Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2023 10:59

Vətənə məhəbbətin zirvəsi

Vətəni sevmək də, qorumaq da mənəvi zənginlikdir.
Şəhidlik Vətən, torpaq, millət sevgisinə görə son nəfəsdir...
Şəhidlər - dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: "Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır". Biz bu gün qalib xalq kimi ikiqat sevincli və qürurlu olmaqla yanaşı, Vətən torpağının hər bir qarışını canından əziz bilənlərə borcluyuq. Vətənimizin parlaq gələcəyini, aydın səmalarını borclu olduğumuz vətənpərvərlərdən biri də leytenant Mirzağa Məmmədbağır oğlu Əliyevdir.
Azərbaycan Ordusunun leytenantı Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə qəsəbədəki Rafiq Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirib. Gənc zabit kimi "N" hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb.
Leytenant Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Füzuli və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Neftçala rayonunun Xıllı qəsəbəsində dəfn edilib.
Leytenant Mirzağa Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsi ilə görüşüb qəhrəmanın xidmət və döyüş yoluna işıq tutmazdan öncə Vətənə sədaqət və sevgisi uğrunda şəhid olan qəhrəmanın məzarını ziyarət etdim. Əzəmətlə dalğalanan müqəddəs bayrağımızın kölgəsində gül-çiçəyə bürünən sıraya düzülmüş şəhid məzarları... Baş daşlarından boylanan nurlu simalar, qürurlu, gülümsər baxışlar.  Bu ziyarət vəfa borcuydu, vətəndaşlıq borcuydu.
Şəhidin ailə üzvləri "Vətənini sevirdi, peşəsinin vurğunu idi. Torpaqlarımızın azadlığı uğrunda müqəddəsliyə ucaldı. Ucaldığı şəhidlik mərtəbəsi Tanrı dərgahında peyğəmbərlikdən sonra ən yüksək zirvədir", - dedilər.
Atası Məmmədbağır oğlu haqqında qürurla danışdı:
- Xalqımız vətənpərvər xalqdır. Tarixin bütün dönəmlərində qəhrəman oğullar vətənsevərliyi, mərdliyi, qorxmazlığı ilə  gələcək nəsillərə örnək olub. Bu indi də davam etməkdədir. Özünü bu dövlətin həqiqi vətəndaşı bilən hər bir gənc şəhidlikdən çəkinmir. Mənim oğlum da belə oğullardan biri oldu. Mirzağa indi təkcə mənim deyil, bütün Azərbaycan xalqının övladıdır.  Mən belə bir vətənpərvər oğul böyütdüyüm üçün fəxr edirəm. Oğul itkisi ağır olsa da, şəhid atası olmaq bu ağrını qürura çevirir.
Dövlət başçısı çıxışlarının birində dedi ki, "Vətən müharibəsi bizim şanlı tariximizdir". Bəli, bu şanlı tarixi bizə yaşadan qüdrətli ordumuz Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoydu.
Şəhidin atası bildirdi ki, oğlu ilə telefon əlaqəsi saxlayarkən o, böyük ruh yüksəkliyi ilə hər şeyin qaydasında olduğundan, tezliklə  ordumuzun düşmən işğalında olan bütün torpaqlarımızı azad edəcəyindən danışardı. Oğlum iyunun 15-də Qurtuluş Günündə dünyaya göz açmışdı, o günün haqqını da layiqincə verdi.
Mirzağanın şəxsi əşyalarına həssaslıqla yanaşıb şəkillərini oxşayan Səadət ana şəhid övladından danışdı: "Hələ kiçik yaşlarından övladlarımıza Vətənin, torpağın müqəddəs olduğunu öyrətdik. Mirzağanın uşaqlıqdan hərb sənətinə böyük marağı vardı. Tarixi torpaqlarımızın işğalı, vətəndaşlarımızın işgəncələrə məruz qalması, yurd-yuvalarından didərgin salınması və daxilindəki qisas hissi onu hərb sənətinə çəkirdi. Ordu sıralarında qulluq edən yaxınlarımızın söhbətlərinə diqqətlə qulaq asardı. Zaman keçdikçə bu marağı müqayisəolunmaz bir sevgiyə çevrildi. Mirzağa çox inadkar idi. Məqsədinə çatmaq üçün əziyyətə qatlaşmaqdan çəkinməzdi. Riyaziyyatı başqa fənlərdən yaxşı bilirdi. Hərbçi yoldaşları deyirdilər ki, onun verdiyi koordinatların biri də yanlış olmayıb. Yadıma gəlir, təlimlərdən birini uğurla başa vurduqdan sonra zəng etmişdi. Elə sevincli idi ki. "Ana, bəyəndilər, atışım tam dəqiq idi", - dedi. Mirzağa çox məsuliyyətli, çalışqan, qorxubilməz idi. Deyirdi ki, qarşıda bizi çox böyük sınaqlar gözləyir. Buna görə də daim öz üzərində işləyir, biliklərini daha da təkmilləşdirirdi. Bilmədiklərini öyrənirdi.    
Hərbi təhsilini başa vuranda buraxılış mərasimində iştirak etmişdik. O gün Mirzağa tam anlamı ilə xəyallarını reallığa çevirdiyinin qürurunu yaşayırdı. Xidmətə başladıqdan sonra məzuniyyətə gələndə də ordumuzdan böyük sevgi ilə söz açırdı. Torpaqlarımızın işğaldan tez bir zamanda azad olunacağını qətiyyətlə danışırdı. Bir ömür qaysaq tutmayacaq yaram, doya-doya boynuna sarıla bilməsəm də, kölgəsində güvənlə gəzdiyim,  ürəyimin sızıltısı, yanğısı... Bəzən oğlumun qoxusunu burnumda, bədəninin hərarətini əllərimdə hiss edirəm sanki...". Ana qəhərlənir...
"Mənim balamın da ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunması və üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını görmək idi...".
Elçin gözlərini qardaşının divardan asılmış şəklinə dikib. Gözlərinin dərinliyində qardaş itkisinin ağrı-acısına qarışmış  məğrurluq  duyulur. Baxışlarımın ona dikildiyini hiss eləyir deyəsən:
"Bayrağımızın uca olmağı, məğrur şəkildə dalğalanmağı mənim üçün hər şeydən vacibdir...", - dedi.
Nəzərlərini əmisinin şəklindən ayırmayan balaca Mələk bir gün dil açıb danışanda  "Mənim əmim qəhrəmandır. Mən əmimlə fəxr edirəm", - deyəcək...
Şəhid bir ocağın ümid işığı, bir elin qürur mənbəyi, bir dövlətin təməlidir...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"