Xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını göstərmişdi: "... Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açdı. "Prezident İlham Əliyevin 20 ili: Yüksəliş və Zəfər" adlı məruzə ilə çıxış edərək bildirdi ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafına nail olub, ordumuz daha da formalaşıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib.
Ən əsası isə Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib".
Muzeyin rəisi onu da vurğuladı ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda quruculuq uğurla davam edir və sosial proqramlar həyata keçirilir. Bunlar onu deməyə əsas verir ki, Qarabağdan olan soydaşlarımız tezliklə evlərinə əbədi olaraq qayıdacaqlar".
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov, Mübariz Ağalarov, Vahid İsmayılov, müharibə veteranı Bayram Muxtarov dövlət başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsində böyük inam və qətiyyətlə çalışdığından, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olduğundan danışdılar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin 20 ilindən bəhs edən sənədli filmin nümayişindən sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa etdilər.
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"