Ordu quruculuğunun tərkib hissələrindən biri kimi şəxsi heyətin döyüş hazırlığının həmişə yüksək səviyyədə saxlanılması fiziki hazırlıqla tənzimlənir. Hərbi hissələrdə günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıq məşğələləri də keçirilir ki, bu da mahiyyəti baxımından sistemli hazırlıq prosesidir.
"N" hərbi hissəsində gənc əsgərlərin sıra hazırlığı fiziki hazırlıqla paralel aparılır. Sıra hazırlığı da, fiziki hazırlıq da gənc əsgərin qoşunlarda xidmətə təlimatlara müvafiq hazırlığı üçündü. Leytenant Gündüz Hüseynov bu amillərə həmişə ciddi əməl edildiyini, hərbi hissədə fiziki hazırlıq üzrə məşğələlərin günün nizam qaydalarına uyğun olaraq müntəzəm keçirildiyini bildirdi.
Zabit onu da dedi ki, gənc əsgərlər sıra hazırlığına hansı səviyyədə maraq göstərirsə, fiziki hazırlığa da həmin səviyyədə maraq göstərirlər. Əmin olduq ki, gənc əsgərlərin də, zabitlərin də fiziki hazırlıq üzrə məşğələlərə belə həssas münasibəti hərbi xidmətə münasibətin ifadəsidir.
Zabit qeyd etdi ki, fiziki hazırlıq idmandır, idman isə gənclərin, bu baxımdan əsgərlərin iradi keyfiyyətlərini yüksəltmə vasitələrindəndir. Yüksək iradi keyfiyyətlər milli-mənəvi dəyərlərlə birlikdə əsgərin mənəvi hazırlığının tamamlanmasında son dərəcədə əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində Zəfər qazanılmasında Azərbaycan əsgərinin bu keyfiyyətləri də xüsusi əhəmiyyət kəsb etmişdi...
Leytenant Gündüz Hüseynovun göstərişi ilə idman təlimatçısı fiziki hazırlıq məşğələsini təşkil etdi. Gənc əsgərlər idman meydançasında müxtəlif idman qurğularında müxtəlif təmrinləri yerinə yetirirdilər. Hərəkətlərində çeviklik hiss olunurdu, həm də tapşırıqları təlimata müvafiq yerinə yetirməyə gücləri də çatırdı. Əsgərlərdən heç biri təmrinləri icra etməkdə çətinlik çəkmirdilər. Bu, təlimatçını da, əsgərlərin özlərini də razı salırdı.
- Əsgərlərin əksəriyyəti hərbi xidmətə başlayanda belə fiziki imkanlara malik deyildilər. Onlarla asudə vaxtlarının hesabına növbədənkənar, əlavə ilkin fiziki hazırlıq məşğələləri təşkil etdik, sonra təlimata uyğun, planlı fiziki hazırlıq məşğələlərinə başladıq. İndi hamısı tapşırıqları qüsursuz, təlimatda müəyyənləşdirilmiş müddətlərdə yerinə yetirirlər.
Belə məşğələlərdə, adətən, az çətinlikli hərəkətlərdən çətin hərəkətlərə keçid edirik ki, bu da gerçək məşq prosesi kimi qəbul olunmalıdır. Belə məşqlərə görə gənc əsgərlər qoşunlarda idmanın bu və ya digər növü ilə məşğul olmaq üçün fiziki imkanlar əldə edəcəklər, - təlimatçı belə dedi.
Bu hərbi hissədə də fiziki hazırlıq səhər gimnastikası ilə başlayır və təklif edilən təmrinləri əsgərlərin hamısı yerinə yetirirlər. Mütəmadi olaraq onlardan fiziki hazırlıq üzrə normativlər qəbul edilir. Belə planlı hazırlıq əsgərlərin fiziki güclərini daha da artırır. Məşğələdə təlimatçı idman hərəkətlərini ləng yerinə yetirən əsgərə də, düzgün yerinə yetirməyən əsgərə də göstərişlər verir. Hərəkət əvvəlcə fərdi şəkildə icra edilir, sonra qrup halında.
Məşğələ hava şəraitinə görə fasilələrlə aparılır. Fasilədə əsgərlər yoldaşlarına müəyyən məsləhətlər verirlər ki, bu da az sonra səmərəli olur. Əsgər Ömər Əliyev fiziki hazırlıq məşğələlərində bütün idman qurğularında məşq etməyin maraqlı olduğunu, ancaq paralel qolları daha çox sevdiyini bildirdi:
- Bu və ya digər hərəkəti yerinə yetirəndə əzələlər tam gərilir, bu isə əzələnin inkişafında əhəmiyyətlidir. Biz fiziki hazırlığımızı yüksəltməklə döyüş hazırlığımızın yüksəlməsinə şərait yaradırıq.
Əsgər İlkin Abbasov əsgər yoldaşının sözünə qüvvət kimi dedi ki, yaxşı əsgər intizamlı əsgərdir, intizamlı əsgər həm də fiziki hazırlığını artırmaqla yüksək döyüş hazırlığına nail olmağa çalışan əsgərdir.
Şahidi olduq ki, hərbi hissədə fiziki hazırlıq təlimatlara müvafiq təşkil olunur və gənclərin yüksək döyüş hazırlığına malik əsgərlər kimi formalaşmasında əhəmiyyətli olur. Bir sözlə, bu hərbi hissədə də fiziki hazırlıq məşğələləri döyüş hazırlığının tərkib hissələrindən biri kimi yüksək səviyyədə təşkil olunur...
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR