Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2023 12:30

“Qalib olmaq çox qürurvericidir”

Uzun illərdir Heydər Əliyev adına Hərbi İnstitutun hərbi orkestrinin kollektivi müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edir, Azərbaycan musiqisini bütün dünyada sevdirir. Çox qürurvericidir ki, bu gün orkestr festivallarda təkcə hərbi marş və mahnılarımızı deyil, xalq və bəstəkar mahnılarını da böyük məharət və yüksək bacarıqla ifa edir. Buna görə də tamaşaçılar onları alqışlarla qarşılayıb, elə alqışlarla da yola salırlar. Hərbi orkestrin kollektivi harada, hansı ölkədə olursa-olsun, festivallardan müxtəlif mükafatlarla, fəxri fərmanlarla qayıdır. Musiqimizi hər yerdə təbliğ edən və sevdirən hərbi orkestrin yaradıcı kollektivi bu günlərdə Türkiyənin Bursa şəhərində keçirilən "Bursa 3-cü Beynəlxalq Orkestrlər Festivalı"nda ölkəmizi layiqincə təmsil edərək, tamaşaçılar qarşısında  Azərbaycan musiqisini böyük məharət və bacarıqla səsləndirib. Festivalda yüksək peşəkarlıq nümayiş etdirən hərbi musiqiçilərimiz tamaşaçılar tərəfindən rəğbət və hörmətlə qarşılanıblar. Qardaş Türkiyədən ölkəmizə sevinc və xoş təəssüratlarla qayıdıblar.
Heydər Əliyev adına Hərbi İnstitutun hərbi orkestrinin Türkiyənin Bursa şəhərində keçirilən beynəlxalq festivaldakı fəaliyyətini ətraflı öyrənmək üçün təhsil ocağına üz tutduq. Hərbi orkestrin rəisi - dirijoru, polkovnik-leytenant Fariz Məmmədzadə ilə görüşdük. Söhbət zamanı onunla yaxından tanış olduq. Sonra bizi beynəlxalq festivalla bağlı maraqlandıran sualları orkestrin rəisinə ünvanladıq. Onun ömür yoluna qısaca nəzər salanda öyrəndik ki, zabit Fariz Məmmədzadə 1977-ci ildə Füzuli rayonunun Merdinli kəndində dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Böyüyəndə musiqi təhsili almağı arzulayıb. Arzularını həyata keçirmək üçün 1993-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərindəki Hərbi Musiqi Məktəbində oxumağa yollanıb. Burada musiqinin sirlərinə daha da dərindən yiyələnib. Təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrində xidmətə başlayıb.
Bursa şəhərində keçirilən beynəlxalq orkestrlər festivalından xoş təəssüratlarla qayıdan zabit Fariz Məmmədzadə dedi ki, biz həmişə ölkəmizi  festival və müsabiqələrdə layiqincə təmsil etməyə çalışırıq. Sevindirici hal odur ki, çalışqanlığımız və peşəkarlığımız sayəsində məqsədimizə nail oluruq. Uğur və zəfərlərimizin davamlı olması üçün musiqi kollektivimiz daim öz üzərində çalışır, peşəkarlığını artırır. Hərbi marş və mahnılarımızı, xalq musiqisini beynəlxalq festivallarda böyük məharətlə səsləndiririk. Əgər belə demək mümkündürsə, musiqimizi dünyaya sevdirməkdə davam edirik. Bundan qürur duyuruq. Bu ilin iyul ayında Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 25 illiyinə həsr olunmuş "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalı keçirildi. Hərbi-musiqi festivalında ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun hərbi orkestri də təmsil edirdi. Biz indiyə qədər dünyanın aparıcı dövlətləri olan Türkiyədə, Rusiyada belə hərbi-musiqi festivallarında iştirak etmişik. Harada, hansı ölkələrdə keçirilən festivallarda olmuşuqsa, qəlbləri riqqətə gətirən musiqimizlə ölkəmizi layiqincə təmsil etmişik. Bu hərbi-musiqi festivalından böyük uğurlarla, xoş təəssüratlarla qayıtmışıq. Astana şəhərində keçirilən hərbi-musiqi festivalı da bizim üçün olduqca səmərəli və uğurlu oldu. Təbiidir ki, belə beynəlxalq musiqi festivallarının mütəmadi olaraq keçirilməsi dostluğa, qardaşlığa xidmət edən tədbirlərdir. Festivalların keçirilməsi həm də xalqların bir-biri ilə təcrübə mübadiləsidir, bir-birinin musiqisinə hörmət və ehtiramdır. Hərbi-musiqi festivalları iştirak edən ölkələrin musiqisini dinləmək, onun tarixini öyrənmək baxımından çox dəyərlidir. Musiqi sərhəd tanımır, o insanlara mənəvi güc verən tükənməz bir qüvvədir. Dünyanı dolaşan festivallar müxtəlif mədəniyyətlərin bir-biri ilə görüşüdür. Həmişəki kimi Astanada keçirilən festival musiqimizi, mədəniyyətimizi təbliğ etmək bizim üçün dəyərli bir tribuna oldu. Biz Azərbaycan musiqisini bu tribunadan bütün dünyaya səsləndirdik.
Türkiyənin “Bursa şəhərində keçirilən 3-cü Beynəlxalq Orkestrlər Festivalı”na da böyük həvəslə yola düşdük. Onu da deyim ki, bu festival artıq 3-cü ildir ki, Bursa şəhərində keçirilir. Hərbi orkestrimiz keçirilən hər üç festivalda iştirak edib. Tamaşaçıların böyük marağına səbəb olan festival sentyabrın 29-dan oktyabrın 2-nə qədər davam etdi. Festivala 3 xarici ölkədən - Qazaxıstan Respublikasından, Bosniya-Hersoqovinadan və Azərbaycan Respublikasından hərbi orkestr gəlmişdi. Bundan başqa da Türkiyənin ayrı-ayrı bölgələrindən gəlmiş 14 yerli hərbi orkestr festivalda iştirak edirdi. Bu, hansısa bir yarışma deyildi, bu, bir musiqi şənliyi, musiqi bayramı idi. Konsert proqramları əsasən Bursada və Bursa ətrafındakı bir neçə şəhərdə keçirildi. Festival ənənəvi olaraq yürüşlə başladı. Yürüş başa çatandan sonra axşam Bursa şəhərinin müxtəlif yerlərində konsert oldu. Əvvəlcədən səhnələr qurulmuş, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Festivalın ikinci günü biz səhər-səhər İnəgöl şəhərində konsert verdik. Həmin günün axşamında isə İznik şəhərinə getdik. Maraqlı konsert poqramı ilə çıxış etdik. Şəhər sakinləri bizi çox böyük sevgi ilə qarşıladılar. Konsert proqramlarında həm türk mahnıları, həm də milli musiqilərimizi ifa etdik. Həmçinin milli musiqi alətlərimiz olan balaban, zurna, qaval və başqalarından istifadə etməklə rəngarəng konsert proqramı ilə tamaşaçılara mənəvi zövq verdik.  
Festivalın bir anını heç vaxt unuda bilmirəm. Konsert proqramlarının davam etdiyi günlərdə Azərbaycanın bir-birindən gözəl musiqilərini ifa edə-edə Bursa şəhərinin küçə və prospektlərindən keçəndə sakinlər bizi iftixar dolu baxışlarla süzürdülər. Bizə qalib ölkənin düşmən üzərində zəfər qazanmış hərbçiləri kimi baxırdılar. Bundan qürur duymamaq, iftixar hissləri keçirməmək mümkün deyildi. Doğrudan da, qalib olmaq, zəfər qazanmaq çox qürurvericidir. Bu gözəl tarixi anları yaşamağı şəhidlərimiz qanları ilə bizə nəsib ediblər. Bütün bunlara görə onlara minnətdarıq.  
2023-cü ildə yaddaqalan səfərlərimizdən biri də Gürcüstan Respublikasına oldu. Həmin günlərdə gürcü xalqı müstəqilliyinin 105 illiyini böyük təntənə ilə qeyd edirdi. Bu əlamətdar gün münasibətilə ölkənin paytaxtı olan Tbilisidə parad keçirildi. Biz paradda bu ölkənin hərbi orkestri ilə birləşmiş şəkildə hərbi marşları səsləndirdik. Musiqi kollektivimiz hərbi marşlarla yanaşı, Azərbaycan musiqisini də məharətlə ifa etdi. Buna görə də böyük tamaşaçı rəğbəti qazandı.
İnanırıq ki, Heydər Əliyev adına Hərbi İnstitutun hərbi orkestri bundan sonra da dünyanın hər yerində Azərbaycan musiqisini səsləndirəcək və sevdirəcək. Ölkəmizi, ordumuzu  iştirakçıları olacaqları musiqi festivallarında layiqincə təmsil edəcək. Biz həmişə onlardan xoş soraqlar alacağıq.  

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"