Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Dövlətimiz və qədirbilən xalqımız hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi diqqətdə saxlanılır. Dövlət başçısı çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır.
Cənab Prezidentin tapşırığı ilə mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur. Bir sözlə, dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.
Şəhid ailələri ilə növbəti görüş Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsində (BHİK) baş tutdu. Qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə şəhid ailələri ilə görüş təşkil edən BHİK nümayəndələri ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan şəhid ailələri ilə görüşərək, onların övladlarına məktəb ləvazimatları hədiyyə edirlər. Komitə üzvləri ənənəyə sadiq qalaraq, bu il də ümumilikdə 15-dən çox ailənin 40-a yaxın övladını sevindirdi.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov şəhid ailələrini salamlayaraq, dövlətimizin ardıcıl olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdiyini bildirdi. "Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir və bu siyasətin əsasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqustun 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində atılan ilk addımdı. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Məhz bu gün də bu sahədə ardıcıl olaraq yüksək səviyyədə işlərin aparılması şəhid və əlil ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Dövlət başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları tərəfindən onların qayğıları ilə yaxından maraqlanırlar, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqətin artırılması məqsədilə sistemli işlər görülür".
Çıxışına davam edən BHİK sədri bildirdi ki, şəhid ailələrinə və müharibə veteranlarına diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər bir vətəndaşımızın mənəvi borcudur. "Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Sizin yoldaşlarınızın, övladlarınızın igidliyi, şücaəti sayəsində, biz firavan həyat yaşayırıq. Otuz ilə yaxın işğalda olan torpaqlarımız onların döyüş əzmi, mübarizliyi və canları bahasına azad olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq".
Görüşün sonunda çıxış edən şəhid ailələri BHİK üzvlərinə təşəkkürlərini bildirdilər. Belə görüşlərin və tədbirlərin keçirilməsinin onlara dövlətimiz və xalqımız tərəfindən göstərilən yüksək qayğının nəticəsi olduğunu qeyd etdilər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər. Rəşadətli ordumuzun şanlı qələbəsindən, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından təsəlli tapdıqlarını diqqətə çatıraraq bildirdilər ki, var olsun, Vətənimiz, var olsun Azərbaycan Ordusu!
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR