Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2023 16:50

Bu gün təlimdə qazanılan uğur sabahkı qələbəyə zəmin yaradır

Hərbi hissənin ərazisinə daxil olmaq üçün nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq. Burada dayanan əsgərlərin üz-gözündən məğrurluq, igidlik yağırdı. Hiss olunurdu ki, onların ürəyi Vətənə sevgi ilə döyünür. Təbiidir ki, ürəyi vətənpərvərlik duyğuları ilə dolub-daşan bu əsgərlər döyüşlərdə hünər göstərəcək, üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcək, düşmən hədəflərini sərrast atəşlə məhv edərək zəfər qazanacaqlar.
İlk olaraq mayor Anar Baxşəliyevlə görüşüb söhbət etdik. 44 günlük Vətən müharibəsinin od-alovundan cəsarətlə keçmiş zabit dedi ki, hərbi hissəmizin şəxsi heyəti döyüşlərdə böyük igidlik  göstərdi. Qələbənin qazanılmasında biz istehkamçıların da böyük əməyi oldu. Bu gün hərbi hissəmizin hərbi qulluqçuları müxtəlif bölgələrdə torpaqlarımızı erməni qəsbkarlarının basdırdıqları minalardan və partlamamış silah-sursatlardan təmizləyirlər. Onlar üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Bütün bunlarla yanaşı, şəxsi heyət müntəzəm olaraq keçirilən təlim-məşqlərdə daim döyüş hazırlıqlarını da artırır. Hazırda hərbi qulluqçularımız təlim mərkəzində məşğələ keçir, böyük həvəslə yeni bilik və vərdişlərə yiyələnirlər.
Hərbi qulluqçuların çöl məşğələsini izləmək üçün təlim mərkəzinə getdik. Məşğələnin hər dəqiqəsindən səmərəli istifadə edən istehkamçılar mövzuya uyğun olaraq dərs keçirdilər.
Döyüşlər zamanı istehkamçıların üzərinə məsuliyyətli vəzifələr düşür. Onlar döyüşən qüvvələrin irəliləməsi üçün düşmənin minaladığı yolları, keçidləri açırlar. Şəxsi heyət isə bu yollardan, cığırlardan keçərək işğalçıların üzərinə hücuma keçir, düşməni məhv edir, qələbə qazanırlar. Deməli, zəfərin qazanılmasında istehkamçıların çox böyük rolu var. İstehkamçılar haqqında məşhur bir deyim var: "İstehkamçılar yalnız bir dəfə səhv edirlər". Barələrində deyilən bu sözlər onları qorxutmur. Çünki onlar ixtisaslarını sevirlər, daim öz üzərlərində çalışırlar. Onlar təcrübə və peşəkarlıqlarını həm nəzəri, həm də praktiki məşğələlər zamanı qazanırlar. Dərslərin daha da səmərəli keçirilməsi üçün komandanlıq həm tədris otaqlarında, həm də səhra şəraitində geniş imkanlar yaradıb. Elə bu imkan və şəraitin nəticəsidir ki, şəxsi heyətin döyüş hazırlığı daim yüksək səviyyədədir. Bu hərbi hissənin şəxsi heyəti bacarıqlı və peşəkar olduqlarını 44 günlük Vətən müharibəsində bir daha göstərdilər. Onlar İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı naminə qarşılarında dayanan vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Ordu hissələrinin düşmən üzərinə hücuma keçmələri üçün təhlükəsiz keçid və cığırlar açdılar. Müharibədə göstərdikləri hünər və rəşadətə görə hərbi hissənin şəxsi heyəti müxtəlif orden və medallara layiq görülüb.
44 günlük Vətən müharibəsində qalib gəlmiş istehkamçılar əldə etdikləri uğurlarla arxayınlaşmadan yenə də təlim keçir, dərs və məşğələlərdə bacarıq və səriştələrini artırırlar. Budur, istehkamçıların növbəti təlim-məşqlərini maraqla izləyirik. İlkin təəssürat olaraq deyək ki, gördüklərimiz bizi çox sevindirir. Çünki hərbi qulluqçularımız hər addımda qarşıya qoyulan tapşırıq və vəzifələri yüksək peşəkarlıqla və əzmkarlıqla yerinə yetirirlər. İnanırıq ki, bu peşəkarlıq və əzmkarlıq həmişə onlara uğurlar qazandıracaq.
Baş leytenant Boris Qorçiyev məşğələnin mövzusunu şəxsi heyətə ətraflı izah edir, verilən tapşırıqları yerinə yetirərkən tələb olunan zəruri hərəkətləri təlim iştirakçılarına əhatəli aşılayır. Təcrübəli zabit məşğələnin mövzusunu ətraflı izah etdikdən sonra, əsgərlərdən birini sıranın qarşısına çağırır və ona bir az əvvəl göstərdiyi hərəkətləri təkrarlamaq tapşırığı verir. Əyani vəsaitlərdən səmərəli istifadə edən əsgər komandirin bir az əvvəl verdiyi tapşırığı bacarıqla yerinə yetirir. Məşğələdə iştirak edən əsgərlər növbə ilə irəli çıxaraq məşğələ zamanı mənimsədikləri vərdişləri təkrar-təkrar zabitə göstərirlər. Məşğələ davam etdikcə şəxsi heyətin necə bacarıqlı və səriştəli olduğunu görürük. Əsgərlər yeni vərdişləri mənimsədikcə məşğələdə daha da həvəslə iştirak edirlər.
Çox keçmədi ki, məşğələdə fasilə elan olundu. Bundan istifadə edib istehkamçılarla görüşüb söhbət etdik, onlarla yaxından tanış olduq. Baş leytenant Boris Qorçiyev söhbət zamanı dedi ki, əsgərlərimizin hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Buna görə də hərbi hissənin şəxsi heyəti Vətən müharibəsində qarşıya qoyulan bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi, böyük igidlik göstərdi. Qoşunlarımızın təhlükəsiz şəkildə irəliləməsi üçün strateji nöqtələrdən keçidlər açıldı. Döyüşçülərimiz bu təhlükəsiz keçidlərdən irəliləyərək işğalçıların üzərinə hücum etdilər, bir-birindən böyük qələbələr qazandılar. Torpaqlarımızın azadlığı naminə hamımız erməni işğalçılarına qarşı cəsarət və hünərlə vuruşduq. İkinci Qarabağ müharibəsində hamımız üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldik. Buna görə də biz Vətən müharibəsində 28 ildən çox yurdumuzu işğalda saxlayan düşmənə sarsıdıcı zərbələr vuraraq, torpaqlarımızı azad etdik. Qələbələrimizin davamlı olması üçün, komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq dərs və məşğələlər keçir, şəxsi heyətin bilik və təcrübəsini daha da artırırıq. Əsgərlərimiz təlimlərdə fəal iştirak edərək, zəruri vərdişləri dərindən mənimsəyirlər. Bugünkü məşğələnin mövzusu "Tank əleyhinə minanın torpaq səthinə qurulması"dır. Bir qayda olaraq, biz məşğələlərin mövzularını əsgərlərimizə əhatəli şəkildə izah edirik. Onların vərdiş və bilikləri dərindən mənimsəmələri üçün məşğələlərin gedişində əyani vəsaitlərdən də bacarıqla istifadə olunur. Məşğələlər döyüş şəraitinə uyğun olaraq keçirildiyindən şəxsi heyət daha məsuliyyətlə iştirak edir. Məqsədimiz odur ki, əsgərlərimizin bilik və bacarıqlarını daim yüksək səviyyədə saxlayaq. Qoy onlar tapşırıqların öhdəsindən bacarıqla gəlsinlər. Həmişə xalqımızı xidmətdə qazandıqları uğurlarla sevindirsinlər.
- Hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində böyük igidlik göstərdi. Zabit və əsgərlərimizin erməni qəsbkarları üzərində qələbə qazanmasından qürur duyuruq, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elşən Qasımov söhbətimizə qoşuldu. - Mən də Vətənin bir əsgəri kimi döyüşlər zamanı üzərimə düşən tapşırıqların öhdəsindən uğurla gəldim. Yaxşı bilirik ki, qələbələrin qazanılmasında döyüş hazırlığının yüksək olması vacib şərtdir. Ona görə də dərs və məşğələlərdə fəal iştirak edərək biliklərimizi daim təkmilləşdiririk. Çalışırıq ki, sələflərimizin qələbə dolu döyüş yollarını yeni-yeni uğurlarımızla davam etdirək.
Məşğələdə fəal iştirak edən hərbi qulluqçulardan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sarı Mirzəyev, əsgərlər Tayfun Zərgərov, Rövşən Qurbanov və başqaları ilə də söhbət etdik. Bir daha əmin olduq ki, təlimlərdə mənimsədikləri bilik və döyüş vərdişləri gələcək xidmətlərində onlara böyük uğurlaq qazandıracaq.
Şəxsi heyətin məşğələsini yaxından izləyən baş leytenant Fərahim Baratoğlu bizimlə söhbətində dedi ki, hərbi qulluqçularımızın təkcə döyüş hazırlığı deyil, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Çünki müntəzəm olaraq ideoloji dərslər keçirilir, mövzular geniş şəkildə onlara izah olunur. Ona görə də həm döyüş hazırlığı, həm də mənəvi-psixoloji hazırlığı yüksək olan əsgərlərimiz üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən bacarıqla gəlirlər. Tapşırıqları peşəkalıq və əzmkarlıqla yerinə yetirirlər. Həmişə xidmətlərində uğur qazanırlar.
Qısa tanışlıq və söhbətdən sonra istehkamçılar məşğələlərini davam etdirdilər. Təbiidir ki, yüksək hazırlıqlı zabit və əsgərləri qarşıda yeni-yeni qələbələr gözləyir. Əminliklə deyə bilərik ki, biz həmişə onlardan xoş soraqlar alacağıq.

Oruc MUSTAFAYEV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"