Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2023 11:09

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində

Suallar:

1. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.
2. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

Azərbaycanın öz müstəqilliyini elan etməsi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu


 
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu, ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini, ilk növbədə, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq, həmçinin Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələlərin, xüsusilə Ermənistanın ərazi iddiası məsələsinin həlli təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələr Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, konsulluqları, habelə xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilmişdir.
1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında imzalanan "Qarşılıqlı yardım və dostluq haqqında" müqavilə Cümhuriyyətin ilk diplomatik sənədi kimi qəbul edilir. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir. Noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında Qanun qəbul etdi.
Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin qarşısını almaq üçün müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. 1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə geniş səlahiyyətlərə malik xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimlərindən biri olan Ə.M.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün böyük fədakarlıq göstərdi. Nəticədə 103 il bundan əvvəl - 1920-ci il yanvarın 11-də Azərbaycanın müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu. Azərbaycanın istiqlaliyyətinin Paris Sülh Konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi.
1920-ci il martın 20-də Azərbaycan ilə İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhədlə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci ilin aprelin ortalarında Azərbaycan parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi.


Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində


XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu.
Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Ermənistanın hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata keçirilməsini tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət göstərilməli idi.
Belə bir şəraitdə yalnız 1993-cü ilin ikinci yarısından Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Həmin dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 1994-cü il mayın 4-də Ulu Öndər Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bunun ardınca, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanmışdır.
Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyənləşdirən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirir. 2003-cü ildən başlayaraq, o cümlədən son on altı il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Bu baxımdan, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa qonşuluq siyasətinə qoşulmuşdur. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, 2008-ci ildə isə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və müsəlman birliyini daha da möhkəmləndirir. Həmçinin son illərdə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - VII Bakı Beynəlxalq Humanitar Forumu, VII Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Bundan əlavə, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlmişdir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin Xarici İşlər nazirlərinin birinci dördtərəfli görüşünə də ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində rolu və yerini dəyərləndirən dünya ictimaiyyəti artıq onu həm də etibarlı tərəfdaş kimi tanıyır. Respublikamızın karbohidrogen strategiyasının mühüm tərkib elementlərindən olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eyni zamanda, ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərən, dünyanın müxtəlif istiqamətlərini birləşdirən, Avrasiyanın nəqliyyat xəritəsini təzələyən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və layihəsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycana beynəlxalq aləmdə mühüm iqtisadi və strateji üstünlüklər qazandırmaqla yanaşı, bu gün bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasəti Azərbaycan Respublikasının rolunun daha da artmasını mümkün edib. Məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Nəzərə almaq lazımdır ki, yüz illik müstəqillik tarixinə malik olan bir çox ölkələr nə qədər cəhdlər etsələr də, BMT Təhlükəsizlik Şurasının tərkibinə düşə bilməyiblər. Bu onu nümayiş etdirir ki, Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş, güclü, qüdrətli ölkə kimi tanınır və qəbul edilir. 2011-ci il mayın 26-da Azərbaycan təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tamhüquqlu üzvü qəbul edilmişdir. Səkkiz ildən sonra isə ölkəmizə göstərilən hörmətə, inama və etimada görə 120 ölkənin birləşdiyi Qoşulmama hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edildi.  
Ölkəmizi dünya birliyinə təqdim edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin balanslaşdırılmış çoxşaxəli siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi isə ölkəmizi regional lider dövlətinə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi