Yaşanan və artıq tarixə qovuşmuş zaman, dövr, həmçinin mühüm hadisələr tarixi şəxsiyyətlərlə yadda qalır, onlarla xatırlanır, onlarla anılır. Əsrlərin sınağından çıxmış həqiqətdir ki, görkəmli şəxsiyyətlər tarixin gedişini dəyişə bilirlər. Ona görə də onlar yalnız əlamətdar günlərdə deyil, bütün zamanlarda xatırlanırlar. Tarixin müxtəlif dövrlərində bəşəriyyətdə dahi və əvəzolunmaz şəxsiyyətlər olublar. Belə şəxsiyyətlər isə bacarıqları, bilikləri ilə yaşadıqları zamana, əsrə sığmırlar. Özündən sonrakı zamanlarda da daim yaddaşlarda yaşayır, hörmətlə xatırlanır, ehtiramla anılırlar. Xalq həmin tarixi şəxsiyyətlərlə zaman-zaman qürur duyur, bütün nəsillər onlarla öyünürlər. XX yüzillikdə xalqımızın dünyaya bəxş etdiyi zamanlara sığmayan, bütün dövrlərlə ayaqlaşan belə böyük və nadir tarixi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevdir. Bənzərsiz şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan xalqı, onun dövləti və dövlətçiliyi üçün gördüyü əzəmətli quruculuq işləri olduqca qürurverici və heyranedicidir. Bu nadir dövlət xadiminin adı Azərbaycan xalqının tarixinə əbədi olaraq həkk olunub. Azərbaycan dövlətinin memarı və qurucusu olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixdə dərin iz qoymuş bənzərsiz və əvəzedilməz şəxsiyyətdir.
Dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olub ki, onlar öz ölkəsinin və millətinin taleyində, tarixində mühüm rol oynayıb, xalqlarının xilaskarlarına çevriliblər. Ulu Öndər Heydər Əliyev xalqımızın şərəf dolu tarixinə müasir Azərbaycan dövlətinin qurucusu və banisi kimi daxil olub. Xalqımızın yaddaşında əbədi və dərin izlər qoymuş böyük qətiyyət və iradə sahibi olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmiz üçün ən mürəkkəb və keşməkeşli günlərdə yaranmış ağır vəziyyətlərdən qurtuluşunun düzgün yolunu tapmağı böyük məharətlə bacardı, anındaca qətiyyətli addımlar atdı. Ulu Öndəri uca zirvələrə qaldıran, lider səviyyəsinə yüksəldən, zamanlara sığmaz edən ən ali keyfiyyətlərindən birincisi doğma xalqına bağlılığı, sevgisi və inamı idi. Xalq da öz liderinə sadiq idi, ona inanırdı, ona güvənirdi, onu özünə əbədi mayak bilirdi. Bənzərsiz şəxsiyyəti, siyasət və dövlət xadimlərinə xas olan misilsiz istedadı ilə seçilən Ulu Öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycan xalqının tükənməyən sevgi və məhəbbətini qazanmışdı.
Azərbaycanlı olmağı ilə daim öyünən və fəxr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaşadığı bütün şərəfli ömrünü, elə şərəfli bir işə - xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və rəhbəri olduğu müstəqil ölkəsini dünyada tanıtmağa həsr etdi. Qarşıya çıxan bütün çətinlikləri yorulmaq bilmədən dəf edərək qüdrətli və yenilməz bir dövlət qurdu. Həm tarixdə, həm də Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək dərin izlər qoydu.
Artıq səhifələnib tarixə qovuşmuş ötən əsrin yetmişinci illərindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbər təyin olundu. Ulu Öndərin bənzərsiz təşəbbüskarlığı, müdrik siyasəti, səy və bacarığı ilə həmin zamanlar Azərbaycan tarixinə yüksəliş dövrü kimi düşüb. Bu, o zamanlar idi ki, Azərbaycan Respublikası keçmiş Sovetlər Birliyinin tərkibində birbaşa Moskvadan idarə olunurdu. Lakin Ulu Öndər Heydər Əliyev ölkəmizin tərəqqisi və inkişafı naminə böyük çətinlikləri dəf edərək mərkəzin diqqət və qayğısını ölkəmizin çiçəklənməsinə yönəltdi. İndiki günlərdə adi hal kimi qarşılanan bu addımı yetmişinci illərdə atmaq sarsılmaz iradə, yüksək qətiyyət və cəsarət, hər şeydən əvvəl isə böyük risk tələb edirdi. Bənzərsiz şəxsiyyət olan Ulu Öndər bu tarixi vəzifənin öhdəsindən bacarıqla gəldi.
Keçmiş ittifaq süquta uğradıqdan sonra Azərbaycan xalqı tarixin bu mərhələsindən bacarıqla istifadə edərək dövlət müstəqilliyinə qovuşdu. Təəssüflər olsun ki, həmin günlərdə ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. Torpaqlarımızda gözü olan ermənilər yaranmış tarixi şəraitdən hiyləgərcəsinə yararlanaraq xaricdəki havadarlarının köməkliyi ilə ölkəmizin 20 faizdən çox ərazisini işğal etdilər. O zaman Azərbaycana rəhbərlik edənlər qətiyyətsizlik və iradəsizlik göstərdilər, zamanında Silahlı Qüvvələr yarada bilmədilər. Bundan istifadə edən ermənilər qanla yoğrulmuş işğalçılıq planlarını həyata keçirdilər.
Görkəmli alman filosofu Hegel tarixdə şəxsiyyətlərin rolundan bəhs edərək yazırdı: "Sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqların taleyini yalnız dahilər xilas edə bilərlər". Filosofun düşüncələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsində bir daha tarixdə öz təsdiqini tapdı. Ölkəmiz üçün çətin olan zamanlarda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni real təhlükələrdən xilas etdi, güclü, qüdrətli bir dövlət yaratdı.
1993-cü ilin iyununda ölkədə baş verən hadisələr çox gərgin xarakter almışdı. Vəziyyət çox gərginləşmişdi. Elə gərginləşmişdi ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. O zamanlar ölkəmizin düşdüyü ağır tarixi şərait tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan dahi bir şəxsiyyət hakimiyyətə gəlsin. Bu, həmin dövr idi ki, ölkədə hərc-mərclik, hakimiyyətsizlik hökm sürürdü. Hakimiyyətdəkilər ölkəni və xalqı idarə edə bilmirdilər. Xalqımız və ölkəmiz üçün belə ağır bir zamanda milyonların dəvəti ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Yaşanmış tarix göstərdi ki, xalq seçimini vaxtında və çox düzgün edib. Çünki Ulu Öndər gəlişi ilə Azərbaycanı, Azərbaycan xalqını, onun dövlətini və dövlətçiliyini real təhlükələrdən xilas etdi. Vətənimizin başının üstünü almış təhlükə tez bir zamanda aradan qaldırıldı. Hakimiyyətə qayıtdıqdan sonra heyrətamiz iradə və qətiyyət nümayiş etdirən Azərbaycan xalqının Ümummilli Lideri ölkəni düşdüyü fəlakətdən qurtardı. Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində uğurlara hesablanmış səmərəli islahatlara başladı. Böyük sürətlə həyata keçirilən bu səmərəli islahatlar sayəsində az bir zaman ərzində ölkəmizin həyatının bütün sahələrində önəmli dönüş yarandı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, istər iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləvi xarakter almış cinayət hallarının qarşısının alınmasına və həmçinin ən başlıcası ordu quruculuğu istiqamətində tarixi və zəruri addımlar atıldı. Silahlı Qüvvələrin yenidən yaradılması və formalaşması üçün çox mühüm və vacib işlər görüldü. Məhz bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordumuz 27 sentyabr 2020-ci ildə düşmən təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 28 ildən çox erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızı azad etdi. Qazandığı zəfərləri ilə xalqımıza sevinc dolu günlər yaşatdı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti milli-mənəvi irsimizin əsasını təşkil edir. Bu milli-mənəvi irs həm bugünkü, həm də gələcək nəsillər üçün örnək yeri olacaq. Ömrünü Azərbaycan xalqına həsr etmiş Ulu Öndər həm keçmiş İttifaq dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı naminə misilsiz işlər gördü, qətiyyətli addımlar atdı. Ölkəmizin hüquqi, iqtisadi, siyasi, elmi, mədəni, hərbi və başqa sahələrində böyük tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin pozulmaz izləri daim yaddaşlarda yaşayacaq. Bütün bunlara görə tam inamla demək olar ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevdir. Məhz bu tarixi şəxsiyyətin yaratdığı qüdrətli ölkəmiz 21-ci əsrdə də inamla və qətiyyətlə addımlayır. Bu gün müstəqil dövlətimiz böyük dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da sürətlə inkişaf edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə bütün dünyada artmaqdadır.
Əsrlər, zamanlar keçsə də, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Ulu Öndərin dövlət quruculuğu, ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun oyanışı və dirçəlişi, azərbaycançılıq ideologiyamızın inkişafı və formalaşması, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi elm və təhsil ocaqlarında hərtərəfli öyrənilir və geniş təbliğ olunur. Tam inamla deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti hamımız üçün örnək yeridir.
Yaşanmış tariximizin olduqca keşməkeşli dövrlərində Azərbaycanın və xalqımızın qurtuluşu naminə böyük qətiyyətlə, yenilməz iradə ilə siyasət meydanına atılan Ulu Öndər Heydər Əliyevin adı və işıqlı ideyaları əbədi yaşayacaq. Azərbaycan xalqının Ümummilli Liderinə olan sevgisi, ehtiramı heç zaman tükənməyəcək. Bu ehtiramın işığı, nuru heç vaxt sönməyəcək, zaman keçdikcə daha da parlayacaq, daha da gurlaşacaq!
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"