Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinin daha da aktivləşdiyi mətbuatda və sosial media platformalarında yayımlanan videomateriallarda açıq-aydın görünür.
Videomateriallarda ilk diqqət çəkən məqam odur ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlardan yetərincə dərs alan, lakin bundan düzgün nəticə çıxarmayan ermənilər növbəti geniş miqyaslı təxribatlara "uğurla" hazırlaşırlar. Fikrimcə, bu hazırlıq prosesinə əsas səbəb hələ də boş revanşist xülyalarla yaşayan bəzi ermənilərin xisləti, eləcə də xaricdə fəaliyyət göstərən erməni təşkilatlarının canfəşanlığıdır. Bölgədə sabitliyin təmin olunmasında maraqlı olmayan dairələrin bu məsələyə təsiri də mütləq nəzərə alınmalıdır. Çünki hayların (ermənilərin) Qarabağ iqtisadi rayonundakı dırnaqarası fəallığı bölgədə dayanıqlı sülhün və sabitliyin bərqərar olmasında maraqlı olmayan bəzi dairələrin də maraqlarına xidmət edir.
Bildiyimiz kimi, uydurma "artsax" məsələsi üçün erməni təşkilatları milyonlarla ianə toplayır. Lakin həmin pullar tam həcmdə "zavallı ermənilərə" çatmır. İanələr hesabına yığılan həmin pulları yeyib, üstündən su içdikdən sonra, külli miqdarda korrupsiya hallarını ört-basdır etmək və gözdən pərdə asmaq üçün erməni təşkilatları böyük işlər gördüklərini göstərmək məqsədilə "fəallıq" nümayiş etdirmək məcburiyyətindədirlər.
Həm də unutmaq olmaz ki, "artsax" məsələsi Ermənistanda hakimiyyət uğrunda mübarizədə daima ən effektli metod və "yağlı tikə" hesab edilir. Həmçinin Qarabağda yaşayan ermənilərin "dərdləri", siyasi mübarizədə erməni siyasətçilərin opponentlərini üstələmək üçün ən səmərəli və güclü kart olmuşdur.
Diqqət çəkən məqamlardan biri də odur ki, yayılan videomateriallardan aydın görünür ki, qeyri-qanuni erməni silahlı dəstələrinin tərtibləndiyi yerlərdə yaratdıqları bokslara, həmçinin Ermənistan silahlı birləşmələrinin qalıqları olan yerlərə çoxlu sayda tank, artilleriya qurğuları və müxtəlif təyinatlı digər döyüş texnikası cəmlənib. Bu da öz növbəsində separatçı rejimin və Ermənistan silahlı birləşmələrinin qalıqlarının irimiqyaslı təxribatlara hazırlaşdığına dəlalət edir.
Lakin videolarda əks olunanları izləyərkən ciddi düşünməyə sövq edən başqa məsələlər də var. Birincisi, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinə, yəni, qeyri-qanuni erməni silahlı dəstələrinin, eləcə də Ermənistan silahlı birləşmələrinin qalıqlarının tərksilah edilməsini və Qarabağ iqtisadi rayonundan çıxarılmasını təmin etmək vəzifəsi olan Rusiya sülhməramlı kontingentinin gözü qabağında bu qədər həcmdə döyüş texnikasını, silah-sursatı bir yerə cəmləşdirmək, yaxud yerdəyişmələr etmək necə mümkün olmuşdur? Doğrudanmı, onlar bu qədər texnikanın hərəkətini və ərazidə aparılan mühəndis-istehkam işlərini görmürlər? Yox, əgər görürlərsə, sülhməramlılar buna niyə və nəyə görə, hansı səbəblərdən göz yumurlar?
Maraqlısı odur ki, bütün bunlar sülhməramlıların gözü qabağında, hətta bəzən onların nəzarəti və müşayiəti altında həyata keçirilir. Mətbuatda və sosial şəbəkələrdə dəfələrlə izləyicilərə qanunsuz daşımalar həyata keçirən maşınların sülhməramlıların müşayiəti altında hərəkəti, həmçinin təsərrüfat işləri adı altında uzun müddətli atəş nöqtələri, fortifikasiya qurğuları yaradan və mühəndis-istehkam işləri aparan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərini himayə etməsi barədə də videosüjetlər təqdim edilmişdir.
Məhz bu biganəliyin və qanunsuz hərəkətlərə qarşı tədbirlər görülmədiyinin nəticəsidir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının daha da aktivləşdiyi müşahidə olunur. Belə ki, ermənilər döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsini, eləcə də planlaşdırılmış şəkildə yeni müdafiə sədlərinin, səngərlərin, uzunmüddətli fortifikasiya qurğularının hazırlanması işini və əraziyə minaların basdırılması kimi təxribat xarakterli fəaliyyətlərini davam etdirirlər.
Bundan başqa, videolardan göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin və Ermənistan ordusunun qalıqları Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində, eləcə də bölmələrimizin mövqeləri ilə üzbəüz ərazilərdə müxtəlif təyinatlı döyüş texnikasını, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirir, maskalanma tədbirlərini icra edir, ehtiyat döyüş mövqeləri hazırlayır, həmçinin mülki əhalinin kütləvi şəkildə silahlandırılması və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi üzrə də qanunsuz fəaliyyətləri həyata keçirirlər.
Videoları izləyərkən diqqət yetirməli olduğumuz daha bir məqam isə ermənilərin yaşayış məntəqələrindəki yaşayış evlərindən və mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etməkdə davam etməsidir. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılması ilə Azərbaycanın daşımalara və şərti dövlət sərhədində buraxılış rejiminə nəzarət etməsindən sonra ermənilər saxta "humanitar terror və "aclıq" şouları ilə dünya ictimaiyyətini bezdirməyə və beynəlxalq qurumların zəhləsini tökməyə başlayıblar. Lakin bu çirkin yolla nəsə əldə edə bilməyəcəyini anlayan ermənilər növbəti və "daha səmərəli" üsullara əl atıblar.
Videolardan görünür ki, ermənilər Vətən müharibəsində geniş istifadə etdikləri "taktikadan" bu gün də "uğurla bəhrələnmək" niyyətindədirlər. Heç kimə sirr deyil ki, ərazilərimizin işğalı zamanı orada qanunsuz məskunlaşan ermənilər indi fürsət düşdükcə həmin ərazilərdən qaçmağa çalışırlar. Qeyri-qanuni erməni silahlı dəstələri, Ermənistan ordusunun qalıqları isə tərk edilmiş və boş qalmış həmin evlərdən, habelə bəzi mülki obyektlərdən hərbi məqsədlər üçün geniş istifadə etməyə başlayıblar. Məqsəd isə təxribatlar zamanı mülki əhalidən və obyektlərdən sipər kimi istifadə etmək, həmçinin çirkin əməllərini ört-basdır etməyə nail olmaqdır.
Yuxarıda qeyd etdiyim faktlar yayımlanan videomateriallarda da aydın görünür. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri müxtəlif artilleriya qurğularını və döyüş texnikasını mülki obyektlərin, eləcə də yaşayış evlərinin həyətində və ətrafında cəmləşdirərək atəş mövqeləri hazırlayırlar. Həmçinin dəstə üzvləri, eləcə də topların və döyüş maşınlarının heyət nəfərləri də "mülki şəxslər qismində" həmin evlərdə yerləşirlər. Burada ermənilərin niyyəti təxribatlar törətməklə Azərbaycan Ordusunun bölmələrini hərbi məqsədlər üçün istifadə olunan həmin mülki obyektlərdə yaradılmış atəş nöqtələrini və qeyri-qanuni erməni silahlı dəstələrin "mülki şəxs" qismində gizləndiyi evlərə zərbələr endirməyə təhrik və məcbur etməkdir. Sonra isə həmin ərazilərdən video görüntülər hazırlayaraq, Azərbaycan mülki obyektlərə, yaşayış binalarına atəş açır və "zavallı" ermənilərə divan tutur deyə şoular hazırlayaraq beynəlxalq qurumları aldatmaqla dünya ictimaiyyətində yanlış fikir və rəy formalaşdırmağa çalışmaqdır.
Azərbaycan fobiyadan əziyyət çəkənləri "ayağa qaldıran" Ermənistanın və separatçı rejimin saxtalıqlarla dolu "acından qırılırıq" şousunu ifşa edən foto və videolar da mətbuatda, eləcə də sosial platformalarda yer alıb. Təqdim olunan görüntülərdə ermənilərin bütün dünyaya "Xankəndi blokadadır, ermənilər aclıqdan əziyyət çəkirlər, qırılırlar" və "gensid"ə məruz qalıblar şousunun da saxta olduğu aydın görünür.
Yayılan materiallarda həm də açıq aydın görünür ki, bahalı və dəbdəbəli restoranlarda keyf məclisləri quran, həmçinin toylara bahalı maşınlarda təşrif buyuran "acından ölən", stolların üstünə düzülmüş bol naz-nemətlərdən yeyib harınlayan ermənilər elə toy keçirilən restoranın hovuzunda çimib əylənirlər.
Əgər həqiqətən Xankəndində aclıqdırsa və Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan erməni əsilli sakinlər acından qırılırsa bəs onda belə dəbdəbəli toylar etmək və restoranlarda naz-nemətlərdən aşıb daşan stollar bəzəmək necə mümkündür?
Görünən o ki, "aclıqdan qırılırıq" deyən ermənilərin hay-küy salması heç bir etik normalara sığmayan şoudan və dünya ictimaiyyətini aldatmaq məqsədilə gözlərə kül üfürməkdən başqa bir şey deyildir. Dünya şahid olur ki, bütün bunlar, yalan və iftiralar uydurmaqla haray-həşir salan ermənilərin xislətini tam nümayiş etdirən saxta təbliğatdır.
Videoları izləyərkən diqqətimizi çəkən və fikrimizcə, ən əhəmiyyətli məqamlardan biri də döyüş texnikasının sayının çoxluğu və qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin apardığı mühəndis-istehkam işlərinin miqyasıdır. Maraqlıdır, "acından ölən" və "blokadadan əziyyət çəkən", "yeməyə ərzaq tapa bilməyən" ermənilər külli miqdarda dəyəri olan döyüş texnikasını hansı pula, necə alıblar və indi o texnikaları hansı pullar hesabına saxlaya, istismar və təmir edə bilirlər? Nədənsə ermənilərə, qeyri-qanuni silahlı dəstələrə və separatçı rejimə himayədarlıq etməyə çalışan dairələr və regionda baş verən hadisələrlə bağlı reallığı əks etdirməyən açıqlamalar verən beynəlxalq qurumlar və ayrı-ayrı şəxslər bu faktla bağlı ədalətli mövqe nümayiş etdirmirlər.
Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına, yeni qarşıdurmalara səbəb olacağı, sülh danışıqlarına və regionda sabitliyin bərqərar olmasına ciddi təhdidlər yaradacağı barədə Azərbaycanın haqlı tələblərinin dəfələrlə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin aktivliyi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərinin həyata keçirilməsi davam etməkdədir. Lakin beynəlxalq aləm belə qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə heç bir tədbir görmək istəmir. Fikrimcə, bu da beynəlxalq aləmin bölgədə baş verən proseslərlə bağlı ikili standartlar sərgiləməsinin nəticəsidir.
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Ermənistan bölgədə dayanıqlı sabitliyin təmin olunması məqsədilə sülh müqaviləsinin imzalanmasında, sərhədlərin demarkasiya və delimitasiyasında ya maraqlı deyil, ya da xarici qüvvələrin, havadarlarının təzyiqləri səbəbindən bu addımı atmaq iqtidarında deyil.
Hesab edirəm ki, istənilən halda ordumuz hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq ermənilərin gözlənilən təxribatlarının qarşısını almaq məqsədilə adekvat addımlar atmaq, hətta qabaqlayıcı tədbirlər görmək barədə əmrlərin icrasına daim hazır olmalıdır.
İsa İSMAYILOV ehtiyatda olan zabit, hərbi jurnalist