Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük islahatlar aparılır, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur. Yaradılan bu cür şərait gənclərin orduya qarşı münasibətini tamamilə dəyişir. Azərbaycan gəncləri belə güclü və yüksək səviyyədə təminatı olan ordunun əsgəri olmaq, Vətənimiz qarşısında övladlıq borcunu həvəslə yerinə yetirməyə can atırlar. Ordu sıralarında xidmət edən şəxsi heyət isə gündən-günə döyüş, atəş, fiziki və mənəvi-psixoloji hazırlıqlarını artırır.
Müdafiə Nazirliyinin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçularla mütəmadi olaraq görüşür, onların qayğıları ilə maraqlanır və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olur.
Ordumuzda xidmət edən hərbi qulluqçuların xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılması onların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynayır. Qeyd edək ki, Müdafiə Nazirliyinin rəhbərliyi bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə, həmçinin şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasına xüsusi önəm verir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda aparılan islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı inkişaf edir, silah arsenalı daha da zənginləşir, xidməti döyüş fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi məqsədilə tədbirlər görülür, eləcə də əsgərlərin sosial-məişət şəraiti daha da yaxşılaşdırılır.
Döyüş növbətçiliyi aparan şəxsi heyət göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirir.
"Azərbaycan Ordusu"