Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2023 18:15

“Atamın döyüş yolunun davamçısıyam”

Şah İsmayıl Xətai: "Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm - ana dilimizi, vicdanımızı, Vətənimizi" demişdi. Bu kəlamlar zaman-zaman hər bir gəncin vətənsevərlik öyüdü, nəsihəti olub. Hər bir azərbaycanlı üçün Vətən müqəddəsdir. Vətənpərvərlik tarixən milli mentalitetimizin tərkib hissəsi olub, indi də belədir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında, xalq-ordu birliyinin böyük əhəmiyyəti oldu. Xalqın orduya olan inamı və dəstəyi döyüşlərin mənəvi stimulu idi. Xalq-ordu birliyi Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasətinin, Ali Baş Komandan olaraq sərkərdəlik qüdrətinin davamı kimi ordumuza parlaq Zəfər qazandırdı.
Bu qələbəni bizə yaşadan igidlərin şərəfli döyüş yolu hər birimiz üçün örnəkdir. Onların Vətən sevgisi, sarsılmaz döyüş əzmi xalqımıza Böyük qələbə sevinci yaşatdı. Həmin igidlərdən biri də kapitan Faiq Əliyevdir.
Faiq 1992-ci ildə Şabran rayonunda dünyaya göz açıb. Yeniyetməliyindən torpaqlarımızın işğalda olması ilə barışmazlığı dərk etməsi ona gələcək həyatının istiqamətini təyin etmişdi. Bu fikirlər onu orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) gətirdi. Təhsil aldığı 4 il ərzində kursant Faiq Əliyev motoatıcı ixtisasını böyük həvəslə öyrəndi, təcrübəli komandirlərindən və müəllimlərindən gərəkli biliklər mənimsədi, çöl məşğələlərində gərəkli praktiki vərdişlərə yiyələndi.
Leytenant kimi hərbi xidmətə başladı...
2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın silahlı qüvvələri növbəti hərbi təxribat törətdi, ön xətt mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutdu. Bu döyüşlərdə rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurdu. Şanlı tariximizə "Aprel döyüşləri" adı ilə qələbə səhifəsini yazdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçiylə görüşdə dedi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".
2020-ci il sentyabrın 27-də mənfur ermənilərin həyata keçirmək istədiyi növbəti genişmiqyaslı təxribatdan sonra başlayan əks-hücum əməliyyatı daha bir böyük Zəfərimizlə tamamlandı.
Kapitan Faiq Əliyev həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. "Hərbçi ailəsində anadan olmuşam, vətənpərvərlik, hərbi həyata sevgi ən kiçik yaşlarımdan aşılanıb. Atam ehtiyatda olan baş gizir Fəyyaz Əliyev Silahlı Qüvvələrin veteranıdır. O, Birinci Qarabağ müharibəsində iştirak edib".
Sonda öyrəndik ki, kapitan Faiq Əliyev Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaətinə görə "Qarabağ" ordeninə və "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb...

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR