Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2023 14:37

Vətən müharibəsi Zəfər tariximizdir!

Son 30 ildə Azərbaycanın həlli vacib əsas məsələlərindən biri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması idi. Ərazilərimizin separatçı qüvvələr tərəfindən işğalı, bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarından ayrı düşməsi, hər bir azərbaycanlının düşmənə olan nifrətinin alovlanması ilə nəticələnmişdi. Xalqımız doğma yurdlarına dönəcəyinə həmişə inanırdı, çünki ərazi bütövlüyümüzün bərpası bizim şərəf məsələmiz idi. Uzun müddət nəticəsiz qalan danışıqlar, dünyanın aparıcı ölkə, beynəlxalq qurum və təşkilatlarının ikili standartlara yanaşması və nəticəsiz danışıqlara üstünlük verməsi yalnız ədalətin bərqərar olunmasında itirilmiş zaman oldu.
Azərbaycan xalqının səbrinin sonsuz olmadığını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdı. Nəhayət, hər bir azərbaycanlının qəlbində nisgilə çevrilmiş Qarabağ həsrətinə 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan haqq savaşında son qoyuldu. Hər günü bir ömrə bərabər olan 44 günlük Vətən müharibəsindən günlərlə, aylarla, hətta illərlə belə danışmaq olar. O günləri ifadə etmək üçün sözlər kifayətsizdir. Əsas olan tarixi ədalətin bərpası idi ki, bunu da Azərbaycan əsgəri canı və qanı bahasına təmin etməyi bacardı.
İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə başa çatdıqdan sonra Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə yönəlik fəaliyyətlər bu gün də uğurla davam etdirilir. Belə ki, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi, arsenalımızın müasir standartlara cavab verən silah və texnikalarla zənginləşdirilməsi bu gün dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardandır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətinin artırılması məqsədilə bu gün ordumuzun dünyanın aparıcı orduları sırasında olan qardaş Türkiyə ordusunun modelinə inteqrasiyası istiqamətində də mühüm işlərə imza atılır. Görülən işlərdən biri də Azərbaycan Ordusunda yeni komando (əməliyyat) bölmələrinin yaradılmasıdır ki, bu bölmələrdə xidmət edən hərbi qulluqçular Türkiyədə və ölkəmizdə təşkil olunan təlim kurslarını uğurla başa vurduqdan sonra xidmətlərini komando olaraq davam edirlər. Sevindirici haldır ki, bu gün ordumuzun sıralarında minlərlə gənc komando olaraq Vətənə olan borclarını şərəflə yerinə yetirirlər.
Quru Qoşunlarının "N" hərbi hissəsindəyik. Şəxsi heyət "Həyəcan" siqnalı ilə qaldırıldıqdan və zəruri hərbi təchizatını götürdükdən sonra hərbi avtomobillərlə şərti əməliyyat rayonuna doğru yola düşdülər. Təlimin plan-ssenarisinə əsasən şərti düşmən tərəfindən törədilən təxribatın qarşısını almaq, terror qruplaşmalarını zərərsizləşdirmək, onları ələ keçirmək və digər mühüm tapşırıqlar yerinə yetiriləcəkdi. İlk öncə zabit Vüsal Abbasəliyevlə həmsöhbət olduq. "Komando ordumuzun daxilində hədəfə birbaşa istiqamətlənmiş ən önəmli bölmələrdən biridir. Komandolar ən çətin və yenilənmiş hərbi təhsili dərindən mənimsəmiş hərbi qulluqçulardan təşkil olunur. 44 günlük haqq savaşımız başa çatdıqdan sonra, real döyüş təcrübəsi qazanmış hərbçilərimiz öz nəzəri və praktiki biliklərini artırmaq üçün komando kurslarında iştirak edib, öz peşəkarlıqlarını yüksəldiblər. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra mühüm tapşırıqların, düşmən təxribatının qarşısının alınması fəaliyyətlərinin icrasında komandolar yüksək peşəkarlıq nümayiş etdirib. Komando necə olmalıdır? Komando operativ, çevik, dəqiq qərarvermə qabiliyyətiylə yanaşı, yüksək fiziki və mənəvi-psixoloji hazırlığa malik olmalıdır. Əsl komando çətin relyefdə və iqlim şəraitində dözümlü olmalı, günün istənilən vaxtında əməliyyat tapşırıqlarını yerinə yetirməyə hazır olmalı və bacarmalıdır.
Onu da qeyd edim ki, bölməmizin şəxsi heyətinin atəş, taktiki, fiziki və mənəvi-psixoloji hazırlığı daim nəzarətdə saxlanılır. Bunun üçün də bölmənin şəxsi heyəti iştirak etdiyi müxtəlif miqyaslı təlimlərdə, çöl dərslərində, idman yarışlarında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirirlər. Azərbaycan Ordusunun komando bölmələrinin döyüşaparma qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir. Bizlər də tabeliyimizdəki şəxsi heyətin təcrübəli, bilikli və yüksək döyüş ruhuna malik fərd kimi formalaşmasında əlimizdən gələni əsirgəmirik. Çünki hər bir komandirin üzərinə düşən vəzifə, tabeliyindəki hərbçilərin yüksək peşəkarlıq nümayiş etdirərək uğur qazanmasını təmin etməkdir", - deyən zabit fikrini tamamladı.
Söhbət əsnasında öyrəndim ki, Vüsalın atası (ehtiyatda olan polkovnik-leytenant) Azər Abbasəliyev və qardaşı (baş leytenant) Bahəddin Abbasəliyev də hərbçidirlər.
Gənc zabitlə təlim tapşırıqlarının icrasını izlədik. Bölmənin şəxsi heyəti qarşıya qoyulan tapşırıqların icrasını peşəkarlıqla yerinə yetirdi. Bu da onların yüksək döyüş hazırlığından xəbər verirdi. Komandolar çətin relyefli ərazidə maneələr zolağının keçilməsi, terror qruplaşmalarına zərər vurmaq və onları ələ keçirmək üzrə tapşırıqları yerinə yetirdilər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elcan Hüseynov keçirilən məşqin məqsədini bizim diqqətimizə çatdırdı. "Bildiyiniz kimi, komandoların təlimləri çətin və müxtəliftipli olurlar. Qabaqcıl təcrübələri nəzərə alaraq, təşkil olunan dərs və məşğələlərdə, təlim və toplantılarda hər bir komando nəfəri öz ixtisas biliklərinin həm nəzəri, həm də praktiki incəliklərinə yiyələnir. Hədəfi aşkaretmə və vəziyyətin qiymətləndirilməsinə əsasən planlaşdırma fəaliyyəti nəzərdən keçirilir və tapşırıq icra olunur. Hazırkı təlim-məşqin keçirilməsində əsas məqsəd komando bölmələrinin döyüş hazırlığını yüksəltmək məqsədilə şəxsi heyətin taktiki vərdişlərini təkmilləşdirməkdir. Komando olmaq insandan polad iradə, dözümlülük və yüksək fiziki bacarıq tələb edir. Biz komando heyəti olaraq komandirlərimizin rəhbərliyi altında müxtəlif hava şəraitində, çətin relyefə uyğun qurulmuş təlim-məşq komplekslərində tapşırıqları icra edirik. Çünki real döyüş şəraitində döyüşaparma qabiliyyətinə təsir edən amillər məhz yuxarıda sadalanan şərtlərdir", - Elcan fikrini tamamladı. Müsahibim 44 günlük haqq savaşının da iştirakçısı olan real döyüş təcrübəsinə malik hərbi qulluqçularımızdandır. Döyüşlər zamanı nümayiş etdirdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Samir Hümmətov da İkinci Qarabağ müharibəsində iştirak etmiş və nümunəvi xidməti ilə fərqlənən hərbçilərimizdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
"Komando olmaq, cəsur olmaqdır, məğlubedilməz olmaqdır, qalib olmaqdır. Qalib Azərbaycan Ordusunun sıralarında xidmət etmək qürurvericidir. Vətən müharibəsi bizim Zəfər tariximizdir. Bu tarixin bir parçası olmaq mənim yaşam müddətimdə həyatımın ən böyük məfhumudur. Çünki qazanılan qələbə ilə uzun illər işğalda olan torpaqlarımızı azad etdik, şəhidlərimizin qisasını aldıq, doğma yurdlarından uzaq düşmüş soydaşlarımızın qəlbindəki Vətən həsrətinə son qoyduq. Doğma torpaqlarımızın işğaldan azad olunmasında canını qurban vermiş şəhidlərimizi ehtiramla anırıq. Hər birimiz 44 günlük haqq savaşında yüksək döyüş ruhu ilə irəlilədik. Biz irəlilədikcə mənfur düşmən geriləyirdi. Hər günü bir tarix olan Vətən müharibəsi Azərbaycan əsgərinin ədalət mübarizəsi idi. Döyüş meydanında olanların döyüş ruhu, xalqımızın duası, Ali Baş Komandanın qətiyyəti ilə qazandığımız Böyük Qələbə bütün dünyada səs saldı. Çünki 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan düşməni məhv etmək üçün Azərbaycan əsgərinə cəmi 44 gün vaxt lazım oldu. 44 gün bir insan üçün qısa müddət ola bilər, lakin bir döyüşçü üçün savaşda zaman amili yoxdur. Əmr, tapşırıq var və onun icrası. Komandirlərimizin bizə böyük ruh yüksəkliyi aşılaması, bizi qələbəyə ruhlandırması, bizi döyüş meydanında məğlubedilməz döyüşçüyə çevirdi. Hər birimiz irəliləmək, tarixi yurd yerlərimizdən düşməni təmizləmək barədə düşünürdük. Şükürlər olsun ki, bu gün həmin Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Bu, Azərbaycan əsgərinin gücünün göstəricisidir. Ədalət nümunəsidir. Bizə ata-babalarımızdan miras qalan Vətənin hər qarışı uğrunda qan tökülüb, can verilib. Bu günün Vətən müdafiəçiləri olaraq da üzərimizə düşən ən böyük vəzifə sələflərimizdən bizə qalan əmanəti göz bəbəyimiz kimi qorumaqdır", - Samir Hümmətov dedi.
Təlimdə fəal iştirak edən hərbi qulluqçularımızdan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Davud Qurbanov idi. Davud da İkinci Qarabağ müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Üzərinə düşən məsuliyyəti dərindən dərk edən Davud söhbətə başladı: "Komando adını daşımaqdan şərəf duyuram. Peşəmə və içdiyim Hərbi Anda sadiqəm. Vətənim Azərbaycana, onun xalqına və Ali Baş Komandana bağlıyam. Üzərimə düşən məsuliyyəti də dərindən anlayıb öz hərbi biliklərimi və bacarıqlarımı təlim, məşq və məşğələlərdə artırıram. Biz komandolar havada, suda, quruda, bir sözlə, Vətən hüdudlarının hər bir nöqtəsində onu qorumağı qarşımıza məqsəd qoymuşuq. Biz qoruyuruq ki, gələcək nəsil onu bizdən təhvil alsın. Qoruyuruq ki, xalqımız firavan yaşasın. Vətəni qoruyaq ki, çiçəklənsin. Bayrağımız daim zirvələrdə olsun. Xalqımız bilsin ki, ərazi bütövlüyümüzün keşiyində inamla dayanırıq.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"
fotolar C.CƏFƏROVUNDUR