Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2023 11:17

Şəhid Elvin Babayevin xatirəsi anıldı

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı silsilə tədbirlər davam etməkdədir. Bu günlərdə şəhid Elvin Ənvər oğlu Babayevin şəhadətə qovuşmasının 3-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, dostları, oxuduğu orta məktəbin müəllim və şagird kollektivi, döyüşçülər və başqa qonaqlar iştirak edirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəhid Elvin Babayevin həyatı və döyüş yolunu əks etdirən video materiallardan və fotolardan ibarət qısametrajlı film təqdim olundu.
Şəhid anası Kəmalə xanım oğlu Elvin haqqında xatirələrini bölüşərək dedi ki, o, kiçik yaşlarından qorxubilməz uşaq idi. İdmana daha çox maraq göstərirdi. Oxuduğu orta məktəbdə "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarında komandanın kapitanı olub. Məzun olduqdan sonra hərbçi olmaq arzusu ilə Sərhəd Qoşunlarının ali hərbi məktəbinə sənədlərini verdi, lakin arzu etdiyi təhsil ocağına qəbul ola bilmədi. Qəribəsi o idi ki, buna görə heç bir narahatlıq hiss etdirmədi. Bəlkə də başqa planları olduğu üçün təəssüf hissi keçirmədi. O planların nədən ibarət olduğunu mənə də demədi. Belə işlərdə qapalı idi və heç kimə əvvəlcədən həyata keçirəcəyi arzu və istəklərini bildirməzdi. Həyata nikbin baxışları vardı. Hərbi xidmətə gedəndə "Ana, mənə görə heç vaxt nigaran qalma,  əsgərlik kişilik məktəbidir. Xidmətimi şərəflə başa vurub qayıdacam", - demişdi.
Elvin Babayevin hərbi xidmətinin başa çatmasına üç ay qalmış İkinci Qarabağ müharibəsi başlayıb. İlk gündən döyüş əməliyyatlarında fəal iştirak edib. Komandirləri və döyüş yoldaşları Elvinin vətənpərvər, qorxubilməz bir döyüşçü olduğunu xatirələrində bildirdilər.
8 saylı tam orta məktəbin tarix müəllimi Mehriban xanım bildirdi ki, hər bir müəllimin xatirində qeyri-adi bacarığı ilə yadda qalan şagirdlər olur. Elvin Babayev də onun xatirində intizamlı şagird kimi qalıb. Elvin hərbi xidmətə yola düşməmişdən bir gün əvvəl məktəbə gəlib onunla xatirə şəkli də çəkdirib. "Elvinlə çəkdirdiyim şəklin sonuncu olacağı heç vaxt ağlıma gəlməzdi", - dedi.
Elvin Babayev Vətən yolunda son damla qanınadək düşmənlə üz-üzə döyüşdü və 20 oktyabr 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid oldu. Tarix müəllimi əlavə etdi ki, Elvin Babayev və onun timsalında bütün şəhidlər onun dərs dediyi  məktəbdə hər zaman hörmətlə anılır və bundan sonra da anılacaqlar.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız İkinci Qarabağ müharibəsindən sonra azad edildi. Qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə Zəfər qazanıldı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin gənc solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirildi.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"