Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2023 16:55

“Azərbaycan əsgərinin qəhrəmanlığının şahidi olduq”

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi kursantların asudə və istirahət vaxtının səmərəli keçirilməsi üçün müvafiq tədbirlər təşkil edir. Mütəmadi olaraq kursantlar muzeylərə, Şəhidlər xiyabanına və mədəni-kütləvi tədbirlər keçirilən yerlərə aparılır. Bu günlərdə kursantlar Bakı şəhərindəki Hərbi Qənimətlər Parkını ziyarət etdilər. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin ermənilərin vurub sıradan çıxardıqları hərbi texnikalara, silahlara böyük maraqla baxdılar. 27 sentyabr 2020-ci ildə düşmənlər burada nümayiş olunan döyüş texnikaları ilə, silahlarla mövqelərimiz üzərinə hücum etmişdilər. Torpaqlarımızı qoruyan hərbçilərimiz üstlərinə yağan güllələrdən qorxmayaraq, düşmənin hücumunun qarşısını cəsarətlə almışdılar. Vətən müharibəsində vurulub sıradan çıxarılmış texnikalar artıq muzey eksponatına çevrilib.
Parkın sahəsini gəzdikcə maraqlı mənzərələrlə rastlaşdıq - səngərlər, yeraltı keçidlər, minalanmış sahə və başqa yerlər. Bir az qabağa gedəndən sonra qarşımıza ermənilərin dilindən düşməyən "Ohanyan səddi" çıxdı. İşğalçılar xeyli vəsait sərf edərək bütün cəbhə boyu "Ohanyan səddi" çəkmişdilər. Bu sədd bir neçə sıra üzüm dirəklərindən və bu dirəklərə qat-qat bağlanmış, sıx-sıx çəkilmiş tikanlı məftillərdən ibarət idi. Dirəklərin arasına isə yüzlərlə, minlərlə mina basdırmışdılar. Ermənilər bu səddi yaratmışdılar ki, hərbçilərimiz onu keçə bilməsinlər. Amma Azərbaycan Ordusunun hərbi qulluqçuları bu səddi qısa müddət ərzində adlayıb düşmən üzərinə əks-hücuma keçdilər və torpaqlarımızı işğaldan azad etdilər.
Kursantlar texnikaların yanında ayaq saxlayıb, yanıb qaralmış maşınlara baxdılar. Azərbaycan əsgərinin zərbələri dəqiq olduğundan texnikalar bir göz qırpımında heyət nəfərləri ilə birlikdə məhv edilib. Zirehli, zirehsiz texnikalar müxtəlif yerlərindən vurulub. Hərbi Qənimətlər Parkında erməni işğalçılarının maketləri, səngərlərinin, kazarmalarının və başqa yerlərinin maketləri hazırlanıb.
Hərbi Qənimətlər Parkını ziyarətdən sonra kursantlarla söhbət edib təəssüratlarını öyrəndik. Kursant Elməddin Rzayev dedi ki, bu gün asudə vaxtımız çox səmərəli keçdi. Yoldaşlarımla birlikdə Hərbi Qənimətlər Parkını ziyarət etdik. Ordumuz üçün böyük uğurla başa çatan 44 günlük Vətən müharibəsində orta məktəbdə oxuyurdum. Döyüşlərin gedişini televiziya vasitəsilə izləyirdim. Hərbi qulluqçularımızın torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən üzərində qazandığı uğurlar hamımızı sevindirirdi. Ordumuzun hərbi qulluqçuları erməni qəsbkarlarını məğlubiyyətə uğradaraq uzun illərdən bəri işğalda qalmış şəhər və kəndlərimizi azad edirdilər. Vətən müharibəsi xalqımızın qələbəsi ilə başa çatdıqdan sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qısa müddət ərzində Bakı şəhərində Hərbi Qənimətlər Parkı yaradıldı. Eksponat kimi parka Vətən müharibəsi zamanı hərbi qulluqçularımızın döyüş meydanlarında erməni qəsbkarlarının dəqiq atəş zərbələri ilə vurub sıradan çıxardığı zirehli texnikaları, avtomobilləri, silahları qoyuldu. Həmişə arzulayırdım ki, günlərin birində mən də parkı ziyarət edim. Şükür, bu gün arzuma çatdım.
Kursant Elgün Mehdiyev də təəssüratlarını bizimlə bölüşdü:
- Qürur hissi keçirirəm ki, mən də bu gün ziyarətçilərin sırasındayam. Düşmənin vurulub sıradan çıxarılmış və burada nümayiş etdirilən hərbi texnikalarına böyük maraqla baxdım. Hərbçilərimiz düşmən tankının birini elə dəqiq vurublar ki, zirehli texnika üç hissəyə parçalanıb. Bu, hərbçilərimizin peşəkarlığından xəbər verir. Kursant yoldaşlarımla bərabər erməni qəsbkarlarının Vətən müharibəsi zamanı vurulmuş və qənimət kimi götürülmüş maşınların nömrələrindən istifadə edilməklə yazılmış "Qarabağ Azərbaycandır!" sözü də hamımızda iftixar hissi oyatdı.
- Hərbi Qənimətlər Parkında nümayiş olunan eksponatlara həvəslə baxdıq, - deyə kursant Amil Abdulla bizimlə söhbətə qoşuldu. - Düşmən indi eksponat kimi baxdığımız bu silah və texnikalarla ordumuza qalib gəlmək, yeni ərazilərimizi ələ keçirmək istəyirdi. Amma bir-birindən igid, cəsur döyüşçülərimiz dəqiq atəş zərbələri ilə qəsbkarların döyüş texnikalarını, canlı qüvvələrini məhv etdilər. Xalqımıza böyük qələbə sevinci yaşatdılar. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın davam edən işğala son qoydu. Hərbi Qənimətlər Parkına gələnlər erməni qəsbkarlarının vurulmuş texnikalarına baxdıqca Azərbaycan əsgərinin gücünü, qüdrətini daha aydın şəkildə görürlər.
Kursant Yusif Həşimov dedi ki, biz burada hərbi qulluqçularımızın vurub sıradan çıxardıqları düşmən texnikalarını görəndə  fikirləşirik ki, erməni qəsbkarlarını məhv etmək elə də çətin deyil. Əvvəllər belə bir mif formalaşmışdı ki, guya ermənilər "güclüdürlər, məğlubedilməzdirlər". Amma Vətən müharibəsində hərbi qulluqçularımızın göstərdiyi igidlik və qəhrəmanlıq yayılan bu yalanları alt-üst etdi. Hamı şahidi oldu ki, reallıq heç də ermənilərin uydurduqları kimi deyilmiş. Daşnakları  öldürmək də, məhv etmək də, əsir götürmək də olar. Necə ki, hərbi qulluqçularımız 44 günlük Vətən müharibəsində bunları etdilər. Bu yaxınlarda ermənilərin Birinci Qarabağ müharibəsində "özlərinin qələbə rəmzi kimi" Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank da Hərbi Qənimətlər Parkına gətirilib. Zirehli texnikaya böyük maraqla baxdıq. Həmin 442 nömrəli tankı Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov mədəniyyət beşiyimiz olan Şuşada vurub. Bir vaxtlar ermənilərin "qələbə rəmzi" olan bu tank, indi Qənimətlər Parkında onların məğlubiyyətinin rəmzinə çevrilib.
Hərbi Qənimətlər Parkı ordumuzun güclü olduğunu təsdiq edən müqəddəs bir məkandır. Bu məkana gələn ziyarətçilər düşmənin texnika və silahlarını məhv edən Azərbaycan əsgərinin məğlubedilməzliyini görürlər. İnanırıq ki, bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən C.Naxçıvanski adına Hərbi Liseyin kursantları da gələcək xidmətlərində uğurlar qazanacaqlar. Sələflərinin döyüş yollarını şərəflə davam etdirəcək, qəhrəmanlıq tariximizə yeni səhifələr yazacaqlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"