Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2023 18:15

Hərbi qulluqçuların sağlamlığı da diqqət mərkəzindədir

Şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının yüksək olmasına təsir edən başlıca amillərdən biri də onların sağlamlığıdır. Ordumuzun bütün bölmələrində hərbi qulluqçuların sağlamlığının qorunması üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqələri fəaliyyət göstərir. Həmçinin tibb məntəqələrində çalışan peşəkar hərbi həkimlər Vətən müdafiəçilərinin səhhətinin keşiyində inamla dayanırlar. Onlar müayinə və müalicə işini yüksək səviyyədə təşkil edərək zabit, gizir və əsgərlərin səhhətlərini daim diqqətdə saxlayırlar. Bununla yanaşı, xəstəliklərdən qorunmaq üçün mütəmadi olaraq hərbi hissədə maarifləndirici söhbətlər aparır, tibbi profilaktik, dezinfeksiya işləri görürlər.
"N" hərbi hissəsinin tibb məntəqəsində də xidmət yüksək səviyyədə təşkil olunduğunun şahidi oluruq. Otaqlarda təmizlik, səliqə-sahman hökm sürürdü. Növbətçi həkim tibb xidməti leytenantı Elnur Hüseynov tibb məntəqəsində işin təşkilindən danışdı. Məntəqəyə müraciət edən hərbi qulluqçuların ilk olaraq qəbul otağında qeydiyyata alındığını bildirdi: "Həkim xəstənin səhhətində yaranan narahatlığı dəqiq öyrənmək üçün onunla səmimi ünsiyyət qurmalıdır. Onun səmimiyyəti, qayğısı ilkin müalicəsidir. Çünki həkim elə mühit yaratmalıdır ki, xəstə ona inansın, tam səmimi danışsın. Ona görə də məntəqədəki həkimlərin hər biri bura müraciət edənlərə qayğı ilə yanaşır, şikayətlərini diqqətlə dinləyir, sonra müayinə edirlər. Bundan əlavə tez-tez şəxsi heyətlə görüşür, mövsümi xəstəliklərdən, xəstəliktörədici viruslardan qorunmağın yolları haqqında onları təlimatlandırırıq. Bütün bilik və bacarıqlarımızı səfərbər edirik ki, onların sağlamlığında heç bir narahatlıq olmasın ki, döyüş hazırlığı ilə yüksək səviyyədə məşğul ola bilsinlər".
Tibb məntəqəsinə müraciət edən əsgər Bayram Əhmədovun müayinə prosesini də izlədik. Halsızlıqdan və başağrısından şikayətlənən əsgər bölüyün baş çavuşu tərəfindən məntəqəyə gətirilmişdi. Tibb xidməti leytenantı Elnur Hüseynov əvvəlcə qəbul otağında əsgərin məlumatlarını qeydiyyat kitabına yazdı. Sonra onunla fərdi söhbət etdi, şikayətlərini dinlədi. Hərarətini yoxladıqdan sonra qan təzyiqini ölçdü. Prosesləri izlədikcə Elnurun işinə olan sevgisi və peşəsinin incəliklərinə yaxşı bələd olduğu görünürdü. Qayğıkeşliyi, səmimiyyəti, verdiyi tövsiyələri əmin edirdi ki, burada xidmət edən şəxsi heyətin sağlamlığı əmin əllərdədir. Bu əminliyimi tibb məntəqəsində müalicəsini başa vurub bölməsinə qayıdan əsgər Məhəmməd Qədimov da təsdiqlədi. "Burada müalicə alanların hamısına yüksək qayğı göstərilir, səhhətimiz diqqət mərkəzində saxlanılır. Gün ərzində bir neçə dəfə müayinə aparırlar. Bir sözlə, tez vaxtda sağalmağımız üçün zəruri işlərin hamısı yüksək səviyyədə görülür və ehtiyac olan bütün növ dərmanlardan istifadə olunur. Məntəqədəki həkimlərin hər biri əlindən gələni edir ki, tez sağalıb xidmətimizi davam etdirək. Bütün təminatlarımız kimi sağlamlığımızın da diqqətdə saxlanılması bizə, Azərbaycan əsgərinə yüksək dəyərin göstəricisidir. Hər birimiz qürur duyuruq ki, azərbaycanlıyıq, rəşadətli və qalib ordunun əsgərləriyik. Nümunəvi xidmət edib, dövlətimizin, ordumuzun adına layiqli əsgər olmağa çalışırıq", - Məhəmməd dedi.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR