Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 10:41

Məharətli sürücü, peşəkar hərbçi

Azərbaycan Ordusunun güc və qüdrəti sayəsində düşmən işğalına məruz qalmış ərazilərimizdə yerləşən "N" hərbi hissəsində sürücü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rahib Məmmədov ilə tanış olduq. Onunla ilk söhbətimiz  döyüş postuna yollandığımız zaman oldu. Fikri yalnız sükanda olan, nahamar yollarda avtomobili ustalıqla idarə edən sürücü bildirdi ki, vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu ixtisasının incəliklərinə dərindən yiyələnməlidir. Mən də sürücü olaraq üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.
Qeyd edək ki, Rahib Goranboy rayonunun Qarqucaq kəndində dünyaya göz açıb. Xain düşmənə olan nifrəti onun həyat yolunu ordu sıralarından salıb. Vətənə olan övladlıq borcun şərəflə yerinə yetirib. Hər zaman xidmətində ayıq-sayıq olub, verilən bütün tapşırıqlarının öhdəsindən asanlıqla gəlib. Xidmətinin ilk günündən etibarən öz biliyi, məsuliyyəti və davranışı ilə komandir və rəislərinin hörmət və rəğbətini qazanıb. Keçirilən dərs və məşğələlər sayəsində hərbi biliklərini təkmilləşdirib. Vətən müharibəsində də Rahib bütün tapşırıqları bacarıqla yerinə yetirib. O, qorxu bilmədən təhkim olunmuş avtomobili ilə döyüşlərin ən qızğın yerlərinə gedib, bütün əmrləri bacarıqla yerinə yetirib. Buna görə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Sürücülükdən söz açan həmsöhbətim dedi ki, hər kəs avtomobil idarə edə bilər. "Bu çox da çətin bir iş deyil. Yalnız peşəkar sürücü öz səbri, məsuliyyəti, diqqəti, peşəkarlığı, təmkini ilə seçilməlidir. Məlum məsələdir ki, idarə etdiyimiz avtomobil istənilən an xarab ola bilər. Buna görə sükanın arxasına keçməzdən öncə avtomobilə qulluqla bağlı biliklərin hamısını bilib əyləşməliyik. Problemlərlə üzləşdiyimiz zaman anında onları aradan qaldırmağı bacarmalıyıq. Həmçinin anidən qarşımıza çıxan maneələri də ustalıqla dəf etmək sürücüdən peşəkarlıq tələb edir. Ən önəmlisi isə sürücü hər zaman sərnişinləri düşünməlidir. Onları mənzil başına sağ-salamat çatdırmalıdır".
- Lakin bildirmək istərdim ki, mülki sürücü ilə hərbi sürücü arasında çox böyük fərq var. Hərbi sürücü ikiqat məsuliyyət tələb edir. Çünki ağır və mürəkkəb hərbi texnikanı idarə etmək yüksək dərəcədə bacarıq tələb edir. Bu ağır çəkili maşınları təkcə asfalt üzərində deyil, nahamar, dağlıq, dərəlik ərazilərdə ekstremal şəraitdə idarə etmək lazım gəlir. Hərbi texnikanın sükanı arxasına keçdikdə bu məsuliyyətin hamısını öz çiyinlərinə götürürsən. Anlayırsan ki, istənilən bir diqqətsizlik nəticəsində ağır fəsadlar baş verə bilər. Buna görə də biz ağır texnika və avtomobil idarə etdiyimiz zaman diqqətimizi tamamilə yola cəmləyirik. Həmçinin texnikanı məharətlə idarə etmək üçün yol hərəkəti qaydalarını yaxşı bilmək lazımdır.  

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR