Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

“Vətənə əsgər oldum”

Səhərdən başlayan təlim yenicə başa çatmışdı. Hərbi qulluqçular bir yerə yığışıb məşğələnin nəticələrini təhlil edirdilər. Qısa çəkən söhbətdən sonra məlum oldu ki, hesablamalar düzgün aparılıb, hədəflər dəqiq vurulub. Şəxsi heyət qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla və vaxtlı-vaxtında yerinə yetirib.
Batareya komandiri baş leytenant Ramiz Hüseynov bizimlə söhbətində dedi ki, şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu bu gün keçirilən təlim bir daha sübut etdi. Əsgərlərimiz üzərlərinə düşən döyüş tapşırıqlarını həm bacarıqla, həm də vaxtında yerinə yetirdilər. İnamla deyə bilərəm ki, bu gün təlimdə fərqlənən hərbçilərimiz sabahkı döyüşlərdə böyük uğurlar qazanacaqlar.
Zabit  təlimlərdə fərqlənən əsgərlərin xidmətindən də söz açdı. Onların cəld və çevik hərəkətlərindən, bacarıqlarından, Vətənə olan sonsuz sevgilərindən şövqlə danışdı. Batareya komandiri başqaları ilə bərabər əsgər Aqşin Abdullayevin də adını çəkdi, xidmətindən xüsusi razılıq etdi.
Əsgər Aqşin Abdullayevlə görüşdük. Onun ömür yolunu vərəqlədik. Öyrəndik ki, Aqşin Sabirabad rayonunun Xəlfəli kəndində dünyaya göz açıb. Evin ilk övladıdır. Orta təhsilini başa vurandan sonra - 2022-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb ki, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirsin. Yaşıdları ilə çiyin-çiyinə verib Vətən keşiyində dayansın. Həmin günlərdən qısaca söz açan əsgər Aqşin Abdullayev dedi:
- İnsan həyatında yaddaqalan günlər çox olur. Yaddaşıma yazılan tarixlərdən biri hərbi xidmətə başladığım gündür. Axır ki, Vətənə əsgər, yurdumun müdafiəçisi olmaq istəyim gerçəkləşdi. Xidmətimin ilk günlərindən təcrübəli zabitlər bizə dərs və məşğələlər keçdilər. Mən də əsgər yoldaşlarımdan geri qalmayaraq hərbi bilikləri, zəruri vərdişləri həvəslə öyrənməyə başladım. Bir müddətdən sonra təntənəli surətdə Hərbi Andı qəbul etdik. Həmin gün mənim üçün iftixar və qürur günü kimi yadda qaldı. Sevincimin həddi-hüdudu yox idi. Sonra dərs və məşğələlərdə böyük canlanma yarandı. Artilleriya ixtisasını öyrənənlərin sıralarında idim. Dərs və məşğələlər arxada qaldıqca bilik və bacarığımız daha da artırdı.
Zabitlər hərbi bilik və döyüş vərdişlərini bizə eyni həvəs və məsuliyyətlə öyrədirdilər. Elə biz əsgərlər də öyrədilənləri böyük həvəslə, məsuliyyətlə mənimsəyirdik. Artilleriya qurğularının atəşini bir vaxtlar müharibədən bəhs edən filmlərdə görmüşdüm. İndi isə bizlər artilleriya qurğularını əyani görür, onun sirlərinə dərindən yiyələnirik. Artıq toplardan atəşin açılması, mərmilərin gurultusu bizim üçün adiləşib.
Bu gün təlimlərdə hədəfləri dəqiq nişan alıb məhv edirik, xidmətdə qazandığımız uğurların sayı artır. Xidmətimin sonunadək üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcək, Vətənə layiqli əsgər olacam. Valideynlərimin yanına alnıaçıq, başıuca qayıdacam.
Təlimdə iştirak edən başqa hərbçilərlə də görüşdük. Onların da şərəf dolu xidmət yollarını öyrəndik. Təlimdə uğur qazanan əsgərlərin üzü gülürdü. Bu anlarda mənə elə gəldi ki, dünyada əsgər gülüşündən müqəddəs heç nə yoxdu. Əsgər gülürsə, deməli, dünya da gülür, həyat da gülür. Çünki bu gülüşdə zəfər qoxusu, qələbə ovqatı var. Bu fikirlər qəlbimdə dolaşanda dilimdə, dodağımda bir dua çiçək açdı: "Qoy əsgərlərimizdən zəfər qoxulu gülüş və sevinc heç vaxt əskik olmasın".

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"