Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2023 18:15

“İllərlə gözlədiyimiz əmri yüksək əhval-ruhiyyə ilə icra edirdik”

"Vətən igidləri ilə tanınar", deyiblər. Azərbaycan xalqı da həmişə vətənpərvər, igid, qorxmaz oğulları ilə tanınıb. Xalqımızın mübariz oğulları böyük məhəbbətlə sevdikləri Vətənimizi hər zaman göz bəbəkləri kimi qorumağı özlərinə borc biliblər. Əsrlərin sınağından çıxmış bu tarixi ənənəni cəsur oğullarımız bu gün də yaşadırlar.
Üç il öncə 2020-ci ilin 27 sentyabrında erməni hərbi birləşmələrinin cəbhə boyu genişmiqyaslı təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun hərbi qulluqçuları cəsarətlə döyüşə atıldılar. Qəlbi Vətən eşqi ilə alışıb yanan cəsur oğullarımız qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən uğurla gələrək, xalqımıza böyük qələbə sevincini yaşatdılar. Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə tarixi ədaləti bərpa etdi. Döyüş meydanında hərbi qulluqçularımız igidlik, qorxmazlıq, vətənpərvərlik nümayiş etdirdilər.
Haqq savaşında tabeçiliyində olan şəxsi heyətlə birlikdə düşmən istehkamlarının yarılmasında, minaların zərərsizləşdirilərək tarixi torpaqlarımıza doğru yol açılmasında böyük əməyi olanlardan biri də mayor Anar Baxşəliyevdir.
Baxşəliyev Anar Mübariz oğlu Naxçıvan Muxtar Respublikasında anadan olub. Hələ orta məktəb illərindən Vətənin keşiyində dayanmağı arzulayıb. Azərbaycanın hərb tarixini, sərkərdələrin həyatını, döyüş yollarını dərindən öyrənib. Tarix boyu erməni xəyanətkarlığı ilə qarşılaşan xalqımızın yaşadığı faciələri kədərli hisslərlə izləyib, qəhrəman oğulların davamçısı olacağına söz verib. Beləliklə, orta məktəbi bitirdikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Ali hərbi təhsil müəssisəsini 2011-ci ildə bitirdikdən sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunu uğurla başa vurub. Həmin gün onun həyatının dönüş nöqtəsinə çevrilib. Leytenant hərbi rütbəsində ön xətdə yerləşən hərbi hissələrin birində xidmətə başlayıb.
"Vətənə, xalqa nümunəvi xidmət etmək əsl vətənpərvərlikdir, - deyərək söhbətə başlayan zabit 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışdı: "Tarixə nəzər salsaq görərik ki, xalqımız Vətənini sevən, tarixi dəyərlərə bağlı insanlarla nə qədər zəngindir. Hər birimiz Vətəni anamız, müqəddəs qibləgahımız bilmişik. Tarix boyu neçə-neçə oğullar Vətən torpağının müdafiəsi üçün düşünmədən, sevə-sevə canını fəda edib. Mübarizlik, qəhrəmanlıq xalqımıza məxsus olan mənəvi xüsusiyyətlərdir. 27 sentyabr 2020-ci il tarixində də Vətən torpaqları təhlükədə idi. Düşmən təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə hərbi hissəmiz də əks-hücum əməliyyatına cəlb olundu. Üzərimizə məsuliyyətli tapşırıq qoyulmuşdu. Düşmənin minalar basdırdığı, müxtəlif istehkamlar qurduğu, "keçilməz" hesab etdiyi sədlər zərərsizləşdirilməli, qoşunlarımızın sürətli hərəkəti üçün yol açılmalı idi. İllərdir gözlədiyimiz əmri yüksək əhval-ruhiyyə ilə icra edirdik. Ali hərbi təhsil müəssisəsində, təlim və məşqlərdə qazandığımız bilik və bacarıqları döyüş meydanında uğurla tətbiq etdik. Gərgin döyüşdən sonra düşmənin ön xətti yarıldı. Tarixi torpaqlarımıza doğru irəlilədik. Vətən müharibəsinin iştirakçısı və qalib ordunun hərbi qulluqçusu olaraq azad olunan torpaqlarımıza ilk ayaq basanlardan biri olduğum üçün isə bu gün ikiqat qürurluyam. Döyüşlərin son günündə noyabrın 9-da yaralandım. Təxliyə olunub ilkin tibbi yardım aldıqdan sonra Bakıya hərbi hospitala göndərildim. Beş əməliyyat keçirdikdən sonra sağlamlığıma qovuşdum. Təəssüflənirəm ki, qələbə xəbərini hərbi hospitalda aldım. Ancaq qürurlanıram ki, 30 ilə yaxın işğalda qalmış doğma torpaqlarımızın azad edilməsində, xalqımıza qələbə sevincinin yaşadılmasında mənim də əməyim var".
Şərəfli döyüş yolu keçən zabit Anar Baxşəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Vətən müharibəsindən sonra da hər bir hərbi qulluqçumuz kimi, mayor Anar Baxşəliyev də xidmətini böyük ruh yüksəkliyi ilə davam etdirib. Belə ki, cari ilin 19 sentyabrında Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmasının, ərazilərimizin minalanmasının davam etdirilməsinin, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsinin qarşısını almaq üçün lokal xarakterli antiterror tədbirləri zamanı da qarşıya qoyulan tapşırıqlar peşəkar zabit tərəfindən uğurla icra edilib. İki övlad atası olan zabitlə təkcə xidmət yoldaşları deyil, bütün xalqımız qürur duyur. Onun timsalında tarixi ədaləti bərpa edən bütün igidlərimizə minnətdarıq. Bu haqq savaşında şəhid olanların ruhunu hər zaman ehtiramla anır, yaralananlara şəfa diləyirik.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR