Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu ildən-ilə müasir silahlarla təmin olunur, bölmələrin arsenalı ən yeni döyüş texnikaları ilə zənginləşdirilir. Alınan hər bir silah və texnika təyinatı üzrə qoşunlar tərəfindən Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində Vətən müharibəsində ümumilikdə düşmənin istənilən təxribatının qarşısının alınmasında uğurla istifadə olunub. Danılmaz faktdır ki, döyüş əməliyyatlarının idarə olunmasında mühüm vəzifələrdən biri də rabitəçilərin üzərinə düşür.
Hazırda rabitə və AİS sahəsində böyük texnoloji yeniliklərə imza atılıb, rabitə bölmələri müasir tələblərə cavab verən yeni texniki vasitələrlə təchiz olunub. Döyüş zamanı qoşunlar arasındakı rabitə əlaqəsinin yüksək səviyyədə təşkili 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Müharibə zamanı müasir avadanlıqlarla təchiz olunan rabitə bölmələrimizin təcrübəli hərbi qulluqçuları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardılar. Belə ki, düşmənin hər bir məkrli niyyətinin qarşısı şəxsi heyətimiz tərəfindən qabaqcadan görülən önləyici tədbirlər nəticəsində alındı.
"N" hərbi hissəsində olarkən rabitəçi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Məhəmməd İsayev ilə tanış olduq. Cəlilabad rayonunda doğulub boya-başa çatan Məhəmməd uzun illərdir hərbi formanı şərəflə daşıyır. O da Vətən müharibəsinin iştirakçılarındandır.
"Rabitəçi olmaq nəzəri və praktiki biliklər tələb edir", - deyən Məhəmməd söhbətə başladı. "Dövlətimizin ordumuza olan ali diqqətinin nəticəsidir ki, bölməmizin güclü maddi-texniki təminatı, müxtəlif növ avtomatlaşdırılmış rabitə vasitələri var. Əlbəttə, hər bir müasir silah və texnikanı istifadə etmək üçün bilikli, bacarıqlı və təcrübəli olmaq lazımdır. Rabitə avadanlıqlarından istifadə qaydasını bilməklə yanaşı, yarana biləcək problemləri də vaxtında aradan qaldıra bilməlisən ki, xidmətdə fasilələr yaranmasın. Peşəkar rabitəçi olmaq texniki elmlərdən məlumatlı olmağı tələb edir. Üzərimizə düşən əsas vəzifələrdən biri bölmələri dəqiq və etibarlı məlumatlarla, eyni zamanda, fasiləsiz əlaqə ilə təmin etməkdir. Bir sözlə, rabitə xidməti göründüyündən daha çətin və məsuliyyətlidir".
Çavuş Məhəmməd İsayev, həmçinin qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı bölməmiz qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb. "Hərbi rabitəçilərimiz əməliyyatların aparıldığı yerdə təyinat üzrə hərbi hissəmizin aidiyyəti bölmələrinin yüksək döyüş fəallığını təmin etmək məqsədilə üzərlərinə düşən vəzifəni tam yerinə yetirdilər. Bölmələr arasında dayanıqlı rabitə əlaqəsinin olması igid oğullarımızın tarixi torpaqlarımıza doğru irəliləməsini asanlaşdırdı. Onların şücaəti nəticəsində 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə yekunlaşdı. Tariximizə qızıl hərflərlə yazılan şanlı qələbənin, torpaqlarımızın azadlığı uğrunda aparılan bu tarixi döyüşlərin iştirakçısı olmaq məni də qürurlandırır".
Söhbət zamanı öyrəndim ki, Məhəmməd İsayev də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"