Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən məğrur hərbçilərimizin mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır. Bu dərslərdə ordumuzun yaranması və inkişafından, hərb tariximizdən, nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən, erməni təcavüzündən və s. mövzulardan mühazirə və seminarlar keçirilir. Keçirilən dərslərin sayəsində isə şəxsi heyətin həm döyüş ruhu, həm də mənəvi-psixoloji vəziyyəti artırılır. Məhz bu səbəbdən də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.
Hərbi hissələrin birində bütün bunların şahidi olduq. İdeoloji otağa toplaşan şəxsi heyət baş leytenant Araz Vəliyevin rəhbərliyi altında ictimai-siyasi hazırlıq məşğələsini keçirdi. Dərs üçün nəzərdə tutulmuş ideoloji otağın səliqə-sahmanı göz oxşayırdı. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətlə görüşlərindən şəkillər və dövlət atributlarımızı, tarixi qəhrəmanlarımızı, sərkərdələrimizi, qan yaddaşımızı əks etdirən fotostendlər bizdə xoş təəssürat yaratdı.
Qrup rəhbəri "Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır!" mövzusunda danışaraq dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasında "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı Nikol Paşinyanın məlum sərsəm fiirlərinə belə cavab verib: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Dövlət başçısı 2020-ci ilin sentyabrında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun bu mövqeyindən əl çəkməsini söylədi. Lakin qarşı tərəf öz hiyləgər niyyətindən əl çəkmədi. Hər zaman olduğu kimi, təxribatlar törətməkdə davam etdi. Növbəti təxribata isə 2020-ci ilin sentyabrında əl atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təxribatların qarşısını almaq məqsədilə ordumuz əks-hücum əməliyyatına başladı. Nəticədə, Azərbaycan Ordusu 30 illik yurd nisgilinə son qoyaraq tarixi Zəfər qazandı. Azərbaycan 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin qətiyyəti, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq, - deyə zabit bildirdi.
Dərs bitdikdən sonra qrup rəhbəri ilə söhbət etdik. Müsahibim dedi ki, əsgərlərin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır. "Keçirilən ictimai-siyasi hazırlıq dərslərinin köməkliyi ilə əsgərlər, qəhrəmanlarımızın həyat və döyüş yolunu öyrənirlər. Həmçinin tarixi məlumatları öyrənərək zəngin bilgilər əldə edirlər. Bunun nəticəsidir ki, hərbçilərimiz Vətənə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə bağlılıq ruhunda tərbiyə olunur, əcdadlarımızın qəhrəmanlıqlarını və döyüş yolunu özlərinə örnək bilirlər".
Əsgər Rəsul İbayev dedi ki, keçirilən ictimai-siyasi hazırlıq dərsləri ilə biz tariximizi və qəhrəmanlarımızın döyüş yollarını daha dərindən öyrənirik. Əcdadlarımızın və Vətən müharibəsində xüsusi qəhrəmanlıq nümayiş etdirən silahdaşlarımızın döyüş yolunu öyrənməyi özümüzə şərəf bilirik. Bütün bu amillər isə bizim həm döyüş ruhumuzu, həm də mənəvi-psixoloji vəziyyətimizi daha da yüksəldir.
Əsgər Elvin Gülməmmədov regionun ən güclülərindən olan rəşadətli Azərbaycan Ordusunda xidmət etməyi özünə şərəf bildiyini dedi. "Hər zaman əsgər olmağı və Vətənimə xidmət etməyi arzulayırdım. Televiziyada yayımlanan hərbi verilişləri maraqla izləyirdim. Bütün incəliklərini dərindən öyrənirdim. Buna görə də ordu sıralarına çağırılanda artıq çox şeyi bilirdim. Təcrübəli komandirlərimizin rəhbərliyi altında isə bilmədiklərimi xidmətdə öyrəndim. Artıq təcrübəli əsgər kimi formalaşmışam. Qarşıya qoyulan bütün tapşırıqları asanlıqla icra edirəm".
Əsgərlər İlqar Kişiyev, Arif Həsənov, Kənan Əliyev və digərləri ictimai-siyasi hazırlıq dərslərinin mahiyyətindən və əhəmiyyətindən, onlar üçün yaradılan sosial-məişət şəraitlərindən, Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirmələrindən, hərbin sirlərinə dərindən yiyələnmələrindən, orduda əldə etdikləri müsbət xüsusiyyətlərdən ürək dolusu danışdılar. Bununla da bir daha əmin olduq ki, məğrur əsgərlərimizin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR