Qarazadə Nicat Malik oğlu 24 oktyabr 2002-ci ildə Yardımlı rayonunda dünyaya göz açıb. Bir müddətdən sonra valideynləri Bakı şəhərinə köçüblər. Nicat Ceyranbatan qəsəbəsindəki 2 nömrəli orta məktəbdə oxuyub. 2020-ci ildə, 18 yaşı tamam olanda ordu sıralarına çağırılıb. Hələ kiçik yaşlarından hərbi biliklərə böyük maraq göstərən əsgər Nicat Qarazadə xidmətinin ilk günlərindən keçirilən dərs və məşğələlərdə fəal iştirak edib. Təlim-məşqlərdə hərbi biliklərə, silahların sirlərinə və döyüş vərdişlərinə həvəslə yiyələnib. Məşğələlər arxada qaldıqca təcrübəsi daha da artıb. Getdikcə artan bu təcrübə Nicatı ordu həyatına daha sıx tellərlə bağlayıb.
Sanki aylar, illər tez keçib. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirən əsgər Nicat Qarazadə ordu sıralarından tərxis olunub. Amma hərbi həyata ürəkdən bağlı olan Nicat bir neçə aydan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordumuzun sıralarına qayıdıb.
Nicat Qarazadə 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarının işğalından azad olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrin birində xidmət edirdi. Hərbçi kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Qısa müddət ərzində bacarığı və cəsarəti ilə həm komandirlərinin, həm də əsgər yoldaşlarının rəğbətini qazanmışdı.
Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından sarsıdıcı zərbələr alan ermənilər geri çəkilməyə məcbur olmuşdular. Düşmən məğlub olsa da, sakit dayanmır, tez-tez təxribatlar törədirdi.
Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə 12-14 sentyabr 2022-ci ildə Azərbaycan Ordusu qətiyyətli cavab tədbirləri həyata keçirdi. Vətəninə, yurduna ürəkdən bağlı olan Nicat Qarazadə də bu əməliyyatda iştirak edirdi. Döyüş hazırlığı yüksək olan Nicat düşmənə nifrət yağdıra-yağdıra ön sıralarda vuruşurdu. Düşmən ilk dəqiqələrdə müqavimət göstərsə də, sonradan zəiflədiyi hiss olundu. Öndə döyüşən Nicat dəqiq atəş zərbələri ilə erməniləri məhv edirdi. Onlar addım-addım geri çəkilirdi. Nicatın güllələri hədəfdən yayınmırdı. Təəssüf ki, döyüşün qızgın çağında - sentyabrın 13-də cəsur əsgər Nicat Qarazadə yaralandı. Həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilmədilər. Ertəsi gün yaxınları, doğmaları onu İkinci Şəhidlər xiyabanında torpağa tapşırdılar.
Nicat müdafiəsinə qalxdığı Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhid oldu. Qarazadə Nicat Malik oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə və "Vətən uğrunda" medalına layiq görüldü.
Nicatın şəhid olduğu gündən bir il keçir. Bu münasibətlə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirildi. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, dövlətimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidin məzarı üstünə əklillər qoyuldu, gül-çiçəklər düzüldü. Din xadimi Hacı Rasim Xudaverdiyev şəhidlərin ruhuna dualar oxudu.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev çıxış edərək əsgər Nicat Qarazadənin şərəf dolu döyüş yolundan danışdı: “Torpaqlarımızın işğaldan azad olunduğuna görə biz şəhidlərimizə borcluyuq. Onların igidliyi və qəhrəmanlığı sayəsində düşmən geri oturduldu. 30 ilə yaxın işğala son qoyuldu. Bu gün işğaldan azad olunan yerlərdə quruculuq işləri aparılır. Bu quruculuq işləri şəhidlərimizə qoyulan ən dəyərli abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq dövlət tərəfindən şəhid ailələrinə və müharibə vetertanlarına böyük diqqət və qayğı göstərilir”.
Millət vəkili Bəhruz Məhərrəmli də çıxış edərək dedi ki, valideyn üçün övlad çox qiymətlidir. Ona görə də onu itirəndə ağrı-acısına dözmək çox çətin olur. Amma Vətən övladdan da qiymətlidir. Vətəni yadelli işğalçılardan qorumaq oğulların ən müqəddəs borcudur. Təəssüflər olsun ki, bu şərəfli borcu yerinə yetirərkən oğullarımız şəhid olurlar. Əsgər Nicat Qarazadə də yurdumuzu qoruyan əsgərlərdən biri idi. O, üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Biz belə cəsur oğulların qəhrəmanlığını unutmayacaq, onların xatirələrini həmişə əziz tutacağıq.
Şəhidin babası Qaraxan Qarayev çıxış edərək Nicatın qəhrəmanlığından söz açdı. Onun uşaqlığından, yeniyetməliyindən danışdı. Nəvəsinin xatirəsini əziz tutduqlarına görə mərasimə toplaşmış insanlara dərin minnətdarlığını bildirdi.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR