Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2023 13:45

Vəzifə borcu doğma münasibətlərlə yerinə yetirilir...

Səliqə hər şey olmasa da, çox şeydir və məsuliyyətin göstəricisidi, kollektivçilik əhval-ruhiyyəsidi, bunları ümumiləşdirən könül xoşluğudu. Hərbi hissələrdə də belədi...
Təmiz hərbi mundir, təmiz yataq yerləri arzulanan xoş ovqat yaradır. Bu ovqat hərbi hissənin camaşırxanasında işləyən mülki işçilərin işə məsuliyyətinin, hərbi qulluqçulara - əsgərlərə doğma münasibətinin (əslində, doğmalığının) təzahürüdü. Əsgər mundirinin vaxtaşırı yuyulub ütülənməsi, yataq dəstlərinin hər həftənin sonunda dəyişdirilməsi vəzifə borclarının məsuliyyətlə yerinə yetirilməsinin, bu borcları da sədaqətlə əhatələyən mənəvi doğmalığın nəticəsidi.
"N" hərbi hissəsinin camaşırxanasında "Görünən dağa nə bələdçi" məsəlini xatırladıq - hərbi hissənin - əsgər yataqxanaların səliqəliliyini təmin edənlərin iş yerində də yaradılmış səliqəyə göz dolusu baxdıq. Camaşırxananın rəisi Cəbi Çobanovun ovqatımıza bir beytlik münasibətindən məmnunluq duyduq.
Özünün közünü yandırammayan,
Qalaya bilərmi el ocağını?!
- Camaşırxanamızda bütün zəruri aparatlar var, hamısı işlək vəziyyətdədir. Ona görə də əsgərlərin geyimlərinin, yataq dəstlərinin vaxtında təmizlənməsində, ütülənməsində heç bir problemimiz olmur.
Camaşırxananın işçiləri - Xalidə Məmmədova, Mərcan Hacıyeva, Flora Namazova və başqaları əsgərlərin məişət şəraitinin həmişə yaxşı səviyyədə saxlanılması üçün məsuliyyətlə işləyirlər. Əsgərlərin hərbi geyimləri də (əsasən səhra geyimləri), yataq ləvazimatları da vaxtında yuyulur, ütülənir. Samirə Şirinova dedi ki, biz vəzifə borcumuzu yerinə yetiririk. Ancaq bu borcu ana duyğuları ilə - doğmalarımıza qulluq edirik kimi yerinə yetiririk.
- Yuyulub təmizlənmiş paltarlar da, yataq ləvazimatları da ütü ilə gözəlləşir. Mən də, Sevil Məmmədova da yuyulub təmizlənmiş paltarları böyük həvəslə ütüləyirik. Səhərisi əsgərləri təmiz, ütülənmiş hərbi paltarda görəndə onlara xoş ovqat yaşatdığımıza görə sevinirik. İşimizdən razıyıq, ordumuz üçün işləməyimizdən qürur duyuruq, - Nərgiz Rüstəmova belə dedi.
Cəbi Çobanov onu da dedi ki, camaşırxananın işçiləri avadanlıqların saz vəziyyətdə saxlanılması qayğısına da qalırlar - istifadədən sonra avadanlıqlar təlimata uyğun səviyyədə təmizlənir, silinir, növbəti istifadə üçün hazır vəziyyətə gətirilir. İşə belə münasibət iş prosesində dayanmalar yaranmasına imkan vermir...
"N" hərbi hissəsinin camaşırxanasının fəaliyyəti şəxsi heyətin tələblərinə tam cavab verir...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR