Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları əsgərlər Səbuhi Vahid oğlu Orucov və Nazim Nadir oğlu Kirxlarovun xatirələrinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhidlərin doğmaları, döyüş yoldaşları, dostları, müharibə veteranları, Suraxanı rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarına Azərbaycan Ordusunun şəhid hərbi qulluqçuları Səbuhi Orucov və Nazim Kirxlarovun şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Şəhidlərin valideynləri Narınc Orucova və Sultan Kirxlarova çıxış edərək övladlarının Vətənə bağlı olmalarından, ailədə vətənpərvər bir övlad kimi yetişmələrindən, eldə, obada, xidmətdə qazandıqları uğurlarından danışdılar. Bildirdilər ki, Vətən yolunda canından keçən oğulların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. "Onlar torpaqlarımızın azadlığı, bütövlüyü naminə şəhidlik zirvəsinə ucalan Azərbaycanın qorxmaz, igid oğullarıdır. Xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullardır. İndi Səbuhi, Nazim tək bizim yox, bütün Azərbaycan xalqının övladlarıdır. Biz onlarla qürur duyuruq. Allah bütün şəhid analarına səbir versin".
Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Aslan Dəniz çıxışında şəhid ailələrinə və yaralılara dövlət qayğısından geniş bəhs etdi. Onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdı.
Şəhid qardaşı Fuad Orucov Səbuhi ilə bağlı xatirələrindən söhbət açdı. Acılı-şirinli günləri, onunla keçirdiyi xoş anları kövrəkliklə yada saldı.
Tədbirdə çıxış edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya, övladlarının adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Səbuhi Orucov "Azərbaycan Bayrağı", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" (ölümündən sonra) medallarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hərbi qulluqçu Nazim Kirxlarov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" (ölümündən sonra) medalları ilə təltif olunub.
Azərbaycanımızın torpağı uludur. Bu ulu torpaq uğrunda canından keçən Səbuhi və Nazim kimi oğulların adları nəsildən-nəslə keçərək tarixləşəcək.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"