Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2023 11:02

“İgidlərimizin sağlamlığının keşiyindəyik”

"N" hərbi hissəsinin şəxsi heyətinin sağlamlığı peşəkar hərbi tibbi personalın nəzarəti altındadır. Onlar günün istənilən vaxtı hərbçilərimizə xidmət göstərirlər.
Tibb məntəqəsindəki təmizlik, səliqə-sahman, ağ xalatlı tibb işçilərinin əsgərlərə diqqət və qayğısı nəzərimizdən yayınmadı. Qəbul otağında gizir Sabir Həsənlinin tibb məntəqəsinə müraciət edən əsgəri müayinə etməsinin şahidi olduq. Əsgərin qeydiyyatı tamamlandıqdan sonra gizir Sabir Həsənli ilə söhbətləşdik. O bildirdi ki, hərbçi peşəsi çətin olsa da, şərəflidir. "Mən də bu şərəfli peşənin sahibi olduğum üçün qürurlanıram. Əsgərlərimizin sağlamlığının qayğısına qaldığım üçün isə bu qürur ikiqatdır. Tibb məntəqəsinə müraciət edən hər bir hərbi qulluqçu ilkin müayinə olunur, qeydiyyata alınır. Sonra isə müvafiq qaydada yönləndirilir. Hər bir vəzifənin öz məsuliyyəti olsa da, düşünürəm ki, bizim vəzifəmizin məsuliyyəti daha artıqdır. Çünki Vətən keşiyində dayanan igidlərimizin sağlamlığına cavabdehik. Məntəqəyə müraciət edən hər kəs diqqətlə dinlənilir. Burada hərbçiyə fərdi yanaşılır. Xəstəliyin müalicəsi üçün ilk olaraq hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksək olmalıdır. İnsanda ruh yüksəkliyi, həkiminə inam hissi nə qədər çox olarsa, xəstəliyin öhdəsindən gəlmək də bir o qədər asan olar. Bundan başqa, bizim işimiz təkcə müalicə etmək deyil, həm də hərbçilərimizin xəstələnməməsi üçün qabaqlayıcı profilaktik tədbirlər aparmaqdır. Bunun üçün vaxtaşırı bölmələri ziyarət edir, hərbi qulluqçularla maarifləndirici söhbətlər aparırıq. Onlara fərdi gigiyena qaydalarına əməl etmələrinin vacibliyini çatdırırıq. Çalışırıq ki, hərbçilərimiz xəstələnməsinlər, sağlamlığı ilə bağlı problemləri olanlar isə tez bir zamanda sağalıb xidmətlərini davam etdirsinlər.
Bu prosesdə bizimlə çiyin-çiyinə xidmət edən tibb bacılarının da zəhməti əvəzolunmazdır. Onlar tibb məntəqəsində müalicə olunan əsgərlərə qayğı və diqqət göstərirlər. Həkimlərin təyin etdiyi müalicə üzrə dərmanların vaxtında verilməsində, iynələrin vurulmasında, sarğıların dəyişdirilməsində və digər xidmətlərdə onların da rolu böyükdür".
Əsgər Fəqan İsgəndərov tibb məntəqəsinə ilk dəfə müraciət etdiyini və buradakı xoş münasibətdən çox razı qaldığını bildirdi: "Xidmətə başladığımız ilk gündən komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Bir qədər təəssüflənirəm ki, bu gün sağlamlığımda narahatlıq yaranıb. Ancaq əminəm ki, hərbi həkimlərimizin təyin etdiyi müalicə ilə tez bir zamanda sağalacam və xidmətimi davam etdirmək üçün bölməmizə, əsgər dostlarımın yanına qayıdacağam".

Oruc MUSTAFAYEV  "Azərbaycan Ordusu"

foto  C.CƏFƏROVUNDUR