Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2023 16:50

Hərbi xidmət möhkəm dostluqların başlanğıcıdır

Bu dəfə yolumuz "N" hərbi hissəsinədir. Sübh tezdən mənzilə doğru yol alırıq. Yolumuz isə o qədər də uzun deyil. Qısa vaxt ərzində hərbi hissəyə çatırıq. İlk dəqiqələrdən ətrafı izləyib müşahidə aparırıq. Burada hər bir əsgərin simasında qürur, fərəh hisslərinin çiçək açdığını gördükdə sevincimizin də qədəri artır.
Bir-bir onlara yaxınlaşıb fikirlərini öyrənib, hər ağızdan fərqli cümlələr, fərqli sözlər eşitdik. Simalarında duyduğumuz fərəh hissindən özləri də danışaraq bizlərə fikirlərimizdə yanılmadığımızı təsdiqlədilər.
Kənarda dayanan iki əsgər diqqətimizi çəkdi. Onlar bir-birləri ilə danışıb gülümsünürdülər. Bir qədər də onları izlədikdən sonra əsgərlərə yaxınlaşıb söhbətləşdik. Bildirdilər ki, hərbi xidmətdə möhkəm dostluq münasibəti qura biliblər.
Əsgər Novruz Hümbətli əslən Kəlbəcər rayonundan olsa da, bir vaxtlar torpaqları işğal altında olduğundan ailəsi ilə birlikdə Oğuz rayonunda məskunlaşıb, orada böyüyüb boya-başa çatıb. Xidmətinin son aylarında olduğunu deyən əsgər Novruz Hümbətli buraya çox alışdığını və dostlarından ayrı qalacağı üçün kədərləndiyini bildirdi.
Dostu əsgər Ural Həsənov isə Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Dostluqlarının hərbi xidmətdə möhkəmləndiyini deyən gənclər əsgər dostluğundan danışdılar.
Novruz bildirdi ki, Ural hərbi xidmətə yeni gəldikdə buradakı mühitə alışmaq onun üçün bir az çətin idi. Buna görə də əlimdən gələn köməkliyi etdim.
"Yeni mühitə uyğunlaşmaq insandan olduqca böyük güc və iradə tələb edir. Buraya gəlməzdən qabaq hərbi xidmətin özünəməxsus çətinlikləri haqqında çox eşitmişdim. Xidmətə başlayana qədər bu deyilənləri o qədər də anlaya bilmirdim. Buradakı qaydalara, yeni şəraitə alışmaq bir az vaxt aldığından məlumatlı biriylə ünsiyyət qurub onun təcrübələrindən bəhrələnmək yeni mühitə rahat uyğunlaşmağa kömək edir. Novruz da əlindən gələn köməyi əsirgəmədi. İndi isə asudə vaxtlarımızda onunla müxtəlif mövzularda  söhbətlər edir, kitablar oxuyaraq mövzu ətrafında diskussiyalar aparırıq. Bizim sevimli oyunlarımızdan biri də şahmatdır. Düşünürük ki, ordumuzun şəxsi heyəti nə qədər güclü olsa da, onlar intellektual baxımından da fərqlənməyi bacarmalıdırlar.
Hərbi xidmət Novruzla mənim dostluğumun başlanğıcı oldu. Burada onun kimi dost tapdığım üçün özümü xoşbəxt hiss edirəm. Əminəm ki, dostluğumuz xidmətimizdən sonra da davamlı olacaq..." - deyə əsgər Ural Həsənov bildirdi.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR