Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

“Döyüşlər vaxtı hamımızın bir amalı var idi...”

Mayor Seydəli Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə o, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb.
Əliyev Seydəli Seydəmir oğlu 1989-cu il oktyabrın 9-da Lənkəran şəhərində anadan olub. 1996-cı ildə Lənkəranın Daşdaleqjar kəndindəki məktəbin birinci sinfinə gedib. Məktəb illərində müəllimləri və sinif yoldaşları ilə gələcək peşə seçimi barəsində söhbətlər aparan Seydəli könlünə yatan peşəni müəyyənləşdirib. 2007-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirən Seydəli Əliyev Təfəkkür Universitetinə qəbul olub. 2011-ci ildə ali təhsilini başa vuraraq Vətənə olan borcunu ödəmək məqsədilə hərbi xidmətə yollanıb. Hərbi sahəyə olan marağı onu zabitliyə həvəsləndirib. O, "Ehtiyat zabit hazırlığı kursu" keçərək "leytenant" hərbi rütbəsiylə "N" hərbi hissəsinə təyinat alıb.
Seydəli Aprel döyüşlərində də iştirak edib. Tərtər istiqamətində gedən döyüşlərdə cəsarətlə vuruşub. Zabit deyir: "Biz tarixi qələbəni təcrübə və Vətən sevgisi ilə qazandıq. Əminəm ki, əsgərlərimiz də bu sevgiylə tarix yazanların əmanətinə göz bəbəkləri kimi baxacaqlar".
"Vətənpərvərliyin aşılanması vacib şərtdir", - deyən mayor Seydəli Əliyev hər zaman əsgərlərində görmək istədiyi Vətən sevgisindən söhbət açır. Harada və necə olmasından asılı olmayaraq qəlbində Vətən sevgisi olan əsgər hər zaman qələbə qazanacaq. Əsgərlərlə söhbət apararkən gözlərindən bu sevgini duyub hiss etmək onlara olan inamımı daha da artırır.
Zabit Vətən müharibəsindən söz açaraq xatirələrindən danışdı. "Müharibədən əvvəl əsgərlərimizlə bu mövzuda söhbət edib, onların fikirlərini öyrənməyə çalışırdıq. Söhbətlərimiz zamanı onların ürəyindəki nisgili hiss edib döyüşlərdə iştirak etmək istəklərini anlayırdım. Çünki bu nisgil hamımızın qəlbindəydi. Sentyabrın 27-si Ermənistan ordusu tərəfindən törədilən təxribatın qarşısını almaq məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmrinə uyğun olaraq biz də döyüş meydanına yollandıq. Əsgərlərin hər birinin çöhrəsində sonsuz sevinc, fərəh, rahatlıq, haqq savaşında olmağın sonsuz qüruru duyulurdu.
Mən də Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Düşmən hər dəfə bizi məğlub etməyə can atsa da, torpaqlarımızı azad görmək arzumuz onun bu istəyinə nail olmasına imkan vermədi.
İkinci Qarabağ savaşı uzun illərdən bəri təlimlərdə artırdığımız təcrübə və biliklərimiz sayəsində zəfərlə nəticələndi", - deyə mayor Seydəli Əliyev bildirdi.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"