Mövzu: Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasəti
Suallar:
1. Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasətinin formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə və tarixi ədalətin bərpası uğrunda mübarizə.
Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasətinin formalaşması tarixi
Yerləşdiyi coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə "Avrasiyanın dayaq nöqtəsi" kimi xarakterizə olunan, eyni zamanda, tarixən geosiyasi maraqların toqquşduğu bölgə olan Cənubi Qafqaza əsrlər boyu imperialist güclər sahib olmağı hədəfləmiş və bu yolda təhlükəli və "sərfəli" silah kimi başlıca rol oynayan ermənilərdən istifadə etmişlər. Ermənilər ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularına xəyanət etmiş, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar, yeni-yeni ərazilər, var-dövlət qazanmışdır.
"Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni ideoloqlarının uydurduğu "dənizdən-dənizə Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Çar imperiyası XVIII əsrin sonlarından Azərbaycanın Xəzəryanı torpaqlarını işğal etməyə başladı. XIX əsrin əvvəllərində Çar imperiyası I Pyotr erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başlamışdır. Çar imperiyası tərəfindən ermənilərin XIX əsrin ilk qərinəsində Şimali Azərbaycan torpaqlarına köçürülməsində iki mərhələyə ayırmaq olar: 1801-1828-ci il Türkmənçay müqaviləsinədək olan dövr və Türkmənçay müqaviləsindən sonrakı ilk illər.
1801-1828-ci illərdə Çar imperiyası tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi, əzəli Azərbaycan torpaqlarını erməniləşdirmək siyasəti torpaqlarımızın imperiya tərkibinə daxil edilməsi prosesi ilə paralel getmişdi. Çar Rusiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını məğlub etdi. 1805-ci il mayın 14-də Qarabağ, 21-də isə Şəki xanlıqları ilə onların Çar Rusiyasının himayəsinə keçməsi haqqında Kürəkçay müqavilələri imzalandı. Dekabrda isə Şirvan xanlığı ilə belə bir müqavilə imzalandı. 1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü ildə Talış xanlığı imperiyanın tərkibinə daxil edildi. Çar Rusiyası, eyni zamanda, Qacarlar dövləti ilə (1804-1813) apardığı müharibənin sonunda bağlanan Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan torpaqlarını öz tərkibinə qatdı. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov Gəncə, Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarına ermənilərin köçürülməsində xüsusi fəallıq göstərirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha da geniş miqyas aldı.
1804-1813-cü illərdə Çar imperiyası - Qacarlar və elə həmin dövrdə gedən Rusiya - Osmanlı müharibəsi (1806-1812) Çar Rusiyasının Azərbaycan torpaqlarını öz tərkibinə daxil etmək planlarına son vermədi. 1826-cı ildə Çar imperiyası Qacarlar dövləti ilə yeni müharibəyə (1826-1828) başladı. Qeyd edilən müharibə Türkmənçay müqaviləsi ilə nəticələndi və həmin müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da (210 min kv.km. ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya) Çar Rusiyasının nəzarətinə keçdi. Osmanlı dövləti ilə Rusiya arasında aparılan 1828-1929-cu illər müharibəsinin sonunda isə Ədirnə sülh müqaviləsi bağlanıldı.
Müqavilələrə əsasən, Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü. Şimali Azərbaycan əraziləri süni bölgülərə məruz qalaraq Rusiyanın tərkibində müxtəlif inzibati hissələrə parçalandı. Ən son inzibati bölgüyə əsasən Azərbaycan - Bakı, Yelizavetpol, İrəvan quberniyaları və Zaqatala mahalına bölündü.
Ermənistanın 1988-ci ildən etibarən əsassız iddia irəli sürdüyü keçmiş "Dağlıq Qarabağ" ərazisi o vaxt Yelizavetpol quberniyasına daxil idi. İşğal etdiyi ərazilərdə müstəmləkə siyasətini həyata keçirən çarizmin istifadə etdiyi üsullardan biri digər xalqların regionuna köçürülərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi idi. Yerləşdirmədə üstünlük ermənilərə verildi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından, Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan və itaətkar ermənilər bu işə digərlərindən daha münasib idilər. 1828-1830 cu illərdə Cənubi Qafqaza Qacarlar (İran) dövlətindən 40 min və Osmanlı imperiyasından (Türkiyə) 90 minə yaxın erməni Yelizavetpol və İrəvan quberniyasında ən yaxşı torpaqlarda quberniyanın dağlıq hissəsi ("Dağlıq Qarabağ") və Göyçə gölünün sahillərində məskunlaşdırıldı.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin ikinci yarısında oldu. Osmanlı dövlətinin ərazisində hökumət əleyhinə baş verən qiyam yatırıldıqdan sonra "Daşnaksütyun" və digər erməni təşkilatları tərəfindən daha 35-60 min erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşma nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 100 min erməni yaşayırdısa, 1886-cı ildə onların sayı 259 min nəfərə çatdırıldı. Erməniləri yerləşdirməklə çarizm Cənubi Qafqazda etnik-milli ziddiyyətlərin, münaqişələrin və axıdılan qanların toxumunu səpdi. "Hnçak" (Zəng), "Daşnaksütyun" (İttifaq) və s. terror təşkilat və komitələri quruldu. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında tarixdə heç bir zaman olmayan "Böyük Ermənistan" ideyası ermənilər üçün uyduruldu. Mövqeləri möhkəmlənən ermənilər yerli xalqlara düşmən münasibəti bəsləyərək onları sıxışdırmağa başladılar. Sosial-iqtisadi, siyasi, milli və dini ziddiyyətlər yarandı.
Çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin Qacarlar (İran) və Osmanlı (Türkiyə) dövlətlərindən qoparılan torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi. Bu münasibətlərin əsasını yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə və tarixi ədalətin bərpası uğrunda mübarizə
Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı. Ermənilərin yerli əhaliyə nifrəti böhranlı anlarda açıq düşmənçiliyə çevrildi. 1905-1907-ci illər Rusiyada baş vermiş inqilabın gedişində çarizmin təhriki ilə erməni-azərbaycanlı qırğınları (İrəvan) törədildi. "Daşnaksütyun"un yaratdığı erməni xüsusi silahlı dəstələri Bakıda, Qarabağda və digər ərazilərdə azərbaycanlıların soyqırımlarını törətdilər.
Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi və törətdikləri kütləvi qırğınlarda növbəti mərhələ Birinci Dünya müharibəsi illəri oldu. Çarizm müharibə illərində "Türkiyədə yaşayan qardaşlarının azad edilməsi" şüarı altında erməni silahlı dəstələrini Osmanlı ərazisi, Cənubi Azərbaycan və Cənubi Qafqazda formalaşdıraraq Rusiya ordusunun cərgələrinə qəbul etdilər. Bu dəstələr Anadoluda və Cənubi Azərbaycanda dinc türk əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Müharibə illərində (1915) Türkiyədən gətirilmiş 100 min, İrandan 120 min erməninin Cənubi Qafqaza məskunlaşdırılması yenə də azərbaycanlılara məxsus torpaqlarda həyata keçirildi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ildə İrandan və Türkiyədən Eçmiadzinə köçürülən ermənilərin sayı 60 mindən çox idi. Həmin illərdə İrəvan quberniyasına 120 min, Şuşa və Cavanşir qəzalarına 25 min erməni yerləşdirildi.
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində, milliyyətcə erməni olan Stepan Şaumyanın başçılıq etdiyi bolşevik hakimiyyəti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Erməni millətçiləri həmin vaxt etiraf edirdilər ki, Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində, həmin ordu Erməni Milli Şurasına tabe idi. Belə vəziyyətdən istifadə edərək Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu dəhşətli soyqırımı nəticəsində 1918-ci il ərzində 40 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Çar Rusiyasının süqutunun ardınca İrəvan quberniyasının ərazisində erməni dövləti yaradılmış, Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş və nəticədə ermənilərin zəbt etdiyi ərazilər 9 min kv. km.-dən 29,8 min kv. km.-ə çatdırılmışdır.
Hal-hazırda Ermənistan adlandırılan ərazilərdə ata-baba torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlılara muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə keçmiş "Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıldı. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açılmış oldu və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyuldu.
Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci illərdə olduğu kimi,1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olublar.
Nəhayət, son sıxışdırma və təcavüz dalğası XX əsrin sonlarında başladı. 1988-1994-cü illərdə erməni millətçilərinin məskunlaşdıqları ərazilərdə "Böyük Ermənistan" yaratmaq istəkləri Azərbaycan xalqının əzəli torpaqlarından qovulmasına və kütləvi insan itkilərinə məruz qalması ilə nəticələndi. Əsrin əvvəllərində olduğu kimi, sonlarında da ermənilərin azərbaycanlılara qarşı ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımını - Xocalı faciəsini törətdilər. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Bağanis-Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalı haqqında demişdir: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Qüdrətli Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalq 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, illərin həsrətini sonlandırdı, düşmənə sarsıdıcı zərbə vurdu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin illər öncə dediyi sözləri təsdiqlədi.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi