Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar bütün hərbi hissələrdə öz müsbət nəticəsini verir. Yerləşmə yerindən asılı olmayaraq, bir qayda olaraq bütün hərbi hissəllərdə xidmət şəraitinin yüksəldilməsi məqsədilə mühüm addımlar atılır. Hərbi qulluqçuların sosial təminatlarının yaxşılaşdırılması məqsədilə yüksək məişət şəraiti yaradılır. Dünya standartlarına cavab verən müasir yataqxanalar, yeməkxanalar, hamam və camaşırxanalar, məişət otaqları hərbçilərin istifadəsinə verilib.
"N" hərbi hissəsində bütün bunların bir daha canlı şahidi olduq. Əsgər yataqxanasındakı səliqəl-sahman qəlbimizə rahatlıq verirdi.
Yataq yerlərini səliqəyə salan əsgərlər Rəvan Xasiyev və Səməndər Mustafayevlə söhbətləşdik. Onlara "hərbi xidmətin düzgün təşkil olunması üçün vacib olan nədir?" sualını ünvaladıq.
Əsgər Rəvan Xasiyev söhbətə başlayaraq dedi:
- Hərbi xidmətin düzgün təşkili üçün bir çox amillər var. Onlardan biri də xidmət şəraitinin yüksək olmasıdır. Gördüyünüz kimi, yataqxanamızda hər cür şəraitimiz var. Müasir ikimərtəbəli yataq yerləri, rahat döşəklər, təmiz yataq dəstləri və fərdi gigiyena vasitələrimizi saxlamaq üçün dolablar hər birimizin xidmətindədi. Hər həftənin son günü yataq dəstləri yığılıb camaşırxanaya təhvil verilir, orada aparatlar vasitəsilə yuyulub, qurudulduqdan sonra bölməmizə geri qaytarılır. Səliqə-sahmanın, təmizliyin olmasına təkcə yataqxanamızda deyil, hərbi hissəmizin hər yerində şahid ola bilərsiniz. Biz də əlimizdən gələni edirik ki, bu səliqə-sahmanı qoruyub saxlayaq. Burada yaradılan məişət şəraiti hər birimizdə ruh yüksəkliyi yaradır. Öhdəmizə düşən ən müqəddəs vəzifə isə Vətənə layiqli əsgər olmaqdır. Ancaq düşünürəm ki, hansı şəraitdə olmağımızdan asılı olmayaraq içimizdə olan Vətən sevgisi xidmətimizi düzgün təşkil etmək üçün bizə əsasdır.
Əsgər Səməndər Mustafayev də söhbətə qoşuldu. "Hərbi hissəmizdə xidmətimizi uğurla davam etdirib başa vurmağımız üçün hərtərəfli şərait yaradılıb. Hər bir hərbçinin sağlamlığı, rahatlığı daim diqqət mərkəzində saxlanılır. Sirr deyil ki, savadlı, təcrübəli və peşəkar komandirlərimizin olması xidmətimizi düzgün təşkil etməyimizə böyük təkan verir. Onlar döyüş təcrübələrini bizimlə bölüşür, hərbi xidmətin sirlərini bizə öyrədirlər. Komandirlərimizin diqqəti sayəsində heç bir çətinliyimiz olmur.
Əlbəttə, göstərilən diqqət və qayğının qarşılığında xidmətimizi düzgün təşkil etməliyik. Bunun üçün də daim öz üzərimizdə çalışır, hərbi biliklərimizi artırırıq. Bir əsgər olaraq komandirlərimiz, xalqımız, ailəmiz bizə inanır, bizə güvənir. Biz də hər zaman çalışacağıq ki, bu etimadı doğruldaq", - deyə Səməndər bildirdi.
Məğrur əsgərlərimizlə söhbətdən sonra bir daha əmin olduq ki, Vətən keşikçilərimizin xidmətlərinin düzgün təşkil edilməsi üçün hərtərəfli şərait yaradılıb. Döyüşçülərimiz də öz növbəsində xidmətini düzgün təşkil edir, verilən tapşırıqları vaxtlı-vaxtında icra edirlər.
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR