Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ölkəmizdə dərin məhəbbətlə anılır, Vətənimiz qarşısında misilsiz xidmətləri heç zaman unudulmur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu Sərəncamı ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda da fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin İstirahət Evində "Heydər Əliyev İli" çərçivəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə mədəni-kütləvi tədbir keçirildi.
Müdafiə Nazirliyi və ictimaiyyət nümayəndələrinin, millət vəkili Jalə Əhmədovanın, hərbi qulluqçular və onların ailə üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən polkovnik Elvin Əzizov, polkovnik-leytenant Kamil Cəlilov və şöbə rəisi Zümrüd Səmədova Vətənimiz üçün müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən söz açdılar. Qeyd etdilər ki, bu il anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davam etdirdiyi uğurlu siyasəti sayəsində ölkəmiz daha da inkişaf edir. "Azərbaycan dövlətçiliyinin, xüsusilə də Azərbaycan Ordusunun mövcudluğu, şərəfli tarixi, bugünkü inkişaf səviyyəsi Ulu Öndər Heydər Əliyevin gördüyü unudulmaz işlərinin nəticəsidir. Əbədiyaşar Komandanın siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər sahədə olduğu kimi, ordu quruculuğu sahəsində də apardığı uğurlu islahatların şahidiyik. Şəxsi heyət hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Hərbi qulluqçuların istirahəti də səmərəli təşkil olunur".
Həmçinin qeyd olundu ki, ordumuzda yaradılan sosial-məişət şəraiti artıq bütün dünya standartlarına cavab verməkdədir. Hərbi hissələr tikilir, təmir olunur, təminat səviyyəsi günü-gündən yüksəldilir. Bununla yanaşı, hərbi qulluqçuların, həmçinin onların ailə üzvlərinin istirahətinin təşkili üçün Müdafiə Nazirliyinin İstirahət Evi fəaliyyət göstərir. İstirahətçilərin yerləşməsi üçün bütün lazımi məişət avadanlıqları ilə təchiz olunan müasir yataq korpusları və kotteclər, səmərəli vaxtının təşkili üçün hovuz və yaxınlıqda çimərlik də mövcuddur. İstirahət Evində müəyyən xəstəliklərin müayinə və müalicəsi də mümkündür. Bundan başqa, burada qazon və yaşıllıq sahələri vardır, həmçinin dekorativ və meyvə ağacları, güllər və bəzək kolları da əkilib.
Tədbirin sonunda iştirakçılara bədii hissə təqdim edildi. Müxtəlif incəsənət xadimlərinin ifasında səsləndirilən vətənpərvərliyi tərənnüm edən musiqilər, oxunan şeirlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"