Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

Mehriban xanım Əliyevanın ordu quruculuğu prosesində də xidmətləri böyükdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır”.

Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artacaq, hərtərəfli inkişafa səbəb olacaqdır. Təsadüfi deyildir ki, milyonlarla insan onun ideyalarının daim yaşaması naminə çalışır, istiqamətlərini buna uyğun olaraq müəyyənləşdirir. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir.
Bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir. Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin xalqımız üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.
Bu baxımdan səmimiyyətlə deyə bilərik ki, Heydər Əliyev Fondunun qarşıya qoyduğu və reallaşdırmaq üçün fəaliyyət göstərdiyi məqsədlərin dairəsi kifayət qədər genişdir. Belə ki, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsindən bəhrələnmək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək olmaq, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək fondun fəaliyyətinin qayəsidir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi mehribanlıq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilib. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı istiqamətində quran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycanın ən yeni tarixini yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, ən yaxın silahdaşı olan Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım Əliyeva illər öncə Azərbaycan` Respublikası Milli Məclisinin deputatı seçilərkən: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyərək, yardımsevər fəaliyyəti ilə ona etimad edənlərin ümidlərini gerçəkləşdirdi.
Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin lider portretini uğurla tamamlayır.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərir, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üzrə böyük işlər görür. Onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə döyüş meydanında, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edir.
Son illər ərzində Azərbaycan Respublikası hərbi sahədə daha da güclənməsi ilə tarixə düşdü və bunun bariz nümunəsi torpaqlarımızın işğaldan azad edilməsidir.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. Müasir tariximizdə bir çox ilklərin müəllifi kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu savaşda da yeni texnologiyaların tətbiq edilməsi ilə müasir hərbi dərsliklərə düşəcək daha bir ilkə imza atdı və noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşa işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsi zamanı Mehriban xanım Əliyeva da Müzəffər Ali Baş Komandana dayaq duraraq Azərbaycan Ordusuna həm ruhən, həm də mənən dəstək oldu və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.
Birinci vitse-prezident, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətə başladığı ilk gündən döyüşlərdə sağlamlığını itirən hərbçilərin, şəhid ailələrinin, eləcə də aztəminatlı ailələrin yanında oldu. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin humanizm simvolu olaraq, şəhid analarını bağrına basdı, dərdlərinə şərik oldu, döyüşdə yaralananlarla görüşdü, sağlamlığını itirən hərbçilərə ürək-dirək verdi, onlara mənən dəstək oldu.
Mehriban xanımın  köməyi ilə müharibə iştirakçıları, döyüşlərdə sağlamlığını itirən Vətən övladları xarici ölkələrin xəstəxanalarında müalicə aldı, eləcə də reabilitasiya üçün Türkiyə Respublikasına göndərildi, protezlərlə təmin edildi. Həmçinin bu gün də Heydər Əliyev Fondunun köməkliyi ilə müharibə əlillərinin zəruri ehtiyacları ödənilir,  onlar dərman vasitələri  ilə təmin edilirlər.  
Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanistliyinin göstəricisidir. Müharibə iştirakçıları ilə görüşlərdəki çıxışlarında o bildirib: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bombalar altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var".
Mehriban xanımın səyi nəticəsində Heydər Əliyev Fondu Şuşada və işğaldan azad edilmiş digər bölgələrdə erməni vandalizminə məruz qalmış dini, tarixi abidə komplekslərinin təmir-bərpa işlərini həyata keçirməklə yanaşı, Qarabağın qədim Azərbaycan torpağı olduğu haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də işləri davam etdirirlər.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə platformalarında 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, 27 sentyabr  Anım günü, Ulu Öndərin Anım günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Zəfər Günü və digər dövlət bayramlarında və əlamətdar günlərdə vətənpərvərlik mövzusunda müxtəlif paylaşımlar edir.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı Fərmana əsasən şəhid ailələrinin, təhsil, səhiyyə problemlərinin həllinə yönəlmiş tədbirlər və digər layihələrin icrası da daima Mehriban xanımın diqqət mərkəzindədir. Şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə dövlət və cəmiyyət qayğısının təzahürləri kifayət qədər zəngindir, əhatəlidir. Mehriban xanım şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı yaralananların övladlarını da daim diqqət mərkəzində saxlayır, respublikamızın müxtəlif guşələrinə, düşərgələrə, istirahət mərkəzlərinə göndərilməsini təşkil etməklə onların sağlamlıqlarına həssaslıqla yanaşır. Eyni zamanda, bayram tədbirlərində ölkəmizin ən möhtəşəm saraylarında şəhid övladlarını qəbul edir, müxtəlif hədiyyələr təqdim etməklə uşaqların və yeniyetmələrin  qəlbinə sevinc bəxş edir, könüllərdə xoş ovqat yaradır.  
Müzəffər Ali Baş Komandanla birlikdə Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizə səfərlərə qatılması, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən təsis edilən işğaldan azad edilmiş şəhər günlərinin qeyd edildiyi ərəfədə keçirilən bayram tədbirlərində iştirak etməsi də Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.
İnanırıq ki, Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilən, Azərbaycan qadınının müsbət keyfiyyətlərini özündə ehtiva edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin silahdaşı olaraq dövlətimizin inkişaf edərək daha da qüdrətlənməsi istiqamətində əzmlə, uğurla çalışacaqdır. Dövlətimizin başçısına və Birinci xanıma çətin, məsuliyyətli işlərində daima uğurlara nail olmalarını arzulayırıq.  

Günel MƏLİKLİ Milli Müdafiə Universitetinin professoru