Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2023 11:13

Əsgər olmağımla fəxr edirəm...

İki aydır doğma Vətənimin müsəlləh əsgəriyəm. Ali təhsilliyəm. Bakı Mühəndislər Universitetini bitirmişəm. Hərbi Dəniz Qüvvələrində xidmət edəcəyimi heç vaxt düşünməmişdim. Belə bir qoşun növündə əsgər olmaqdan qürur duyuram. Xidmətə gəldiyim ilk gündən zabitlərin, miçmanların xoş rəftarı biz gənc matroslara xoş ovqat aşılayır.
Müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana daim istifadəmizdədir. Bütün təminatların yüksək olması daima biz hərbçiləri Vətən qarşısında xidməti borcumuzu vicdanla, ləyaqətlə yerinə yetirməyə sövq edir.
Bu günlərdə Vətənə, xalqa şərəflə xidmət edəcəyimizə and içdik. Təntənəli surətdə Hərbi Andı qəbul etdik. Gənc matrosların valideynləri, qohumları, dostları da mərasimə qatılmışdılar. Xidmətə yeni gələnlərin hər biri Vətənimizin ayrı-ayrı bölgələrindəndir. Uzaq-uzaq ellərdən gələn qonaqlar tədbirdən sonra övladlarına yaradılmış şəraitlə də yaxından tanış oldular. Mənim də valideynlərim Zaqatala rayonunun Mamrux kəndindən gəlmişdilər. Dövlətimizin hərbçilərə göstərdiyi qayğını onlar da gördülər.
Qeyd edim ki, mənim və mənimlə  bir yerdə xidmət edən matrosların üzərinə böyük məsuliyyət düşür. Hər şeydən əvvəl biz komandirlərin öyrətdiyi hərbi bilikləri, hərbi nizamnamələrin tələblərini vicdanla öyrənib əməl etməliyik. Hərbi xidmətə gəldiyim ilk gündən qarşıma məqsəd qoymuşam ki, bir matros kimi komandirlərin öyrətdiyi bilik və bacarıqları mükəmməl mənimsəyəcəm. Xəzər dənizində dövlət sərhədlərinin müdafiə və mühafizəsində ayıq-sayıq dayanacaq, Vətən qarşısındakı övladlıq borcumu ləyaqətlə yerinə yetirəcəyəm.
Əminliklə deyirəm ki, xidmətimi vicdanla, şərəflə başa vurub doğmalarımın yanına alnıaçıq, üzüağ qayıdacam.

Rüfət RAMAZANOV "N" hərbi hissəsi