19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.
Tariximizə böyük hərflərlə yazılmış bu antiterror tədbirlərində iştirak edən əsgərlərlə görüşüb söhbət etdik.
Əsgər Pənah Əliyev:
- Ordu sıralarına Kürdəmir rayonundan çağırılmışam. Artıq xidmətimin sona çatmasına sayılı günlər qalıb. Çox şükürlər olsun ki, evimizə qalib əsgər kimi qayıdıram. Bu gün hamımız qürur hissləri ilə yaşayırıq. Çünki gərgin keçən lokal xarakterli antiterror tədbirləri zamanı erməni separatizminə son qoyduq. Biz artilleriya qurğularından düşmən hədəflərinə dəqiq atəş açmalı idik. Əsas hədəflərimiz Ağdərə və Xocalı istiqamətində idi. Antiterror tədbirləri başlayan kimi komandirin əmri ilə artilleriya qurğusunu döyüş vəziyyətinə gətirdik. Atəş açıldı. Mərmilərimiz hədəflərdən yayınmırdı. Dəqiq atəş zərbələri ilə separatçıların atəş nöqtələrini, zirehli texnikalarını məhv etdik. Təlimlərdə qazandığımız döyüş təcrübəsi düşməni məğlub etməyimizə imkan verirdi. Çox keçmədi ki, erməni separatçıları ağır itki verərək təslim oldular. Bütün dünya gördü ki, Azərbaycan Ordusu güclü və qüdtərlidir.
Əsgər Orxan Hüseynli:
- Antiterror tədbirləri zamanı baş tuşlayıcı idim. Hədəflər haqqında məlumatlar daxil olan kimi qısa bir zamanda onun məhv edilməsi üçün topu hədəfə istiqamətləndirirdim. Beləcə, separatçıların atəş nöqtələrini, dayaq məntəqələrini, zirehli texnikalarını bir-birinin ardınca sıradan çıxarırdıq. Atılan hər mərmi hədəfə düşməklə bizə uğur gətirirdi. Döyüşürdük ki, erməni işğalçılarını məğlub edək, Qarabağa sülh və əmin-amanlıq gətirək. Gərgin döyüşlərdən sonra məqsədimizə, amalımıza nail olduq. Separatçılara atdığımız mərmilər hədəfləri dəqiq vurdu. Bir sutka ərzində düşmən ağır itkilər verib ağ bayraq qaldırdı.
Əsgər İftixar Ağalarov:
- Zaqatala rayonunda dünyaya göz açmışam. Əmim və dayım da könüllü olaraq Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. İkisi də Xocalı uğrunda vuruşmuşdu. Xatırlayıram ki, yaşım az olanda onlar iştirakçıları olduqları döyüşlərdən danışırdılar. Biz əmimin də, dayımın da söhbətlərinə maraqla qulaq asardıq. O günlərdə heç bilməzdim ki, vaxt gələcək, mən də Qarabağ uğrunda vuruşacam. Bəli, həmin vaxt gəldi. Yaşıdlarım kimi, mən də ordu sıralarına çağırıldım. Təcrübəli zabitlər elə ilk günlərdən bizə artilleriya qurğusunun sirlərini öyrətməyə başladılar. Səmərəli keçən təlimlərdə hərbi bilik və döyüş vərdişlərinə dərindən yiyələndik. Komandirimiz həmişə deyirdi ki, hərbi bilikləri mükəmməl şəkildə öyrənin. Uğurlara gedən yol gərgin keçən təlim-məşqlərdən başlayır. Biz gənc əsgərlər də komandirin verdiyi əmr və tövsiyələri böyük fəallıqla yerinə yetirirdik. Antiterror tədbirləri zamanı bir daha gördük ki, döyüş hazırlığı yüksək olan əsgər uğur qazanır. Döyüşlərdə uğur qazandığımıza görə başımız uca, alnımız açıqdır. Bütün bunlara görə komandirlərimizə minnətdaram.
Əsgər Həsən Mamedov:
- Qoynunda doğulduğum Ağcabədi rayonu Qarabağa yaxın ərazidə yerləşir. Döyüşlər zamanı cəbhədə atılan topların səsini aydın eşidirdik. Ona görə də müharibənin nə demək olduğunu yaxşı bilirəm. Orta məktəbdə oxuyanda müəllimlərimiz bizi rayondakı Şəhidlər xiyabanına aparırdılar. Biz şagirdlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların məzarını ehtiramla yad edirdik. Söz verirdik ki, erməni işğalçılarından şəhidlərimizin intiqamını alacağıq. 2020-ci il sentyabrın 27-də erməni işğalçılarının təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Ürəyimdən keçirdi ki, kaş mən də yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edim. Mən bu arzu və istəyimə 19 sentyabr 2023-cü ildə erməni separatçılarına qarşı keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı çatdım. Bizim top heyəti də döyüşlərə cəlb olunmuşdu. Antiterror tədbirləri başlayan kimi mərmiləri düşmən hədəflərinin üzərinə dolu kimi yağdırırdıq. Daha çox separatçıların Ağdərə və Xocavənd rayonları istiqamətindəki dayaq məntəqələrini və atəş nöqtələrini vururduq. Atəş zərbələri dəqiq olduğuna görə düşmən ağır itkilər verib geri çəkilirdi.
Əsgər Rəvan Əsədov:
- Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olmuşam. Rayonumuzun igid, cəsur oğulları həm Birinci, həm də İkinci Qarabağ müharibələrində torpaqlarımızın azadlığı uğrunda döyüşüblər. "Tovuz döyüşləri" kimi tarixə düşən döyüşlərdə də erməni işğalçılarına böyük zərbələr endirildi. Düşmən ordumuzun hərbi qulluqçularının igidliyi və qəhrəmanlığı qarşısında aciz qalaraq geri çəkildi. Kiçik yaşlarımızdan zəfər ovqatı ilə böyümüşük. Özümüzdən böyüklərdən igidliyi, qəhrəmanlığı öyrənmişik. Antiterror tədbirlərində iştirak etdiyim üçün qürur duyuram. Bir vaxtlar Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi arzulamışdım. Şükürlər olsun ki, xidmətimin son günlərində bu mənə qismət oldu. Qarabağda separatçılara qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatmasında mənim də əməyim oldu. Düşmən ordumuzun güclü zərbələri qarşısında çox duruş gətirməyərək ağ bayraq qaldırdı, silahı yerə qoyaraq mövqelərindən çıxıb təslim oldu. İllərdən bəri xalqımıza düşmən kəsilmiş erməni faşizminə, erməni separatizminə son qoyuldu.
Əsgər Mahsun Cəfərov:
- Valideynlərim Cəbrayıl rayonunun Horovlu kəndindəndir. Mən bu kəndi yalnız şəkillərdə görmüşəm. Erməni işğalçıları Horovlunu 1993-cü ilin yayında ələ keçirmişdilər. Dayılarım Altay və Orxan Behbudovlar o vaxtlar doğma ocaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşmuşdular. Hər ikisi müharibə veteranıdır. Atam kəndi, evlərini tez-tez xatırlayırdı. Daim doğma ocaqlarının həsrətini çəkirdi. Ürəyindən keçirdi ki, tezliklə kəndləri azad olunsun, evlərinə qayıtsın. Mən də o yerlərə getməyi arzulayırdım. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun cəsur hərbi qulluqçuları, başqa yaşayış məntəqələri kimi, Horovlu kəndini də işğaldan azad etdilər. Mən də onların şərəfli döyüş yollarını davam etdirdim. Ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin iştirakçısı oldum. Topçu kimi üzərimə düşən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdim.
Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qəhrəmanlıq tariximizdə əbədi qalacaq. Həmişə qürur duyulası səhifə kimi xatırlanacaq. Xalqımız bu döyüşlər zamanı hərbi qulluqçularımızın göstərdiyi igidlik və qəhrəmanlıqlardan həmişə nümunə götürəcək, onlarla fəxr edəcək.
Əsgər Əli Qasımov:
- Üç il əvvəl hər birimiz qələbə sevincini yaşadıq. Rəşadətli ordumuz hər gün kənd-kənd, rayon-rayon torpaqlarımızı işğaldan azad edərək irəliləyirdi. Otuz ilə yaxın düşmən işğalında olan torpaqlarımızda güclü ordumuz sayəsində şanlı Azərbaycan bayrağı dalğalandı. Düşmən döyüş mövqelərini, silah-sursatını ataraq qaçmağa məcbur oldu. Ancaq təəssüflər olsun ki, bu günə kimi bəzi yerlərdə qanunsuz erməni birləşmələrinin tör-töküntüləri hələ də qalmaqda idi. Hərbi xidmətə başladığım gündən onların tez-tez atəşkəsi pozduğunun, özlərinə yeni döyüş mövqeləri yaratmağa çalışdıqlarının şahidi olmuşam. Bütün bu təxribatların qarşısını almaq məqsədilə sentyabrın 19-da ordumuz antiterror tədbirləri görməyə başladı. Bizim bölmə də antiterror tədbirlərində uğurla iştirak etdi. Qısa zamanda qeyri-qanuni erməni birləşmələrinin Qarabağdakı döyüş mövqeləri dağıdıldı, texnikaları sıradan çıxarıldı.
Əsgər İlham Əmirov:
- Hələ hərbi xidmətə başlamadığım zamanlardan Vətən müharibəsində iştirak edən dostlarımın döyüş yolunu maraqla dinləyirdim. Onlar öyrəndiklərini mənimlə bölüşür, hərbi xidmətə olan marağımı daha da artırırdılar. Xidmətə başladığım gündən təlimlərdə böyük həvəslə iştirak edir, təcrübəli komandirlərimizin bizə öyrətdiklərini məsuliyyətlə öyrənirdim. Əsgər yoldaşlarım kimi, mən də istənilən tapşırığın öhdəsindən gəlməyə hazır idim. Müddətli həqiqi hərbi xidmətimin bitməsinin son günlərində bizim bölmə də qeyri-qanuni erməni birləşmələrinə qarşı antiterror tədbirlərinə cəlb olundu. 24 saatdan az bir vaxtda qarşıya qoyulan tapşırıq uğurla icra olundu. Sevinirəm ki, mən də antiterror tədbirlərində iştirak etdim.
Əsgər Kənan Qasımov:
- 2020-ci ildə bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin şahidi oldu. Düşmən döyüş meydanında darmadağın edildi. Qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ancaq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu və bu birləşmələrin Qarabağ iqtisadi rayonunda mütəmadi olaraq təxribatlar törətməsinin şahidi olurduq. İşğaldan azad edilən ərazilərimizə qayıdan dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuz tərəfindən sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı. Bizim hərbi hissəmiz də bu tədbirlərə cəlb edildi. Antiterror tədbirlərinin başladığı ilk saatlardan artıq qarşı tərəfin uzun müdddətli atəş nöqtələri və hərbi obyektləri dəqiq atəşlərlə məhv edildi. Qarşıya qoyulan bütün tapşırıqlar bölməmiz tərəfindən yüksək peşəkarlıqla icra olundu.
Əsgər Rəvan Zohorov:
- Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayan gündən böyükdən-kiçiyə qədər hər kəs birlik, həmrəylik nümunəsi sərgilədi. Həmin vaxtlarda orta məktəbdə təhsil alırdım. Müəllimlərimiz sevinclə, qürurla ordumuzun qazandığı zəfərlərdən danışırdılar. Həmin günlərdə əsgər olmadığım üçün təəssüf hissi keçirirdim. İllər ötdü, artıq mən də güclü Azərbaycan Ordusunun əsgəriyəm. Bir əsgər olaraq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı olduğum üçün qürur hissi keçirirəm. Artıq Qarabağımız terrorçulardan təmizlənib.
Əsgər Xizri Musayev:
- Xidmətdə olduğum ilk gündən Qarabağ bölgəsində hələ də atəşkəs rejiminin ermənilər tərəfindən tez-tez pozulduğu xəbərlərini eşidirdim. Azad olunan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə cəlb olunan mülki insanlara atəş açılmasını eşitmək bizləri məyus edirdi. 10 noyabr Bəyanatının müddəalarına əsasən Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması tələb olunsa da, buna əməl olunmurdu. Təxribatların mütəmadi hal alması antiterror tədbirlərinin keçirilməsinin vacibliyini ön plana çıxarırdı. Sentyabrın 19-dan 20-dək ordumuz Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirmək üçün hərəkətə başladı. Verilən tapşırığı qısa bir zamanda böyük ruh yüksəkliyi ilə icra etdik.
Əsgər Ələmdar Ağayev:
- Azərbaycan Ordusu güclü ordudur. Bunu Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində, Vətən müharibəsində, “Qisas” əməliyyatında döyüş meydanında sübut edib. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri həyata keçirildi. Tətbiq olunan cəza tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Komandirlərimizin peşəkarlığı, əsgərlərimizin cəsarəti ilə 24 saatdan az bir vaxtda bütün qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunmasına nail olduq. Bu gün Qarabağın hər bir yerində şanlı üçrəngli bayrağımız dalğalanır.
Oruc MUSTAFAYEV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"