Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2023 14:37

Şəhidin anım mərasimi keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində İkinci Qarabağ müharibəsi şəhid zabiti, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, dostları, xidmət və döyüş yoldaşları iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbir iştirakçılarına şəhidin həyat və döyüş yoluna həsr olunan videoçarx nümayiş olundu. Tədbirdə iştirak edənlər Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyev haqqında ətraflı məlumatlarla çıxış etdilər.
Bildirildi ki, o, 1980-ci il avqustun 28-də Kəlbəcərdə müəllim ailəsində dünyaya göz açıb. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. Məzun olduqdan sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib.
Anası Səkinə xanım dedi ki, o, ailənin sonbeşiyi idi. "Uşaqlığından xarakterinə görə yaşıdlarından çox fərqlənirdi. Ermənilərin evlərimizi dağıdıb doğma torpaqlarımızı viran qoyması ona pis təsir edirdi. Bu qisası almaq arzusuyla hərbçi olacağını bildirdikdə atası əvvəlcə razı olmadı. Ancaq o, fikrindən dönməyərək hərb peşəsini seçib haqq yolunda qəhrəman oldu".
Şəhidin atası Vaqif Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. "Oğlumun ailəsini ev və işlə təmin edərək övladlarının təhsil alması üçün əllərindən gələni etdilər. Bu gün Anar həyatda olmasa da, ruhu bizlərlədir. Allah bütün şəhidlərimizə rəhmət etsin".
"Atam bizə qarşı hər zaman diqqətli davranardı. Qardaşım Əlinin və mənim dərslərimizlə maraqlanaraq başa düşə bilmədiklərimizi izah etməyə çalışardı. İndi onu yanımızda görə bilməsək də, əminik ki, o, hər zaman bizim yanımızdadır.." - şəhidin qızı Nigar Əliyeva dedi.
Xidmət yoldaşı ehtiyatda olan general-mayor Teymur Eyyubov isə bildirdi ki, Anar cəsur və mərd zabit idi. "Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı bölmələrində xidmət edirdi. 2018-ci ildə keçirilən və uğurla başa çatan Günnüt əməliyyatında o da iştirak edərək döyüşlərdə fərqlənmişdi. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində ön cərgələrdə gedənlər sırasında Anar da var idi. O, bir sıra əhəmiyyətli qələbələrin əldə edilməsində tabeçiliyində olan şəxsi heyətlə fəal iştirak edib. Oktyabrın 21-də gərgin döyüşlər zamanı Anar şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq o, "Vətən Müharibəsi Qəhrəmanı" adına, eləcə də "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görüldü".
Daha sonra çıxış edənlər ehtiyatda olan polkovniklər Mirqiyas Rüstəmov, Etibar Məhərrəmov, ehtiyatda olan mayor Sahib Əsgərov ailəsinə başsağlığı verərək Allahdan rəhmət dilədilər.
Sonda yazıçı və şair Əli Həsənov şəhidə həsr etdiyi "Əfsanəvi kəşfiyyatçı" kitabını tədbir iştirakçılarına təqdim etdi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirdilər.

Hüsniyyə NƏSİROVA"Azərbaycan Ordusu"