Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2023 11:13

Müstəqil dövlətin hər bir fərdi öz əsgərinə qayğı göstərməyə borcludur

Azərbaycan Ordusunun müasir dövrün tələbləri əsasında formalaşıb təkmilləşdirilməsi məsələsi dövlət rəhbərliyi səviyyəsində nəzarətdə saxlanılan prioritet məsələlərdən biridir. Son aylara nəzər salsaq görərik ki, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində hərbi infrastrukturun qurulması işləri uğurla aparılır. Yeni tikilən hərbi təyinatlı obyektlər müasir standartlara tam cavab verir. Hərbi hissələr modern tələblərə cavab verən əsgər yataqxanaları, ideoloji, xidməti, tədris və istirahət otaqları, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana və digər inzibati obyektlərlə təmin olunub. Sadalananlar bir daha onu təsdiq edir ki, hərbi xidmətdə olan hərbi qulluqçuların sosial-məişət şəraiti dövlət və ordu rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
"N" hərbi hissəsində şəxsi heyət üçün yaradılan məişət şəraitinin təşkili ilə yaxından maraqlandıq. Vətən müdafiəçiləri üçün yataqxana və yeməkxanalarda yaradılan şəraitdən çox danışmışıq. Bu dəfəki mövzumuzu hərbi qulluqçuların gündəlik fəaliyyətini fasiləsiz və düzgün təşkil etməsi üçün əlindən gələni əsirgəməyən və görünməyən zəhmətkeş işçilərimizə həsr edirik. Əvvəlcə hərbi hissənin qazanxanasında olduq. Qazanxana operatoru Elməddin Məmmədov bizimlə söhbət əsnasında bildirdi ki, bu işə cavabdeh şəxsin qarşısında duran əsas məsələlər - bütün qazanxana avadanlıqları və istilik sistemlərinin qəzasız işləməsi və işlək vəziyyətdə olması, buxar və suqızdıran qazanların texniki saz vəziyyətdə saxlanılmasıdır. "Bundan başqa, qazanxanada texniki istehsalat, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları da ciddi nəzarətdə saxlanılmalı, müxtəlif cihaz və avadanlıqlar düzgün, təlimata uyğun istismar olunmalıdır. Hərbi hissənin daxilində istilik sisteminin, işçi və şəxsi heyətin gündəlik fəaliyyətinin təşkili üçün qazanxana işçilərinin də üzərinə böyük vəzifə düşür. Yataqxanalarda istilik sistemləri, yeməkxanada qızdırıcı sistemlər, şəxsi heyətin hamam və camaşırxanasında müxtəlif fəaliyyətlərin düzgün təşkil olunmasında qazanxanalar birbaşa iştirak edir".
Daha sonra hərbi hissənin camaşırxanasında görülən işlərlə tanış olduq. İlk öncə Nemət Mustafayev buradakı fəaliyyətlə bağlı bizi məlumatlandırdı. "Tam avtomatlaşdırılmış camaşırxanamızda təşkil olunan fəaliyyət günün nizam qaydalarına uyğun və dövrümüzün müasir standartları çərçivəsində aparılır. Kollektivin təcrübəli mülki işçilərinin öz vəzifəsinin incəliklərinə dərindən yiyələnməsi görülən işin operativliyini təmin edir.
Camaşırxana bir neçə otaqdan ibarətdir və hər otaqda mülki işçilərimiz aidiyyəti üzrə üzərinə düşən vəzifələri icra edirlər. Müxtəlif otaqlar üzrə çirkli camaşırların qəbulu və çeşidlənməsi (geyim, yataq ağları, əl-üz və ayaq dəsmalları), yuyulması və təmizlənməsi, qurudulması, ütülənməsi və saxlanc otaqlarında yenidən çeşidlənməsi və digər işlər görülür. Demək olar ki, müasir avadanlıqlar sayəsində əl əməyindən çox az istifadə olunur. Avtomatlaşdırılmış rejimdə çalışan avadanlıqlar buradakı işçilərimizin işinin ağırlığını xeyli azaldır. Operatorlar yaradılan şəraitdən çox məmnundurlar və Vətən müdafiəçisi olan əsgərlərimizin hər birini özlərinə doğma övlad bilirlər".
Camaşırxana operatoru Elnarə Əsgərova gündəlik fəaliyyətlərindən danışdı: "Camaşırxanadakı avadanlıqların hər biri dünyanın inkişaf etmiş ölkələrinin istehsalıdır. Çoxfunksiyalıdır. Təbii ki, bu cihazlardan istifadənin mənimsənilməsi üçün peşəkarlar tərəfindən bizə praktiki və nəzəri biliklər öyrədilib. Kollektivimiz səmimi və işgüzardır. Hər birimiz həvəslə üzərimizə düşən vəzifəni icra edirik. Azərbaycan əsgərinin hər biri bizim doğmamızdır, əzizimizdir, bugünkü firavanlığımızın təminatçılarıdır".
Yuyucu maşınlar operatoru Əlvan Ramazanova da öz növbəsində bildirdi ki, dövlətimizin ordumuza qayğısı çox yüksəkdir və bu qayğının nəticəsi özünü ordumuzun hər bir sahəsində göstərir. "Əsgərlərimiz yüksək keyfiyyətli qida, geyim, zəruri təminat və təchizat əşyaları ilə təmin olunurlar. Azərbaycan əsgərinin üzərinə düşən əsas vəzifə isə Vətənə övladlıq borcunu layiqincə ödəməkdir. Bizlər də igid balalarımızın geyimlərinin, yataq dəstlərinin təmizliyinə cavabdehik".
Quruducu maşınlar operatoru Elmira Salahova yaradılan şəraitdən ağızdolusu danışdı. O qeyd etdi ki, əsgərlərimiz ailələrindən, evlərindən uzaq olsalar da, burada heç nədən korluq çəkmirlər. "Qoy valideynlər narahat olmasınlar, çünki Vətənin keşiyində duran əsgərlərimizə bir ana kimi xidmət göstərmək bizim analıq və vətəndaşlıq borcumuzdur".
Növbəti müsahibim ütüləyici Roza Qarayeva oldu. "Şəxsi heyətin təminat məsələləri bu gün yüksək səviyyədə təşkil olunur. Cəmiyyət və ordunun sıx əlaqəsinin göstəricisidir ki, valideynlər hərbi hissələrdə yaradılan şəraiti öz gözləri ilə görürlər. Onların simalarında xoş ovqatı görmək bizim üçün çox böyük hədiyyədir. Bizlər də valideyn olaraq, onları çox yaxşı başa düşürük. Buradan əsgər analarına səslənib bildirmək istəyirəm ki, bizlər də burada məhz əsgər övladlarımız üçün varıq".
Dərzi Nəzakət Nəsibova da Azərbaycan əsgərinin müqəddəs vəzifəsini icra etməsində pay sahibi olmaqdan məmnunluq keçirdiyini qeyd etdi. "Onların hər birini öz doğma övladımız bilirik. Qüdrətli orduya sahib müstəqil dövlətin hər bir fərdi öz əsgərinə qayğı göstərməyə borcludur. Yaxın ətrafımdan uzun illər əvvəl xidmət edənlər var, onların hər biri indiki şəraiti yüksək qiymətləndirirlər. Əsgər yalnız öz üzərinə düşən vəzifə ilə məşğuldur, təsərrüfat sahəsində isə təcrübəli mülki işçilər çalışırlar. Belə olan halda cəsur əsgərlərimiz ürəklə, böyük məsuliyyət hissi ilə xidmət edirlər.
Sonuncu müsahibim Sevinc Süleymanova da zəhmətkeş analarımızdandır. 44 günlük Vətən müharibəsi zamanı oğlu Əhmədi cəbhəyə yola salaraq, ona xeyir-duasını verib. Övladı döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunub. "Azərbaycan əsgəri mərddir, cəsurdur. Onların valideynləri də məğrurdur, başıucadır. Çünki tarixən kişi qeyrətli analarımızdan bizlərə miras qalan əsas keyfiyyətlərdən biri torpaqlarımızı qətiyyətlə müdafiə etməyə qadir övladlar yetişdirmək olub. 44 günlük haqq savaşı zamanı da, atəşkəs dövründə də, Birinci Qarabağ müharibəsində də minlərlə övladımız canı ilə Vətən torpaqlarını müdafiə etdi, onun hər qarışı uğrunda özünü fəda etdi. Onların haqlarını layiqincə ödəmək üçün bu günün qəhrəmanları olan əsgər və zabitlərimizə xidmət edirik. Vətən öz igidləri ilə tanınır. Azərbaycan əsgəri hər zaman ona olan etimadını layiqincə doğruldub. İgid oğullarımızın layiqli davamçısı, günümüzün Vətən müdafiəçisi olan qəhrəman əsgərlərimizə xidmət etməkdən hər birimiz qürur duyuruq".
Burada tanış olduğumuz zəhmətkeş analarımız, Vətən əmanəti əsgərlərimizə xidmət etmənin ən böyük, şərəfli və məsuliyyətli işlərdən biri olduğunu söylədilər. Onların hər bir hərbçiyə doğma münasibət bəsləməsi, qayğı ilə yanaşması Azərbaycan xalqının öz ordusuna olan sevgisinin, inamının təzahürüdür. Belə olan halda da Azərbaycan Ordusu məğlubedilməz olur. Çünki xalq-dövlət-ordu birliyi bir ölkəni bütünləşdirən elementdir. Azərbaycan 44 günlük haqq savaşı zamanı bu sınaqdan da üzüağ çıxmağı bacardı. Dünyaya nümunə olacaq tarix yazıldı. Böyük Qələbə qazanıldı, şəhidlərimizin qisası alındı, Böyük Qayıdışın təməli qoyuldu. Zamanın keşməkeşli yollarından başıuca çıxan xalqa yalnız qələbələr yaraşır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"