Qədim tarixi mədəniyyəti ilə seçilən Qazax rayonu böyük incəsənət, ədəbiyyat xadimləri, sərkərdələri, vətənpərvər övladları ilə də tanınır. Yaşı min illəri aşan bu diyarın igidləri həmişə xalqa, Vətənə ləyaqətli xidmələri ilə seçiliblər. Vətənimiz üzərinə düşmən hücumları başlayanda qazaxlılar da könüllü olaraq ana Vətənin müdafiəsində dayanıblar. Düşmənlə qəhrəmanlıqla döyüşüblər.
Vətən müharibəsində də belə oldu - digər bölgələrdən olduğu kimi, Qazaxdan da yüzlərlə gənc döyüşlərə qatıldı. Onlar da işğalçı düşmən qüvvələrinə və havadarlarına xalqımızın yenilməz birliyini, rəşadətli ordumuzun gücünü, qüdrətini göstərənlərin sırasında oldular. Tarixi Zəfərin qazanılmasında onların da xidmətləri əvəzsizdir.
Zəfər qazananlar sırasında olanlardan biri də gizir Pərviz Əhmədovdur. Vətən torpaqlarını işğaldan azad edənlərin sırasında olmasından qürur duyur. O, 1993-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Orta məktəbdə oxuyarkən xalqımıza qarşı törədilən böyük ədalətsizliklərdən, həyata keçirilən soyqırımlardan kütləvi qırğınlardan xəbərdar olub. Bu, onun həyatında, düşüncələrində dəyişiklik yaradıb. Tarixçi olmaq istəyini Vətənə xidmət arzusu əvəzləyib, "N" hərbi hissəsində xidmət edib. Komandanlıq tərəfindən dəfələrlə fəxri fərmana, təşəkkürlərə layiq görülüb. Tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün müraciət edib. Kursa qəbul olub və müvəffəqiyyətlə də başa vurub. Manqa komandiri kimi göstərilən etimadı həmişə doğrultmağa çalışıb. Bilik və bacarığını əsgərlərə öyrədib. Onların "Vətən torpaqlarının işğaldan azad olmasına hazır olmalıyıq", - niyyətiylə xidmət etməsini təmin edib.
2018-ci ildə xidmətini davam etdirmək üçün "N" hərbi hissəsinə göndərilib. Orada da bacarıqlı, səriştəli hərbçi kimi tanınıb. Qısa müddətdə tuşlayıcı, minamyotçu kimi təcrübə toplayıb.
2020-ci il sentyabrın 27-də düşmən sərhəd boyu ərazilərimizdə genişmiqyaslı təxribatlara başladı. Buna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev əks-hücum əmri verdi. Ordumuz düşmənin müdafiə sədlərini qısa müddətdə yararaq düşməni ağır məğlubiyyətlərə uğratdı.
Pərviz Əhmədovun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də qətiyyətlə döyüşürdü. Onlar düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv etdilər. Pərviz də bu döyüşlərdə fərqləndi. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olundu.
2021-ci ildə Pərviz Əhmədov Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin nəzdində “Gizir hazırlığı kursu”na göndərilir. Kursu müvəffəqiyyətlə bitirərək xidmətini davam etdirmək üçün "N" hərbi hissəsinə təyinat alır. Gənc əsgərlərə döyüş təcrübəsini, bilik və bacarığını həvəslə öyrədir. Vətən müharibəsində ordumuzun göstərdiyi rəşadətlərdən, cəsur döyüşçülərin vətənpərvərliyindən danışır. "Vətənimizi həmişə müsəlləh əsgər kimi mərdliklə qoruyacağıq. Mən də silahdaşlarım kimi qürurluyam ki, xalqımıza qələbə sevincini bəxş edən qalib orduda xidmət edirəm...", - Pərviz Əhmədov belə dedi...
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"