Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2023 11:19

“Müqəddəslik yolu sıradan başlanır”

Sıra müqəddəsdir. Bu ifadə ilk gündən gənclərin xidmətinə mayak olur. Hətta onların bu ifadə ilə tanışlığı daha əvvəl baş  verir. Bu müqəddəslik gənclərə məktəbdə oxuyarkən aşılanır. Belə ki, orta təhsil ocaqlarında tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" dərslərində şagirdlərə ilkin hərbi anlayışlar barədə ətraflı məlumat verilir. Onlara sıra hazırlığının ibtidai vərdişləri öyrədilir. Həmçinin sıranın müqəddəsliyi aşılanır. Bu dərslərdə gənclərin qazandığı vərdişlər hərbi xidmətdə köməklərinə çatır. Xüsusən də döyüş hazırlığının tərkib hissəsi olan sıra hazırlığı hərbi xidmətin ayrılmaz tərkib hissəsidir. Çünki ordunun rəşadəti onun dəmir intizamından asılıdır. Dəmir intizam isə sıradan başlanır. Sıra əsgərlərə komanda şəklində fəaliyyət göstərməyi, dözümlü olmağı, kollektiv dəyərləri və digər müsbət keyfiyyətləri aşılayır.
"N" hərbi hissəsində əsgərlərin sıra hazırlığı məşğələsini yaxından izlədik. Şəxsi heyət sıra meydanında gizir Vüsal Novruzovun komandaları ilə silahsız sıra hərəkətlərini icra edirdi. Onlar əsgəri salamlaşma, sıradan çıxma, sıraya qayıtma, rəislərə yaxınlaşma və digər çalışmaları bacarıqla icra edirdilər. Əsgərlərin mətin addımlarını izlədikcə qürurlanırdım. Düşünürdüm ki, bu gənclər bacarıqlı, döyüş vərdişlərinə yiyələnən əsgərlər kimi formalaşıb ordumuzun gücünə güc qatacaqlar. Məşğələlərini izlədiyim gənclərdə də bu vacib amillərin müsbət nişanələri sezilirdi.
Sıra hazırlığının mahiyyətini gizir Vüsal Novruzov da vurğuladı: "Əsgərlər məşğələyə həvəslə yanaşır, hərbi vərdişləri öyrənirlər. Onların belə yüksək əhval-ruhiyyədə olması məşğələlərin səmərəliliyini daha da artırır. Hiss edirsən ki, onlar vətənpərvərlik ruhunda tərbiyə olunublar. Komandirlərin tapşırıqlarını kollektiv şəklində icra etmək, komandaları dəqiq və koordinasiyalı yerinə yetirmək, uzlaşmanı öyrənmək üçün sıra hazırlığı mühüm əhəmiyyət kəsb edir. Bunlar da döyüşdə mürəkkəb vəzifələrin uğurla yerinə yetirilməsi üçün vacibdir. Sıra  hazırlığını yaxşı mənimsəyən əsgərlər döyüş qabilliyyətlərinə də dərindən yiyələnirlər".
Əsgərlərlə də həmsöhbət oldum. Toğrul Feyziyev, Kənan Əhmədov və digərləri əsgər olmağın fərəhindən, sevincindən danışdılar. Qeyd etdilər ki, həmişə ordumuza, hərbçilərimizə böyük rəğbət bəsləmişik, indi biz də hərbi mundir geyinib şərəfli peşə sahibləri ilə bir sıralarda dayanmışıq və bu, qürurludu, xoşbəxtlikdi. Həmçinin bütün təminatlarının diqqətdə saxlanıldığını, günün nizam qaydalarına uyğun olaraq bütün fəaliyyətlərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq dedilər: “Vətəni qorumaq müqəddəsdir. Bu müqəddəslik yolu da sıradan başlanır. Yolumuzu uğurla və inamla davam etdirəcək, bacarıqlı, mətin əsgərlər kimi ərazi bütövlüyümüzün müdafiəsində inamla dayanacağıq”.
Ordumuzun gücünə güc qatan əsgərlərin sıra hazırlığı məşğələsi davam edir.
Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"