Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi qulluqçuların müalicə və müayinə olunmaları üçün hərtərəfli şərait yaradılıb. Poliklinikada yaradılmış bu şəraitdən istifadə edən hərbçilərimiz daim sağlamlıqlarının qeydinə qalırlar. Hərbçilərin sağlamlığını qorumaq üçün şəfa ocağında öz peşəsinə ürəkdən bağlı olan təcrübəli tibb heyəti çalışır. Onlar poliklinikaya müraciət edən hərbçilərin tez bir zamanda sağalmaları üçün çalışır, Vətənimizin keşikçilərinə layiqli tibbi xidmət göstərirlər.
Poliklinikanın rəisi tibb xidməti polkovniki Asəf Məmmədov bizimlə söhbət zamanı hərbçilər üçün yaradılmış şəraitdən söz açaraq dedi ki, hərbçilərimizin sağlamlığı keşiyində dayanmağı özümüzün ən müqəddəs borcu hesab edirik. “Bu müqəddəs borcu yerinə yetirməyə də elə müqəddəs hisslərlə, müqəddəs amalla, müqəddəs istəklə, ən başlıcası diqqət və qayğı ilə yanaşırıq. Buna görə də onlar tez bir zamanda sağlamlıqlarını bərpa edib hərbi hissələrinə qayıdırlar. Poliklinikada xəstəliyi aşkarlayan ən müasir tibbi qurğu və avadanlıqlar quraşdırılıb. Hərbçilərin xəstəliyi bu avadanlıqlar vasitəsilə mütəxəssislərimiz tərəfindən aşkarlanır və həkimlərimiz tərəfindən müalicə olunurlar. Beləcə, müraciət edənlər qısa zamanda sağlamlıqlarını bərpa edirlər. Hərbçilər torpağımızın qoruyucusu, müstəqilliyimizin təminatçılarıdırlar. Onların əksəriyyəti 44 günlük Vətən müharibəsinin və digər əməliyyatların iştirakçılarıdırlar. Deməli, müqəddəs amal uğrunda xidmət edən insanlardır. Təbiidir ki, hərbçilərə yüksək səviyyədə tibbi xidmət göstərilməlidir. Tam məsuliyyətlə deyə bilərəm ki, poliklinikanın tibb heyəti bu müqəddəs işin öhdəsindən bacarıqla gəlir”.
Tibb xidməti polkovniki Asəf Məmmədovla söhbət edərkən onu da öyrəndik ki, o, özü də 44 günlük Vətən müharibəsində iştirak edib. Kəlbəcər, Qubadlı, Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə həkim kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Yaralanmış neçə-neçə zabitin, əsgərin həyatını xilas edib. Polkovnik döyüşlər zamanı göstərdiyi cəsarət və hünərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb. Bacarıqlı həkim Asəf Məmmədov bu gün yenə də hərbçilərin sağlamlığının keşiyindədir.
Poliklinikada ən çox müraciət olunan bölmələrdən biri də fizioterapiya bölməsidir. Bölməyə üz tutan hərbçilər burada həkimlərin yazdığı müalicə kursu keçir, sağlamlıqlarını bərpa edirlər.
Bölməyə daxil olanda tibb heyətini iş başında gördük. Onlar bölməyə gələn hərbi qulluqçuları qəbul edir, sənədlərində müvafiq qeydlər aparır və müalicəyə başlayırlar. Bölmədə hərbi qulluqçulara göstərilən tibbi xidmət barədə fizioterapiya kabinetinin müdiri həkim-fizioterapevt Şəfəq Bağırova məlumat verdi. O dedi ki, hərbi qulluqçulara yüksək səviyyəli fizioterapevtik xidmətlər göstəririk. Bunun üçün bölməmizdə hərtərəfli şərait yaradılıb. Tibb heyəti həkimlərin təyin etdiyi müalicə kurslarının daha səmərəli, daha müalicəvi əhəmiyyətli olmasına çalışırlar. Yaxşı bilirik ki, hərbçi üçün sağlamlıq başlıca şərtdir. Buna görə də işimizə məsuliyyət və diqqətlə yanaşırıq. Fizioterapiya müalicəsi xəstənin sağalma və bərpa prosesində müsbət rol oynayır. Fiziki amillərdən istifadə etməklə müalicə və profilaktika tədbirləri çox qədim zamanlardan istifadə olunur. Və müsbət nəticələr verir. Bölməmizdə fizioterapiya kursu qəbul edən hərbi qulluqçular müalicənin xəstəliklərinə müsbət təsirindən ürəkdolusu danışırlar. Bir neçə gün fizioterapiya qəbul edən hərbçilər ağrılarının azaldığını deyirlər. "Təbiət - xəstəliklərin həkimidir", - deyən Hippokrat müxtəlif xəstəliklərin müalicə və profilaktikasında günəş vannalarından isti və soyuq prosedurlardan, masajlardan, müalicə idmanından və iqlimdən geniş istifadə edərmiş. Elm və texnikanın tərəqqi etdiyi bir vaxtda fizioterapiya müalicələrinin metod və formaları da yenilənib. Bölməmizdəki kabinələrdə ən müasir fizioterapevtik avadanlıq və qurğular quraşdırılıb. Bunların köməkliyi ilə hərbi qulluqçularımıza tibbi xidmət göstəririk. Çalışırıq ki, onlar ən qısa müddətdə sağlamlıqlarını bərpa edib hərbi hissələrinə qayıtsınlar. Xidmətlərini uğurla davam etdirsinlər. Yaxşı işimizə, diqqət və qayğımıza görə həmişə hərbi qulluqçulardan minnətdarlıq dolu sözlər eşidirik. Bu sözlər bizi işimizə daha da həvəsləndirir. Həkim-terapevtlər Mirvari Orucova, Aygün Nəcəfova, Fəxriyyə Abbasova, Sevinc Behbudova, tibb bacıları Nailə Məmmədova və Zülfiyyə Cəfərova üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlirlər. Böyük sevgi ilə hərbi qulluqçulara tibbi xidmət göstərirlər.
Bölmədə müalicə olunan hərbi qulluqçular Rəşad Əmrahov, Arzu Məmmədov və başqaları ilə də söhbət etdik. Onlar fizioterapiya bölməsində göstərilən tibbi xidmətdən razılıq etdilər. Qayğı və diqqətə görə bölmədə çalışan həkim-fizioterapevtlərə, tibb bacılarına minnətdarlıqlarını bildirdilər.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından xoş təəssüratlarla ayrıldıq. Əmin olduq ki, şəfa ocağının tibb heyəti bundan sonra da müqəddəs amala xidmət edən hərbi qulluqçulara elə müqəddəs amalla da tibbi xidmət göstərəcəklər.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"
fotolar C.CƏFƏROVUNDUR