Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2023 09:57

Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu

2017-ci il mayın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nda beynəlxalq hüquq normalarıyla təsbit edilən, ərazi toxunulmazlığı və bölünməzliyi kimi milli təhlükəsizlik prinsiplərinə istinadən 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun şanlı tarixində yeni bir uğurlu əməliyyat keçirildi.
Əsas etibarilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı kontingentinin  yerləşdiyi ərazilərdə aparılan əməliyyat tədbirlərindən bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində, mina partlayışında Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla, 9 nəfər həyatını itirmişdi.
Öz ərazisində hər hansı səviyyədə əməliyyat aparmaq Azərbaycanın Konstitusion hüququ idi. Və bu hüquqdan istifadə edilməklə ermənilər tərk-silah olunmalı idilər. Belə ki, qısa müddət ərzində erməni silahlı birləşmələrinin qalıqlarına sarsıdıcı zərbələr endirildi. Əməliyyat zamanı heç bir mülki obyekt hədəf seçilmədi, bölgədə yaşayan dinc əhalinin təhlükəsizliyi təmin edildi, yaşayış məntəqələri, o cümlədən ictimai bina, tədris mərkəzləri və xəstəxanalar zərər görmədi, mülki əhalinin  daha təhlükəsiz məntəqələrə təxliyəsinə imkan yaradıldı.
Bütün bunların məntiqli nəticəsi olaraq, tədbirlərə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələbləri və qətiyyətli mövqeyi sayəsində  çox sayda canlı qüvvəsini, silahını, sursatını, hərbi texnikasını itirən erməni terrorçuları və onların qondarma qurumlarının cinayətkar rəhbərliyi son çarə kimi ağ bayraq qaldırdılar, təslim olduqlarını bildirdilər, hərbi əməliyyatların dayandırılmasını xahiş etdilər.
Azərbaycan sentyabrın 20-də saat 13:00-da əldə olunan razılığa əsasən, əməliyyatları dayandırdı. Razılığa əsasən, Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, ərazilərimizi tərk etməli və bütün bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməli idi.
Vətən müharibəsindən sonra qazanılan növbəti qələbə,  Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi, məcburi surətdə  torpaqlarından çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, ölkəmizin sürətli iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi baxımından strateji əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsi olaraq separatçı rejim ləğv olundu.
Azərbaycan  BMT-nin Təhlükəsizlik Şurasının məlum qərarlarında verdiyi sanksiyalara müvafiq olaraq Azərbaycanın öz ərazilərində erməni terror şəbəkəsinə qarşı tədbirləri icra etməklə qazandığı qələbə terrorizmə qarşı mübarizədə uğur kimi qiymətləndirilə bilər.


Sevinc ƏLƏKBƏROVA Hərbi Elmi-Tədqiqat İnstitutu