Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı silsilə tədbirlər davam edir. Növbəti tədbir Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Nadir Alış oğlu Əliyevə həsr olundu. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları və başqa qonaqlar iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifasından sonra mərasim açıq elan olundu.
Əvvəlcə şəhid qəhrəmanın həyatından və keçdiyi döyüş yolundan bəhs edilən qısametrajlı videoçarx nümayiş olundu.
Bildirildi ki, baş leytenant Nadir Əliyev 30 iyun 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Bakı Politexnik Texnikumuna qəbul olub və texnikumu fərqlənmə ilə bitirib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra Moskva şəhərində Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb. 1991-ci ildə "leytenant" rütbəsində Bakıya qayıtdıqdan sonra təmsil olunduğu nazirlikdən Qarabağ bölgəsinə göndərilməsini qətiyyətlə xahiş edib. 1992-ci ildə Sırxavənd, Bəşirlər, Qazançı, Qaraşlar, Kiçan kəndlərinin düşməndən azad edilməsində leytenant Nadir Əliyevin də xüsusi əməyi olub. Sırxavənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin şəhid olması xəbərindən Nadir Əliyev çox sarsılır. O, son damla qanınadək düşmənlə döyüşəcəyinə söz verir.
Tədbirdə çıxış edən şəhid Milli Qəhrəmanın qardaşı Nazim Əliyev onun uşaqlıq və məktəb illərindən xatirələr danışdı: "Nadir zamanında orta məktəbdə ona dərs demiş müəllimlərini biliyi, fitri istedadı ilə heyrətləndirə bilib. Ağdamın müdafiəsində könüllülərlə erməni silahlı dəstələrinə qarşı qətiyyətlə döyüşüb. Nadir sanki Vətən üçün doğulmuşdu. O deyirdi ki, düşmən ancaq mənim meyitimin üstündən keçib Ağdama girə bilər. "Düşmənə heç vaxt Ağdama girməyə imkan vermərəm". 22 iyul 1993-cü ildə Nadirin şəhid olması barədə xəbər aldıq. Bir gündən sonra isə Ağdam işğal olundu".
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra baş leytenant Nadir Alış oğlu Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
"Zəfər yolu" kitabının müəllifi Azər Hacıbəyli bildirdi ki, Nadir haqqında ona ilk dəfə "Azərbaycan Bayrağı" ordenli, Əməkdar jurnalist Baxşeyiş Hətəmov deyib. Müəllif Nadir Əliyevin keçdiyi şərəfli döyüş və həyat yoluna nəzər salaraq onu əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə bənzədib. Nadir bir neçə əcnəbi dil bilib. Onun fitri istedadı hər kəsi heyrətləndirib. Canından artıq sevdiyi Qarabağı, Ağdamı düşməndən müdafiə etmək üçün ermənilərə qarşı qətiyyətlə döyüşüb. Düşmən arxasına keçərək çoxlu silahlı qulduru məhv edib. Hətta bir neçə dəfə də erməni silahlısını əsir götürüb. Onun qəhrəmanlıqları gənclərə təbliğ olunacaq qədər önəmli olduğu üçün natiqi "Zəfər yolu" poemasını yazmağa ruhlandırıb.
Baş leytenant Nadir Əliyevin döyüş yoldaşları - Baxşeyiş Hətəmov, Ağalar Əliyev, Elşad Əliyev, Sücəddin Abdullayev və başqaları xalqımızın qəhrəman oğlu haqqında öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin gənc solistləri hərbi vətənpərvərliyi tərənnüm edən mahnılar ifa etdilər.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"