Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2023 19:43

“Vətən müharibəsində mühüm və şərəfli vəzifələri icra etdik”

Kapitan Anar Rəhimlini xeyli vaxtdır ki, tanıyıram. Onunla tanışlığımız əlamətdar bir gündən - andiçmə mərasimindən başlayıb. Həmin gün gənc zabit bacarığı və təşkilatçılığı, həm əsgərlərlə, həm də onların valideynləri ilə davranışı, göstərdiyi diqqət və qayğısı ilə diqqətimi cəlb etmişdi.
Müdriklərdən biri gözəl deyib ki, dənizin duzlu olduğunu bilmək üçün onun suyunun hamısını içməyə ehtiyac yoxdu. Bir damcısını dilinə vuranda bilirsən ki, göz işlədikcə uzanan dənizin suyu duzludur, içməli deyil. Bənzətməmin yerinə düşüb-düşmədiyini dəqiq deyə bilmərəm. Yalnız onu qeyd etmək istəyirəm ki, insan da elə haradasa dənizin suyu kimidir. Bir sözündən, bir hərəkətindən hiss edirsən ki, o necə bir insandır.
Gənc əsgərlərin Hərbi Andı qəbul etmələrinə həsr olunmuş mərasimdə tanış olduğum kapitan Anar Rəhimlinin bir hərəkətindən, bir sözündən necə yüksək biliyə və mədəniyyətə malik olduğunu gördüm. İlk tanışlığımızdan xeyli müddət keçib. Keçən bu zaman ərzində gənc zabitlə bir neçə dəfə görüşüb söhbət etmiş, daha da yaxından tanış olmuşuq. Bəlkə də ilk baxışdan belə görünür ki, yaxından tanıdığın birisinin portret cizgilərini cızmaq, onun ömür yollarını sözün qüdrəti ilə ardıcıllıqla nizama düzmək asandır. Əslində isə, belə deyil. Atalar əbəs yerə deməyiblər ki, ən çətin iş göz önündə olanı görməkdir. Gənc zabitin üzünün nuru, gözlərinin dərinliyində duyulan mənəvi zənginliyi, saflıq və yaşadığı şərəfli ömür yolu həmçinin, başqa müsbət xarakterləri yaradıcı insanın işini xeyli asanlaşdırır. Məhz bütün bunlara görə onun keçmişindən gələn  ömür yolları olduqca aydın görünür. Beləcə, aydınlıq içində gənc zabitin ömür tarixçəsinə cığır salırıq. Bu cığır, bu yol getdikcə genişlənir, şaxələnir.
Kapitan Rəhimli Anar Əfqan oğlu 1992-ci ildə Zərdab rayonunda dünyaya göz açıb. Mətbuatımızın banisi olan Həsən bəy Zərdabi adına 1 nömrəli orta məktəbdə oxuyub. 2009-cu ildə orta təhsilini yüksək qiymətlərlə başa vurub. Hələ kiçik yaşlarından kitablarla dostluq edib ki, ürəyindəki arzularının arxasınca getsin, ali təhsil alsın. Yüksək hazırlığı, çalışqanlığı onu istəklərinə qovuşdurub. Məktəbi bitirdiyi il - 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin gənclərin çağırışa hazırlıq fakültəsinə qəbul olub. Anar bu peşəni ona görə seçib ki, gələcəyin əsgərlərinə ilkin hərbi vərdişləri öyrətsin, onları qarşıdakı hərbi xidmətə hazırlasın. Bu amalla, bu məqsədlə universitetə qəbul olan Anar hərbi bilikləri dərindən öyrənməyə başlayıb. Yaxşı bilib ki, bu ali təhsil ocağında öyrənəcəyi hərbi biliklər gələcək ömür yolunda ona uğur gətirəcək. 2013-cü ildə ali təhsilini başa vuran Anar Rəhimli müəllim yox, zabit olmaq qərarına gəlib. Qərarını həyata keçirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nu uğurla başa vuraraq "leytenant" rütbəsinə layiq görülüb. Cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətə başlayıb. Erməni işğalçıları ilə üzbəüz mövqelərdə qətiyyətlə dayanaraq torpaqlarımızı qoruyub. Bir zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.
Xidmətini başqa hərbi hissələrdə davam etdirən gənc zabit intizarla torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin başlayacağı günü gözləyib. Gözlənilən gün gəlib. Həmin il Anarın yaşı 28 olub. Bəzi rayonların işğal tarixləri onunla yaşıd imiş. 27 sentyabr 2020-ci ildə erməni təxribatlarına qarşı Vətən müharibəsi başlayan zaman Anar da zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Həmin günlərdən söz açan kapitan Anar Rəhimli dedi:
- Ermənilərin mövqelərimizə hücumları başlayanda cəbhə xəttinə göndərildik. Komandanlıq üzərimizə çox mühüm və şərəfli bir vəzifə qoymuşdu. Tapşırıq nə qədər çətin və təhlükəli olsa da, Vətən sevgisi, torpaqlarımızı azad görmək istəyi bizə güc verirdi. Vəzifəmizin məsuliyyətini nəzərə alaraq irəli - döyüşçülərin yanına tələsirdik. Nəyin bahasına olursa-olsun, üzərimizə düşən tapşırıqları uğurla yerinə yetirirdik. Torpaq uğrunda vuruşan bölmələrimizi silah-sursatla təmin edirdik. Müharibədə silah təminatı vacib şərtdir.
Qürur duyuram ki, düşmən üzərində qazanılan qələbədə az da olsa, mənim də əməyim var. Gündən-günə güclənən, qüdrətlənən ordumuzun zabiti kimi Zəfərimizə çox sevinirəm.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"