Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hərbi hissələrdə keçirdiyi təbliğat-təşviqat, mədəni-kütləvi tədbirlər davam edir. Mərkəzin yaratdığı təbliğat-təşviqat qruplarının işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdəki çıxışları şəxsi heyət tərəfindən maraqla qarşılanır. Əsgərlərə konsert proqramları və müharibədən bəhs edən filmlər təqdim edilir.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Mədəni-kütləvi tədbirlər, müxtəlif idman yarışları, viktorinalar, mədəniyyət, incəsənət xadimləri ilə yaddaqalan görüşlər təşkil olunur. Keçirilən tədbirlər hərbi qulluqçuların mənəvi-psixoloji durumuna müsbət təsir göstərir və şəxsi heyət tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.
Tədbirlərin keçirilməsində məqsəd hərbi qulluqçularda vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət hissinin daha da artırılmasıdır. Sadaladığımız bu meyarlar 44 günlük Vətən müharibəsində ordumuzun gücünü, qüdrətini, vətənsevərliyini bütün dünyaya bir daha bariz şəkildə göstərmişdir.
Bu günlərdə yenə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat-təşviqat qrupunun üzvləri işğaldan azad edilən ərazilərimizdə yerləşən hərbi hissələrdə Vətən müdafiəçiləri ilə yaddaqalan görüşlər keçirdilər. Hərbi qulluqçuların asudə vaxtlarının səmərəli və mənalı keçirilməsində yaxından iştirak etdilər.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin "Əsgərə məktub" layihəsi əsasında ordumuza dəstək olan vətəndaşlarımızın, Gəncə şəhər ictimaiyyətinin nümayəndələrinin, məktəblilərin və valideynlərin əsgərlərə ünvanladıqları məktubları onlara çatdırdılar. Əsgərlərə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaratdı və onlar tərəfindən sevinclə qarşılandı. Vətən keşiyində ayıq-sayıq dayanan oğullar onlara göstərilən mənəvi dəstəyə və etimada görə hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Əsgərlər də öz növbəsində valideynlərə, məktəblilərə xoş ovqat yaradan cavab məktubları ünvanladılar. Onlar məktublarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin göstərdiyi yüksək qayğı və diqqətdən söz açdılar. Bildirdilər ki, 44 günlük Vətən müharibəsində Zəfər qazanan və dünyanın ən güclü orduları sırasında yer tutan ordumuzda xidmət etmək onlar üçün böyük şərəfdir.
Sonra təbliğat-təşviqat qrupunun təşkil etdiyi konsert proqramında çıxış edən müğənni Arif Cəfərovun oxuduğu vətənpərvərlik mahnıları hərbi qulluqçularda xoş ovqat yaratdı.
Azərbaycan əsgəri adını uca tutan, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu Hüseyn Türkoğlu vətənpərvərlik mövzusunda yazdığı şeirlərini oxudu və ordumuzun sıralarında Vətənə xidmətdən qürur hissi keçirdiyini bildirdi.
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"