Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2023 11:13

Azərbaycan əsgərinin yazdığı növbəti möhtəşəm qələbə

Azərbaycan əsgəri 44 günlük haqq savaşı ilə tarixə həkk etdiyi qəhrəmanlıq salnaməsini növbəti illərdə keçirdiyi uğurlu əməliyyatlarla davam etdirdi. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatlar qalib ordumuzun döyüşərək əldə etdiyi növbəti uğur oldu. İgid Azərbaycan əsgəri 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın icrasız qalmış bəndlərini qısa vaxt ərzində icra etməyi bacardı. Əməliyyatlar düşmən üçün elə sarsıdıcı oldu ki, bir gündən də az müddətdə onlar qısa vaxt ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Xocalı, Xocavənd, Xankəndi və digər əzəli, əbədi torpaqlarımız  erməni silahlı birləşmələrinin qalıqlarından təmizləndi. Torpaqlarımızın azadlığı uğrunda keçirilən bütün əməliyyatlarda canından keçən və sağlamlığını itirən oğullarımızı da unutmamalı, onların əziz xatirəsini daim uca tutmalıyıq. Yüksək Vətən sevgisi və döyüş ruhuna malik Azərbaycan əsgəri qazandığı qələbələrlə xalqın və Ali Baş Komandanın ona olan inamını hər zaman doğruldub, bundan sonra da doğruldacaq. Əməliyyatlarda iştirak edən "N" hərbi hissəsinin hərbi qulluqçularını tanımaq və oxucularımıza tanıtmaq məqsədilə onların fikirlərini qələmə aldıq.
Əsgər Murad Abbasov:
- Sentyabrın 19-u ərazimizdə qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin son zamanlar təxribatlara əl atması, məkrli niyyətlərinin sayını artırması düşmənə baha-başa gəldi. Komandanlıq tərəfindən düşmənə qarşı adekvat tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar aldıq. İlk döyüş tapşırığını alanda sevindim, müqəddəs amal uğrunda döyüşlərə girəcəyimə görə qürurlandım. Müzəffər Ali Baş Komandanın qətiyyətindən və xalqımızın sonsuz etimadından aldığımız güc ilə komandirlərimizin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurduq. Tarixi torpaqlarımızda  məskunlaşan silahlı birləşmələrin tərk-silah edilməsində təcrübəli komandirlərimizlə çiyin-çiyinə döyüşdük. Qələbə qazandıq. Hər birimiz qürurluyuq, fəxarət hissi keçiririk. Mən və əsgər yoldaşlarım fəxr edirik ki, Azərbaycan Ordusunun uğurla icra etdiyi əməliyyatın iştirakçısıyıq. Bu qələbə ilə Ali Baş Komandanımızın qarşıya qoyduğu tapşırıq uğurla icra edildi. Ordumuzun qısa vaxt ərzində düşmənə kəsərli cavab verməsi nəticəsində bu gün düşmənin qanunsuz məskunlaşdığı tarixi ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır.
Əsgər İbrahim Hüseynzadə:
- Azərbaycan qədim zamanlardan igidlər məskəni olub. Vətən uğrunda son damla qanına qədər vuruşan ata-babalarımız bu torpaqları bizə əmanət ediblər. Separatçı qüvvələr tarixi ərazilərimizi işğal etmiş, xalqımızı öz torpağından didərgin salmışdılar. Erməni təcavüzü nəticəsində doğma evlərindən məcburi didərgin düşən həmyerlilərimizin üzlərindəki kədəri gördüyüm andan düşmənə qarşı nifrətim alovlanıb. Azğın düşmən öz yurdundan sürgün edilmiş əliyalın soydaşlarımıza qarşı heç bir insanlığa sığmayan vəhşiliklər törədiblər. 30 ilə yaxın müddətdə xalqımız və ələlxüsus da, məcburi köçkünlərimiz ata-baba yurdunun azad olunacağı günün həsrəti ilə yaşayıblar. Və bu gün hər bir soydaşımız arzusunda olduğu günü qürurla yaşayır. Qısa vaxt ərzində güclü ordumuz böyük uğura imza atdı. Şəhidlərimiz, qazilərimiz bu günləri hər birimizə yaşatdılar. Onlar da müqəddəs amal uğrunda döyüşlərə atıldılar.  Bizim hərbi hissədən də şəhid olan və yaralananlar oldu. Onların hər biri təkcə bizim üçün yox, bütün xalqımız üçün əzizdir, dəyərlidir.
Əsgər Balakərim Kərimli:  
- Sentyabrın 19-da düşmənə qarşı keçirilən əməliyyat tədbirləri qısamüddətli və uğurlu keçirildi. Bu təqvim də şanlı tariximizə qızıl hərflərlə həkk olunan səhifələrdən oldu. Əməliyyatlar zamanı komandirlərimiz də, bizlər də böyük ruh yüksəkliyi ilə müqəddəs amal uğrunda döyüşlərə atıldıq. Yaşından, rütbəsindən və vəzifəsindən asılı olmayaraq çiyin-çiyinə döyüşərək düşməni darmadağın etdik. Bu şanlı tarixin iştirakçısı olmaq ömrümün ən unudulmaz anları oldu. Son döyüş bir daha sübut etdi ki, Azərbaycan əsgərinin qələbəyə inam hissi qarşısında heç bir düşmən tab gətirə bilməz. Bütün dünya bir daha gördü ki, Azərbaycan əsgəri xalqın ümid yeri, Azərbaycan xalqı əsgərin ilham mənbəyidir.
Əsgər Cavid Dəmirov:
- Sonuncu əməliyyatlar bir daha Vətən sevgisi yüksək olan Azərbaycan əsgərinin gücünü bütün dünyaya nümayiş etdirdi. Amalımız qanunsuz silahlı birləşmələrin terrorçu kimi yuva saldığı tarixi ərazilərimizdə  onları məğlub edib, təslim olmağa məcbur etmək idi. Düşmən anladı ki, bizi haqq yolundan heç kim və heç nə döndərə bilməz. Azərbaycan əsgəri düşmənin layiq olduğu cavabı konkret addımlarla və qısa vaxtda verdi. Bu gün ədalət bərpa olunub. Ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın inamı ilə növbəti qələbə qazanıldı.
Əsgər Qəzənfər Qəhrəmanov:
- Qısa vaxt ərzində ordumuzun müasir silah və texnikaları ilə düşmənin postları və digər hərbi təyinatlı obyektləri darmadağın edildi. Döyüş tapşırığını aldığımız zaman hər birimiz irəli getməyə, erməniləri tarixi ərazilərimizdən çıxartmağa can atırdıq. Belə də oldu, qələbə bizimləydi. Haqq mübarizəsində qalib gəldik. O anları heç bir zaman unutmayacağam. Bu haqq mübarizəmiz bir daha sübut etdi ki, Azərbaycan əsgəri yüksək döyüş hazırlığına, vətənpərvərlik hissinə malikdir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü tam təmin etməyi bacarıb. Bu gün bir zamanlar işğalda olan ərazilərimizdə üçrəngli, aylı-ulduzlu bayrağımız dalğalanır. Dalğalanan bayrağımız şəhidlərimizin qisasının, xalqımızın qələbəsinin göstəricisidir. Vətənə sədaqət, xalqa məhəbbət, düşmənə nifrət devizini özümüzün xidmət amalına çevirmişik, hərbi xidmətimizi şərəflə davam etdiririk. Xalqımız ən şərəfli, ordumuz ən şanlı dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qələbə və uğurlarımız davamlı olacaq.
Əsgər Vüsal Şahməmmədli:  
- Erməni rəhbərliyinin 2020-ci ilin noyabrında imzaladığı kapitulyasiya aktı zamanı tarixi ərazilərimizdə yerləşmiş qanunsuz silahlı birləşmələrin oradan çıxarılması və tərk-silah edilməsi şərtlərini icra etməməsi, düşmənin tez-tez təxribatlara əl atması və iki tərəf arasında qanlı toqquşmaların baş verməsi müxtəlif miqyaslı əməliyyatlara səbəb olurdu. Sentyabrın 19-u baş verən təxribat düşmənin və separatçı qüvvələrin artıq yerli-dibli yox olmasını şərtləndirirdi ki, belə də oldu. Qısa vaxt ərzində düşmənin qanunsuz silahlı birləşmələrinin yerləşdiyi döyüş mövqeləri, o cümlədən müxtəlif hərbi təyinatlı obyektləri Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Müasir arsenalımız və yüksək döyüş ruhumuz sayəsində tarixi ərazilərimizi qısa vaxt kəsiyində qanunsuz silahlı qüvvələrdən təmizlədik. Bu gün Qarabağda və digər əzəli və əbədi ərazilərimizdə dalğalanan üçrəngli şanlı bayrağımızı görürəm və sevincim, qürurum dünyalara sığmır. Yaşasın Azərbaycan!
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"