Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2023 16:55

Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Ulu Öndər Heydər Əliyevin dediyi "Bir millət, iki dövlət" fikri, həqiqətən də, reallıqdır. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: "Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik". Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm də mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.
İki ölkənin, iki xalqın hər zaman - sevincdə də, kədərdə də bir yerdə olmaları artıq ənənə halını alıb. Buna aid çoxlu sayda nümunələr sadalamaq mümkündür. 2023-cü ildə Azərbaycan və Türkiyə üçün mühüm önəm daşıyan iki ildönümü qeyd olunur. Ölkəmizdə böyük təntənə ilə "Heydər Əliyev İli" kimi qeyd olunan 2023-cü il, həm də qardaş ölkədə cümhuriyyətin yaradılmasının 100-cü ildönümünü. Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.  Bu tarixi günlərdə də qardaşlığımızın sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdiririk. Avrasiyada sülh və təhlükəsizliyə xidmət edən Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin inkişafına təkan verən ən önəmli amillərdən biri birgə hərbi təlimlərin keçirilməsidir. Hər iki qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə növbəti hərbi təlim başlayıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçirilir. Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla, ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra edilib.
Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir.
Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilən "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimində hər iki qardaş ölkənin təlimə cəlb edilən  hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.
Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk-2023" təlimi qardaşlığımızın sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirir. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və 100-cü ili olan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları, iki ölkə arasındakı dərin tarixi köklərə malik əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyətinin təzahürüdür.
44 günlük Vətən müharibəsindən əvvəl və sonra  Azərbaycan və Türkiyə orduları arasında çoxlu sayda müxtəlif təyinatlı birgə təlimlər həyata keçirilib. İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya, hava hücumundan müdafiə qüvvələrini də cəlb etməklə həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil etməkdədir. Rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər, post müharibə dövründə qələbə ilə başa vurduğu digər əməliyyatlar və sentyabrın 19-da cəmi bir günə uğurla başa çatdırdığı lokal xarakterli antiterror tədbirləri belə təlimlərdə qazanılan təcrübənin bəhrəsi oldu.  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışlarının birində hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəminin olduğunu, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyəti və faydası olduğunu bildirmişdir. Ali Baş Komandan demişdir: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".

"Azərbaycan Ordusu"