Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

Gənc əsgərlər tarixi yerlərdə oldular

Vətənə, xalqa sədaqətli olacaqlarına, Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına, lazım gəlsə, Vətən uğrunda canlarını fəda etməya hazır olmağa and içərək ordumuzun tamhüquqlu üzvlərinə çevrilən gənc əsgərlərin ordu həyatında mətin, cəsur oğullar kimi formalaşmalarına xüsusi diqqət yetirilir. Vətən müdafiəçiləri sırasına qoşulan gənclər əsgəri hərbi xidməti ömürlərinin mənası hesab edirlər.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər gənc əsgərlərin Vətənə, xalqa olan sevgisini,  qədim mədəniyyət və incəsənətimiz, ədəbiyyatımız haqqında biliklərini artırmağa xidmət edir.
Növbəti dəfə mərkəzin təşkilatçılığı ilə gənc əsgərlər Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidə kompleksini, Tarix və Mədəniyyət qoruğunu, Şah Abbas məscidini, Cavad Xan türbəsini, Çökək Hamam abidəsini ziyarət etdilər. Onlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Bildirildi ki, dahi şair Azərbaycan ədəbiyyatı tarixində əzəmətli yer tutmaqla yanaşı, əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunaraq nəşr olunmuşdur. Onun poemaları, yaradıcılığı "Xəmsə"si dünya xalqları tərəfindən çox yüksək qiymətləndirilir.
Sonra gənc əsgərlər Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yeri olan Cavad Xan türbəsinə gəldilər. Onun xatirəsinə hörmət və ehtiramlarını bildirdilər. Onlara Çar Rusiyasının Azərbaycana yürüşlərindən, yadellilərə qarşı aparılan qətiyyətli mübarizədən ətraflı məlumat verildi. Qeyd olundu ki, başda tarixi şəxsiyyət Cavad Xan olmaqla, gəncəlilər Azərbaycanı müstəmləkiyə çevirməyə çalışanlara qarşı sona qədər vuruşublar. Cavad Xanın və övladlarının qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda  mübarizə tarixinin parlaq səhifələrindəndir.
Tarix və Mədəniyyət qoruğu, Şah Abbas məscidi, Çökək Hamam adidələri haqqında da bələdçilər tərəfindən əsgərlərə geniş məlumatlar verildi. Qeyd olundu ki, xalqımızın xilaskarı, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyev demişdir: "Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk".
Gənc əsgərlərin qədim və tarixi yerlərlə bağlı suallarına da ətraflı cavablar verildi və keçirilən görüşlər onlarda xoş ovqat yaratdı.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"