Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2023 10:49

“Hər bir əsgər döyüş tapşırığının icrasına hazır olmalıdır”

Şagirdlər müəllimlərin, əsgərlər isə komandirlərin sayəsində müfəssəl bilik və bacarıqlara yiyələnirlər. Şagirdin uğuruna müəllim, əsgərin məğrurluğuna komandiri sevinir. Müəllimin də, komandirin də başlıca məramı çalışdığı sahədə uğur əldə etməkdir. Ordumuzda xidmət edən hər bir zabitin məqsədi, məramı nümunəvi xidmət edib uğur qazanmaqdır. Bununla belə tabeliyində olan şəxsi heyətə yetərincə bilik və bacarıqlar aşılamaqdır.
Bu günlərdə hərbi hissədə həmsöhbət olduğum zabitlər əsgərlərin təlimindən, onların bilikləri necə mənimsədiklərindən söz açdılar. Bildirdilər ki, hər bir komandir şəxsi heyətə həm metodik, həm də praktiki məşğələni özünəməxsus üsullar ilə keçir. Hətta elə bacarıqlı kiçik komandirlər də var ki, onların öyrətdikləri hərbi bilik və bacarıqlar əsgərlər tərəfindən tez və mükəmməl mənimsənilir. Həmsöhbətimiz zabit Elşad Məmmədov qeyd etdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Xalıq Məcidov da bacarıqlı manqa komandirlərdəndir.
Çavuş Xalıq Əflatun oğlu Məcidov Lənkəran şəhərində doğulub. Böyüyəndə hərbçi olmaq qərarına gəlib. Artıq 4 ildir ki, Xalıq komandiri olduğu manqanın əsgərlərinə hərbi bilikləri böyük həvəslə öyrədir. O deyir ki, hər bir əsgərin fərdi hazırlığı önəmli məqsəd daşıyır. Əsgərlərə yüksək bilik və bacarıqları aşılayır. Sonda hər bir əsgər döyüş tapşırığının icrasına hazır olmalıdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hamının səbirsizliklə gözlədiyi əks-hücum əmrini verdi. Biz dərhal döyüşə səfərbər olduq. O zamana qədər komandiri olduğum manqanı yüksək döyüş hazırlığına gətirmişdim.
Çavuş X.Məcidov onu da bildirdi ki, əsgərlər böyük coşqu ilə düşmən üzərinə gedirdilər. Ordumuzun bölmələri addım-addım irəlilədikcə doğma torpaqlarımızın tezliklə azad olunacağına ümidləri artırdı. Belə də oldu. Torpaqlarımız azad olundu. Qəhrəman Azərbaycan əsgərinin döyüşdəki şücaəti bir daha onu göstərdi ki, xalqımız heç vaxt torpaq itkisi ilə barışmayıb və barışmayacaqdı. Xalıq və onun komandiri olduğu bölmə də müharibənin ilk günündən Zəfər gününə qədər ön cəbhədə düşmənə qarşı döyüşüb.
Çavuş Xalıq Məcidov döyüşlərdə iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. Onun ən böyük arzusu erməni işğalı altında qalan torpaqlarımızı azad etmək idi. Bu gün o daha çox sevinir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gedən döyüş əməliyyatlarında iştirak edib. Həm də 30 ilə yaxın ayaq aça bilmədiyimiz doğma şəhər və kəndlərimizin azad edilməsində onun da əməyi olub.
Manqa komandirinin hazırda başlıca məqsədi tabeliyində olan əsgərləri yüksək döyüş hazırlığı səviyyəsinə gətirmək və onlarda bu bacarıqları daim təkmilləşdirməkdir. Tabeliyində olan əsgərlərin hər biri üzərinə düşən istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır. Əsgərlər arasında hərbi bilikləri, praktiki çalışmaları tez və dərindən mənimsəyən əsgərlərdən Səfər Babayev, Elmar Əlixanovun adlarını qeyd etdi. Digər əsgərlərin də yüksək intizamından, verilən tapşırıqları vaxtında və dəqiq icrasından razılığını bildirdi.
Əynində hərbi mundir olan xalqımızın hər bir oğlu Vətənin müdafiəsi naminə bilik və bacarıqlarını dərindən mənimsəyərək istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"