Hərbi andiçmə hər bir kursantın ömrünün ən yaddaqalan gününə dönür. Bu andlar sədaqət deməkdir, inandırmaqdır - Vətən naminə xidmət üçün içilən bu andlar amal deməkdir. Üçüncü ildi hərbi təhsil müəssisələrinə daxil olan kursantlar Böyük Qələbəmizin qüruru ilə Hərbi And, Şərəf Andı içirlər. Bu qürur əbədiyyən yaşadılacaq. Kursantlar gələcəyin zabitləri kimi bu mərasimi hərbi xidmətin başlanğıcı bilirlər.
"Azərbaycan Ordusu"
Kursant Hikmət İbrahimov:
- Hərənin peşə seçiminə müəyyən amillər təsir göstərir. Tam əminliklə deyə bilərəm ki, son üç ildə gənclərin peşə seçimində Vətən müharibəsinin böyük təsiri olub. Yəni, gənclər onsuz da Vətəni sevir, Vətən müharibəsi bu sevgini daha da müqəddəsləşdirdi.
Hər bir azərbaycanlı kimi, mən də tarixi Zəfərimizi xalqımız üçün dünyəvi qürur bilirəm. Əgər əmim hərbçi olmasaydı, yəqin ki, mən də məhz bu amilə görə hərbçi olmağı qərara alardım. Əmim hərbçidir. Onu hərbi mundirdə görəndə sevinirdim, əmim də, valideynlərim də mənim sevincimə sevinirdilər. Fikrimi bəyənmişdilər, arzuma, niyyətimə xeyir-dua vermişdilər.
Bu il mən də sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdim. İmtahanlarda yaxşı nəticə göstərdim, qəbul olundum. Bunu uğur hesab edirəm. Mən də kursant olmaq üçün illərlə bu arzu ilə yaşamışam, indi arzuma çatmışam. Bu günün sevincini heç zaman unutmayacam. Mənimlə orta məktəbdə bir sinifdə oxuyan yoldaşlarımın da qürurlandığına əminəm.
Hərbi liseyə qəbul olunan bütün kursantları təbrik edirəm. Biz kursant kimi Şərəf Andı içdik. Qəbul sevincini Şərəf Andı içmə mərasimi tamamladı. Bu günü tarixi gün kimi xatırlayacağıq.
Kursant Ruslan Səfərli:
- Bu gün mən və kursant yoldaşlarım üçün unudulmaz və qürurverici bir gündür. Hər birimiz məktəb sıralarından ayrılıb ordu sıralarına ilk qədəmlərimizi qoyuruq. Düşüncələrimiz və gündəlik həyat tərzimiz fərqli ola bilər, ancaq Vətənimizə, millətimizə, xalqımıza sevgimiz eynidir. Bu gün Şərəf Andını qəbul etdik.
Mənim dayım da Vətən müdafiəçilərindəndir. Hazırda işğaldan azad olunmuş Kəlbəcər rayonunda xidmətini davam etdirir. Məndə hərb sənətinə marağı dayım yaradıb. Xatırlayıram: hələ uşaq yaşlarımda dayım bizə gəldiyində daim vətənpərvərlik mövzusunda söhbətlər edər, hərbçi olmağın necə şərəfli bir peşə olduğunu deyərdi. Onu hərbi formada gördükcə bu geyimə sevgim daha da artardı. Mənim də dayım kimi zabit olmaq istəyimi bildikdə valideynlərim çox sevindi. Liseyə qəbul imtahanlarında iştirak etdim. İmtahanlarda müvəffəqiyyət qazanaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı adını qazandım. Söz verirəm ki, bundan sonra da dərslərimə məsuliyyətlə yanaşacaq, valideynlərimin mənə inamını doğruldaraq Azərbaycan Ordusunun şərəfli zabiti olacağam. Kursant yoldaşlarımı Şərəf Andı içmələri və yeni tədris ili münasibətilə təbrik edirəm.