Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Azərbaycan Ordusunda da rəğbətlə qarşılandı. Bu istiqamətdə keçirilən tədbirlər ordumuzun şəxsi heyətinin Ulu Öndərə olan ehtiramının ifadəsidir.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində "Heydər Əliyev İli" çərçivəsində növbəti tədbir keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə dahi şəxsiyyətin həyatı, çoxşaxəli dövlətçilik fəaliyyəti, müstəqil Azərbaycan dövlətini siyasi, iqtisadi böhranlardan xilas etməsi haqqında ətraflı danışıldı.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Turac Yusifova Ulu Öndərin Azərbaycan naminə fəaliyyətindən, həyata keçirdiyi böyük islahatlardan ətraflı məlumat verərək iftixarla bildirdi ki, Heydər Əliyev Azərbaycan tarixinin ən müdrik, uzaqgörənliyi ilə seçilən dövlət xadimlərindəndir.
Ulu Öndərin xalqa müraciətlə dediyi fikri xatırlatdı: "...İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam".
Müasir Azərbaycan dövləti Azərbaycan xalqının Ümummilli Liderinin siyasi dühası, dövlətçilik fenomeni ilə dünya dövlətləri sırasında önəmli yer tutdu, regionun ən güclü, qüdrətli dövlətinə çevrildi. Bu siyasi kurs dahi tarixi şəxsiyyətin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən müddət ərzində ölkəmizdə elmi, texniki, iqtisadi, siyasi hərbi sahələrdə əsaslı inkişaf tempi təmin edilmiş, ordu quruculuğu sahəsində tarixi nailiyyətlər qazanılmışdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixinə yeni Zəfər salnaməsi kimi yazılmışdır. Tarixi qələbənin əldə edilməsinin əsası da məhz Ulu Öndər tərəfindən qoyulmuşdu. Qətiyyətlə demək olar ki, Heydər Əliyev yolu ilə uğurla addımlayan xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atacaqdır.
Sonra Vətən müharibəsinin iştirakçıları - Şamxal İsrafilzadə, Mehman Novruzov çıxış edərək rəşadətli ordumuzun tarixi qələbəsindən söhbət açdılar. Bildirdilər ki, onlar indi də Müzəffər Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdırlar.
Sonra hərbi qulluqçulara hədiyyələr təqdim edildi.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Vətən uğrunda" ansamblının solistləri Sevinc Nəsirova, Arif Səfərov və Samir Məmmədov vətənpərvərlik mövzusunda və Ulu Öndərə həsr olunmuş mahnılar ifa etdilər. Konsert proqramı tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"