Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2023 12:30

Döyüşçülərin dedikləri də müharibə tarixidir

44 günlük Vətən müharibəsində məğlubiyyətə düçar olan Ermənistan Azərbaycan torpaqlarından böyük məğlubiyyətlə geri çəkildi. Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd şəhərlərində isə silahlı dəstələri çıxaracaqlarını bəyan etdilər. Ermənistan 3 il əvvəl kapitulyasiya aktını imzalasa da, əməl etmədi. Vaxt keçdikcə ermənilər ərazilərimizdə yeni istehkamlar tikir, gizlin yolla silah-sursat daşıyır, daha da möhkəmlənməyə çalışırdılar. Onların bu davranışı Azərbaycanı yeni hərbi əməliyyat keçirməyə məcbur etdi.
Ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının iştirakçısı olmuş əsgərlərlə görüşümüz bizə xoş ovqat bəxş etdi. Döyüşçülərlə görüşüb onların təəssüratlarını öyrəndik.
Gizir İlqar Məmmədov:
- Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşam. 2016-cı ildən xidmətdəyəm. İkinci Qarabağ müharibəsi iştirakçısıyam. Füzulidən-Şuşaya qədər döyüşlərdə iştirak etmişəm. 4 noyabr 2020-ci ildə Şuşada yaralanmışam. Hərbi hospitalda müalicə olunub tam sağalandan sonra xidmət yerimə qayıtmışam. Döyüşlərdə iştirakıma görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Hər zaman Vətən torpaqlarını azad görmək istəmişəm. Bu məqsədlə keçirilən sonuncu əməliyyatlarda da iştirak etmişəm. 44 günlük Vətən müharibəsində və qələbə qazandığımız digər bütün əməliyyatlarda rəşadətli ordumuzun yenilməzliyini, yüksək döyüş hazırlığını zabit, gizir və əsgərlərin sarsılmaz döyüş ruhunu bütün dünya gördü. Sübut etdik ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda istənilən döyüş əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirməyə hər an hazır və qadirik.
 Gizir Kamil Salmanov:
- Salyan rayonunda doğulub boya-başa çatmışam. Uzun illərdir ordu sıralarında xidmət edirəm. Hərbi xidmətə başladığım gündən ermənilərin işğal etdikləri torpaqlarımızı azad etmək üçün döyüşə atılmağa hazır idim. Bu illər ərzində çox arzulayırdım ki, sülh danışıqları yolu ilə münaqişəni həll etmək istəməyən düşməni döyüş meydanında məğlub edək. 27 sentyabr 2020-ci ildə ermənilərin genişmiqyaslı təxribatları nəticəsində başlayan Vətən müharibəsində silahlar dilə gəldi. Əks-hücum əməliyyatlarının ilk günündə cəbhənin Füzuli istiqamətində döyüşə başladıq. Erməni silahlı dəstələrini məhv etdik. Doğma torpaqlarımızı azad edə-edə Şuşa şəhərinə qədər şərəfli döyüş yolu keçdik. Döyüşlərdəki iştirakıma görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olundum. Vətən qarşısındakı xidmətlərimə görə qürur duyuram. Bu qürur peşəmə olan sevgimi və bağlılığımı daha da artırır. Tabeliyimdə olan şəxsi heyətin bacarıqlı, döyüş qabiliyyətli əsgərlər kimi formalaşması üçün bütün bilik və təcrübəmi səfərbər edirəm. Əsgərlərin də hər biri vəzifələrinə məsuliyyətlə yanaşır. Vətəni müdafiə etməyin müqəddəsliyini yaxşı dərk edirlər. Bu müqəddəslikdən ilhamlanaraq ərazi bütövlüyümüzün müdafiəsində inamla dayanırlar.
Kiçik çavuş Kamran Məmmədli:
- Uşaq yaşlarımdan hərbçi olmaq istəyirdim. Müddətli həqiqi hərbi xidmətim cəbhə bölgəsində keçdi. Doğmalarımın yanına qayıdandan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qayıtmaq istəyimi valideynlərimə bildirdim. Onların xeyir-duası ilə yenidən hərbi xidmətə başladım. Manqa komandiri kimi tabeliyimdə olan əsgərlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olurdum. Təlim-məşqlərdə döyüş təcrübəmizi artırırdıq. Həmişə əsgərlərə deyirdim ki, istənilən an müharibə başlaya bilər. Çünki torpaqlarımız erməni silahlı birləşmələri tərəfindən işğal olunub. 44 günlük Vətən müharibəsində mən də iştirak etdim və 6 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə yaralandım. Hərbi həkimlərin ciddi səyləri nəticəsində yaralarım tam sağaldı və yenidən döyüş meydanına qayıtdım. Ordumuzun qələbəsi ilə başa çatan digər əməliyyatların da iştirakçısı olmuşam. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdiyim üçün qürurluyam.
Kiçik çavuş Azər İsgəndərov:
- Gözümü dünyaya açandan ermənilərin doğma torpaqlarımızı işğal etdiyini, bir milyondan artıq soydaşımızın doğma ev-eşiyindən qaçqın düşdüyünü eşitmişəm. Bunlar düşmənə qarşı nifrət hissimi daha da artırıb. Bir neçə ildir ki, ordu sıralarında xidmət edirəm. Başlıca məqsəd və məramım düşmən işğalında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşmək olub. İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü müraciət etdim. Lakin müsbət cavab almadım. O zaman müharibə cəmi 44 gün çəkdi. Ordumuz qısa müddətdə ermənilərin 30 ilə yaxın işğalda saxladıqları torpaqlarımızı azad etdi. Üç il vaxt keçməsinə baxmayaraq düşmən Xankəndidən, Ağdərədən və başqa şəhər və kəndlərdən qanunsuz silahlı dəstələrini çıxarmaq əvəzinə, daha da möhkəmlənmək istəyirdi. Ordumuzun keçirdiyi sonuncu əməliyyat cəmi bir gün davam etdi. Biz də həmin tədbirlərdə iştirak etdik. Ağdam-Ağdərə istiqamətində düşmənin qanunsuz silahlı dəstələrinin tərk-silah edilməsindəki fəaliyyətimiz uğurlu keçdi.
Əsgər Coşqun Canımov:
- Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşam. Çalışdığım bütün sahələrdə Vətənə ləyaqətlə xidmət etmək başlıca məqsədim olub. Hərbi xidmətdən əvvəl "Qarabağ" futbol klubunun ehtiyat oyunçusu olmuşam. Milli yığmamızın tərkibində bir neçə oyunda meydana çıxmışam. Bacarıqlı futbolçu olmağımla yanaşı, Vətən qarşısında əsgəri borcumu şərəflə yerinə yetirmək arzusunda idim. Xidmətimin ilk günlərindən komandirlərin verdiyi əmr və tapşırıqları vaxtında yerinə yetirmişəm. Qarabağda düşmənin atəşkəsi pozduğunu eşidəndə ermənilərə qarşı qəzəbim artırdı. Sentyabrın 19-da əməliyyatlar başlayanda hərbi hissəmiz də döyüşlərə cəlb olunmuşdu. Sırxavənd kəndi istiqamətində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdik. Bundan sonra da Vətənimizin müdafiəsi naminə hər bir döyüş tapşırığını icra etməyə hazıram və bundan qürur duyuram.
Əsgər Elcan Nəbiyev:
- Hələ kiçik yaşlarımdan rayonumuzun Ermənistanla sərhəd kəndlərində ermənilərin təxribatlar törətdiklərini tez-tez eşidirdim. Arzu edirdim ki, tezliklə düşmənin bu hücumlarının qarşısı birdəfəlik alınsın. Xidmətdə olduğum müddət ərzində hərbi biliklərə, döyüş vərdişlərinə mükəmməl yiyələnmişəm. Ordumuzun keçirdiyi son əməliyyatlarında iştirak etmişəm. Azərbaycan qüdrətli dövlətdir və güclü ordumuz var. Azərbaycan Ordusunun əsgəri olmağımla qürur duyuram. Vətən anadır. Biz Vətənimizi göz bəbəyi kimi qorumalıyıq. Doğma yurdumuza göz dikən düşməni hər an məhv edəcəyik. Necə ki, biz bunu sonuncu əməliyyatlarda etdik. Bu, düşmənə dərs olmalıdı.
Əsgər Rəsul İbrahimov:
- Bu gün bütün dünya yaxşı bilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının və Azərbaycan xalqının ordusuna inamı yüksəkdir, çünki qalib Azərbaycan əsgəri hər zaman ona olan etimadı və inamı layiqincə doğruldub, Böyük Qələbələr qazanıb. Qalib ordunun mundirini daşıdığım üçün xoşbəxtəmsə, xidmətim vaxtı qarşıya qoyulan müqəddəs missiyanın iştirakçısı olduğum üçün ikiqat xoşbəxtəm. Düşmənin son zamanlar əl atdığı təxribatların sayı və miqyası artmaqda idi. Ordumuzun törədilən təxribatlara cavabı şiddətli və sarsıdıcı oldu. Qarşıya qoyulan tapşırıq qısa vaxtda öz həllini tapdı. Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində düşmən çoxlu sayda itki verdi. Əməliyyat zamanı düşmənə atılan mərmilər hərbi təyinatlı obyektlərini, texnikalarını darmadağın etməklə yanaşı, onların revanşist hisslərini, məkrli niyyətlərini də yerləbir etdi. Bizim döyüş ruhumuz və arsenalımızda olan müasir silahlar qarşısında düşmən çıxış yolunu ağ bayraq qaldırmaqda gördü. Haqq mübarizəmizdə canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Məhz qəhrəman oğullarımız "Vətən sənə canım fəda" deyərək bir daha tarix yazdılar. Onların ruhlarını daim ehtiramla yad edəcəyik. Çünki bu hər bir azərbaycanlının şərəf borcudur.
Döyüşçülərlə daha bir görüşün təəssüratlarından xoş ovqatla ayrılırıq. Fikirləşirik ki, onların dedikləri də müharibə tarixinin kiçik bir parçasıdır.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"
fotolar C.CƏFƏROVUNDUR