Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2023 11:01

“Zabit olmaq uşaqlıq arzum olub”

Atası Ağdamın Saybalı kəndindəndi. Kəndləri işğal olunanda Mingəçevirdə məskunlaşıblar. Özü Mingəçevirdə böyüyüb, ruhu görmədiyi Ağdamın Saybalı kəndində dolaşıb. Həmişə tay-tuşlarıyla kəlmələşəndə qürurla deyərmiş: ağdamlıyam. Biz, Ağdamımıza qayıdacağıq. Müəllimləri Elçinin hiss edilməsi çətin olmayan qəhərində Zakirin ("Biz qayıdacağıq" bədii filminin qəhrəmanı) qəhərini gördüyünü deyirdi.
Elçin Mehdiyevin istəyi xalqın istəyinin zərrəsiydi. Bu həsrət onun peşə seçimini müəyyənləşdirdi. Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. Ailədən uzaqlarda ailənin də istəyini gerçəkləşdirmək üçün məsuliyyətlə oxuyurdu, öyrənirdi. Bir dəfə müəllimləri soruşmuşdu: Niyə hərbçi olmağı qərara aldın? Tərəddüd etmədən demişdi ki, torpaqlarımız işğaldan azad ediləcək. Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyirəm. Azad edilmiş Saybalıya zabit kimi getməyə niyyətliyəm. Müəllimin əli Elçinin çiyninə enmişdi.
Hərbi liseyi bitirdi, ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirdi. Mühazirələrdə də, seminarlarda da, çöl çıxışlarında da öyrənirdi. Ona elə gəlirdi ki, niyyətinə öyrənə-öyrənə  yaxınlaşır - Elçin Mehdiyev nümunəvi kursant idi...
Ali hərbi təhsilini 2015-ci ildə tamamladı. Bu da niyyətin başlanğıcı! Bu da böyük dünyaya  qovuşduran zabit ömrünün şəfəqləri!..
...İkinci Qarabağ müharibəsi ərəfəsində Murovdağ istiqamətində xidmət edirdi. Yüksək döyüş hazırlığına malik olan batareyanın şəxsi heyəti də torpaqlarımızın işğaldan azad edilməsi ilə  nəticələnəcək döyüşlər arzulayırdı. Baş leytenant Elçin Mehdiyev də həmin günün tariximizi durulaşdıracağına əmin idi.
Sentyabrın 27-si çənli-çiskinli bir gün idi. Komandanlıq batareyaya döyüş əmri verdi: Düşmənin mövqeyinə 4 mərmi atmalı! Bu mərmilər əks-hücum əməliyyatında atılan ilk mərmilər idi. Mərmilər hədəfə dəymişdi... Komandanlığın verdiyi sonrakı əmrlər də uğurla icra olundu.
Oktyabrın 17-si idi. Saat 18:00-19:00 radələrində Kəlbəcərin Ağçınqıl ərazisinə atış müəyyənləşdirilmişdi. Meşəlik ərazidə atışların təsirliyini də nəzərə almışdılar. İlk atışlar düzəlişsiz dəqiq olmuşdu - 4 mərminin 4-ü də düşmənin hədəfinin üstünə düşmüşdü. Sonrakı mərmilər düşmənin döyüş texnikalarını, canlı qüvvəsini məhv etmişdi. Baş leytenant Elçin Mehdiyevin xidmət etdiyi batareya bu döyüşləri də qələbə ilə tamamlamışdı...
Düşmənin böyük hərbi hissələrindən biri Kəlbəcərin Yanşaq kəndindəydi. Batareyaya hərbi hissənin koordinantları verilmişdi. Dağlıq massivdə, daşlıq çıxıntılar arasında yerləşən hədəfi dəqiq vurmaq çətin idi. Günortaydı. İlk 2 məmri atıldı - sınaq atəşlərinə xırda düzəliş verildi. Sonrakı 10 mərmi hədəfə dəydi. Əmr yerinə yetirildi...
Sonrakı döyüşlərdə də batareya döyüşən ordu hissələrimizə gərəkli atəş dəstəyi verdi.
Zəfər Azərbaycanımızın zəfəri oldu.
Baş leytenant Elçin Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub...
Baş leytenant Elçin Mehdiyev deyir ki, bu tarixi Zəfər torpaqların da, insanların da həsrətinə son qoydu. Ona görə bəşəri zəfərdi...
Zabit olmağı uşaqlığından arzulayanlar da - bu gün zabit kimi xidmət edənlər də belə düşünürlər...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"