-2-də istifadə olunmaqla) və digər hərbi və zirehli texnikaların iştirakı ilə şərti düşmən hədəflərinə zərbələr endirildi. Bundan başqa digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərində keçid açmaq məqsədilə panton körpülərin salınması və digər fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar icra edildi.
"Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" də təntənəli, yaddaqalan oldu. "Yüksək səviyyəli müşahidəçi günü"ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler,  Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının və Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri iştirak etdilər. Qonaqlar burada taktiki təlimin gedişatını, yerinə yetirilən tapşırıqların icrasını yaxından izlədilər. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edən dövlətlərin nümayəndələrinə Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medallarını təqdim etdi. Təlimdə iştirak edən qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları və digər hərbi vasitələrlə tanış oldular. Burada Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlər tərəfindən quraşdırılmış stendlər də qonaqların diqqətini çəkdi.
"Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin sonunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler təlimdə iştirak edən hərbi qulluqçularla görüşdülər. Bir qrup təlim iştirakçısına qiymətli hədiyyələr təqdim edildi. Müdafiə nazirləri təlimdə göstərilən nəticələri yüksək qiymətləndirdilər və şəxsi heyətə gələcək xidmətlərində də uğurlar arzuladılar.
Azərbaycan və Türkiyə ordularının keçirdikləri birgə hərbi təlimlər bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçündür. Qardaş ölkələr arasında keçirilən hərbi təlimlər iki ölkə arasında qurulan əlaqələrin və hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. İki qardaş ölkənin ordu rəhbərliyi arasında təşkil olunan görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən təlim, məşq və kurslar nəticəsində qalib Azərbaycan Ordusunun daha da güclənməsi və müasir standartlara uyğun qurulmasına yönəlik böyük işlərə imza atılır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin əlaqələri günü-gündən daha da genişlənir. Bunun nəticəsidir ki, hərb sahəsində görülən birgə işlərin sayı artan xətlə gedir. Türkiyə və Azərbaycan bölgədə hər zaman sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq fəaliyyətlərinin icrasında maraqlı ölkələr olub və hər zaman bu təşəbbüslərlə çıxış ediblər. Bu təlim bir daha bütün dünyaya mesaj oldu ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir, möhkəmdir. Türkiyə bu gün dünyanın ən güclü ordularından biri olmaqla bizim yanımızdadır. Biz də qardaş Türkiyənin yanındayıq. Bizim birliyimiz və əməkdaşlığımız bundan sonra da uğurlu olacaq. Çünki biz bir millət, iki dövlətik!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"